Külli miqdarda pirat dərs vəsaitlərinin və test toplularının satışında şübhəli bilinən şəxslər saxlanılıblar

868

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarələrinin Dövlət İmtahan Mərkəzindən daxil olmuş müraciət əsasında həyata keçirdikləri birgə istintaq-əməliyyat tədbirləri nəticəsində özgənin əmtəə nişanından qanunsuz istifadə etməklə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda pirat dərs vəsaitləri gətirərək satışını təşkil edən mütəşəkkil dəstə üzvlərinin qanunazidd əməlləri ifşa olunub.

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətlərinin NUHÇIXAN-a daxil olan birgə məlumatında bildirilir ki, başlanmış cinayət işi üzrə keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Şahmar Abdullayevin rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvləri tərəfindən Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalı redaksiyasının və digər nəşriyyat qurumlarının əmtəə nişanlarından qanunsuz istifadə etməklə orijinal kitabların nümunələrindən keyfiyyətinə görə fərqlənən külli miqdarda pirat dərs vəsaitləri və test toplularının müxtəlif vaxtlarda ölkə hüdudlarından kənarda nəşr olunaraq, həmin məhsulların Azərbaycan Respublikasının gömrük nəzarətindən düzgün bəyan etməməklə keçirilməsi və respublika ərazisində satışının təşkil olunmasına əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı Şahmar Abdullayevə, Şirzad Abdullayevə, Faiq Məmmədova, Xanlar Qocayevə, Fəzail Qocayevə, Musurza Aslanova və Səfər Dünyamalıyevə Cinayət Məcəlləsinin 197.2-ci (külli miqdarda ziyan vurmaqla əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.4-cü (qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarına əsasən həbs qətimkan tədbiri seçilib.

Bakının müxtəlif ünvanlarında keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı 510 min manat dəyərində pirat dərs vəsaitləri və test topluları aşkarlanaraq götürülüb.

Hazırda cinayət işi üzrə həmin qanunsuz əməlləri törətmiş təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları və pirat məhsulların dövriyyədən tam çıxarılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: