Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər nə qədər sığorta haqqı ödəməlidirlər?

730

Əmək Məcəlləsinin 307-ci maddəsinə əsasən işçilərin sosial sığorta olunması prinsipləri və bununla bağlı  digər münasibətlər Əmək Məcəlləsi ilə, “Sosial sığorta haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının qanunları və onların əsasında qəbul edilmiş başqa normativ hüquqi aktlarla tənzimlənir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən sığorta olunmuş hər bir işçiyə qanunvericiliyə müvafiq olaraq tərtib edilmiş dövlət sosial sığorta şəhadətnaməsi verilir. Həmin sığortaolunanlar isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Son vaxtlar vətəndaşların bununla bağlı maraqlarını nəzərə alaraq,  sığortaedənlərin və sığortaolunanların hansı qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Gəlirlər şöbəsinin müdiri Əli Həsənovun NUHÇIXAN-a  verdiyi müsahibəni təqdim edirik.

-Əli müəllim, sosial sığorta nədir və sosial sığortanın iştirakçıları   kimlərdir?

-Sual üçün çox sağ olun. Sosial sığorta – “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta fondlarını idarə edən hüquqi şəxslərdir. Sığortaedənlər Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar isə xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir.

– Bəs məcburi dövlət sosial sığorta haqqı dedikdə nə başa düşülür?

-Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir.

Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir.

-Əli müəllim, məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər nə qədər sosial sığorta haqqı ödəməlidirlər?

-Sığortaedənlərin və sığortaolunaların Dövlət Sosial Müdafiə Fonduna ödəməli olan məcburi dövlət sosial sığorta haqlarının məbləğləri “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində öz əksini tapıb. Belə ki,

-Seçkili orqanlar və mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, habelə başqasını sosial sığorta edən şəxslər üçün—hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 22 faizi miqdarında;

-Ev təsərrüfatında muzdlu işçilərin (ev qulluqçusu, dayə, şəxsi katibə, sürücü və s.) əməyindən istifadə edən şəxslər üçün — hesablanmış əmək haqqının 20 faizi miqdarında;

– Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; dövlət qulluqçuları; seçkili ödənişli vəzifələrdə işləyənlər; hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri; əmək müqaviləsi (kontraktı) ilə işləyənlər, üçün — hesablanmış əmək haqqının 3 faizi miqdarında;

– Vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst auditorlar, sərbəst mühasiblər üçün — gəlirlərinin 20 faizi miqdarında;

– Müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla — hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;

– Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üçün (sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) ödəmə mənbəyindən tutulmaqla — gəlirlərin 25 faizi miqdarında;

– Xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə və ya fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan və həmin ölkələrdə məcburi dövlət sosial sığorta haqqı ödəməyən Azərbaycan Respublikasının vətəndaşları üçün—ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 80 faizi.

-Ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının (hal-hazırda 130,00manat), 50 faizi məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 20 faizi məbləğinin Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, respublika tabeli digər şəhərlərdə 80 faizi, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

-Ailə kəndli təsərrüfatının hər bir üzvü üçün ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər.

– Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə (hüquqi şəxs yaradanlardan, ailə kəndli təsərrüfatı üzvlərindən başqa) əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) torpaq sahəsinin hər hektarına görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının torpaqların 1-ci keyfiyyət qrupu üzrə 12 faizi yəni 15 manat 60 qəpik məbləğində, torpaqların 2-ci keyfiyyət qrupu üzrə 8 faizi yəni 10 manat 40 qəpik məbləğində, torpaqların 3-cü keyfiyyət qrupu üzrə 4 faizi yəni 5 manat 20 qəpik məbləğində, torpaqların 4-cü keyfiyyət qrupu üzrə 2 faizi yəni 2 manat 60 qəpik məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Qeyd etmək lazımdır ki, əmək qabiliyyətli şəxslər dedikdə, I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür.

– Əli müəllim, son olaraq bilmək istərdim, sosial sığorta ilə əlaqədar sosial sığortanın iştirakçıları arasında hər hansı bir mübahisə yaranarsa bu hal qanunvericilkdə necə tənzimlənir və sosial sığorta qanunvericiliyinin pozulmasına görə kimlər məsuliyyət daşıyırlar?

 -“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, sosial sığorta ilə əlaqədar sığortaedənlə sığortaolunan arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, sığortaçı ilə sığortaedən arasında yaranan mübahisələrə isə bilavasitə məhkəmələrdə baxılır. Bu Qanunun normalarının pozulmasına görə təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Ətraflı müsahibə üçün çox sağ olun.

NUHÇIXAN

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: