Kimlər güzəştli şərtlərlə əmək pensiyası ala bilər

792

Əmək pensiyaları haqqında Azərbaycan  Respublikasının  Qanununa əsasən ölkəmizdə  yaşayan  vətəndaşların  pensiya yaşından əvvəl güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. Qanunvericilyə uyğun olaraq bəs kimlər güzəştli şərtlərlə pensiya ala bilərlər?

Bununla bağlı NUHÇIXAN-ın suallarını Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun  Aparatının məsləhətçi-hüquqşünası Hürü Məhərrəmli cavablandırır.

-Hürü xanım,  güzəştli şərtlərlə əmək pensiyası hüququ kimlərə şamil edilir?

-“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanlar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ala bilərlər. Burda kişilər və qadınlar üçün ayrı-ayrı müddəalar nəzərdə tutlub. Belə ki, bu kateqoriyaya aid olan  kişilər  60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə işlədikdə və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə uyğun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqlarına malik olurlar. Qadınlar da isə  55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığortası ilə bağlı yuxarıda qeyd etdiyimiz şərtlərə uyğun olaraq bu hüquqdan istifadə edə bilərlər. O cümlədən,

hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar) və mütənasibliyi pozulmuş cırtdanboylar – kişilər 47, qadınlar  42 yaşına çatdıqda və həmin
şəxslərin azı 5 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar.

-Bəs güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələrin siyahısı hansı qanunvericilik aktında öz əksini tapmışdır?

-Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapıb.

– Qanunvericilikdə başqa kimlərin güzəştli şərtlərlə əmək pensiyası hüququ var?

Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışan kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır.

  Həmçinin prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri, yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin də yaşa görə əmək pensiyası hüququ vardır.

Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular, hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin və hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır.

Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri, cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilər: kişilər—60 yaşına çatdıqda və ümumi əmək stajı 30 ildən az olmamaqla, bu stajın azı 15 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə, qadınlar—55 yaşına çatdıqda və ümumi əmək stajı 25 ildən az olmamaqla, bu stajın azı 12 il 6 ayını məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə onların yaşa görə əmək pensiyası hüququ vardır.

Miqrasiya və fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan işçilərin yaşa görə əmək pensiyası hüququ vardır.

-Güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranan vətəndaşlar əmək pensiyası təyinatı üçün nə etməlidirlər?

-Güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranan vətəndaşlar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda nəzərdə tutulmuş müvafiq təsdiqedici sənədlərlə birlikdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına müraciət edə bilərlər. Əlavə olaraq bildirilir ki, vətəndaşları maraqlandıran suallar üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı da xidmət göstərir.

– Müsahibə üçün çox sağ olun.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: