Koreya Respublikası prezidentinin xüsusi nümayəndələri KXDR-ə səfər edəcəklər

115

Koreya Respublikası Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Çunq Euy-yonq və ölkənin Milli Kəşfiyyat Xidmətinin rəhbəri Suh Hun dövlət başçısı Mun Ce-inin xüsusi nümayəndələri qismində gələn həftə Koreya Xalq Demokratik Respublikasına səfər edəcəklər.

Səfərin məqsədi Koreya yarımadasında sülhün təminatı yollarını və iki ölkə arasında münasibətlərin inkişafını müzakirə etmək, habelə KXDR ilə ABŞ arasında dialoqun bərpasına dəstək verməkdir.

Koreya Respublikası birləşmə nazirinin müavininin və Prezident ofisinin digər rəsmilərinin da daxil olacağı nümayəndə heyəti iki günlük səfər üçün Seuldan xüsusi reyslə birbaşa Pxenyana uçacaq. Nümayəndə heyətinin səfəri iki ölkə arasında son vaxtlar müşahidə olunan yaxınlaşmanın davamıdır. Ötən ay Koreya Respublikasının Pxençan şəhərində təşkil olunan Qış Olimpiya Oyunlarının açılış mərasiminə KXDR lideri Kim Çen Inın bacısı Kim Yo-conq və ölkənin Ali Xalq Məclisi rəyasət heyətinin sədri Kim Yonq-nam iştirak etmişdilər. KXDR nümayəndə heyətinin Koreya Respublikasının dövlət başçısı ilə görüşündə Kim Çen Inın Pxenyana dəvət məktubu prezident Mun Ce-inə təqdim olunmuşdu.

Koreya Respublikası nümayəndə heyəti Pxenyana səfər zamanı prezident Mun Ce-inin məktubunu Şimali Koreya lideri Kim Çen Ina təqdim edəcək. Əgər Kim Çen In Koreya Respublikası nümayəndə heyətini qəbul edərsə, bu, onun cənubdan olan rəsmi nümayəndə heyəti ilə ilk görüşü olacaq.

Qeyd edək ki, 1950-1953-cü illərdə Koreya müharibəsindən sonra iki tərəf texniki olaraq müharibə vəziyyətindədir. Belə ki, müharibə yekun sülh sazişi ilə deyil, sadəcə atəşkəs müqaviləsi ilə başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: