İyunun 10-da Azərbaycan dili fənni üzrə növbəti imtahan keçiriləcək

224

İyunun 10-da qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili fənnindən test imtahanı keçiriləcək. İmtahan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarına əsasən təşkil olunacaq.

DİM-dən NUHÇIXAN-a bildirilib ki, Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 4 imtahan mərkəzində aparılacaq imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. Abituriyentlər imtahana “imtahana buraxılış vərəqəsi”, şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər. Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər icazə vəsiqələrini və pasportlarını, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və icazə vəsiqələrini, respublikamızda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu alanlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoları yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.

İmtahanda abituriyentlərə 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Ali təhsil müəssisələri və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı ilə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı məzmun baxımından bir-birindən fərqlənir.

İmtahanda iştirakı nəzərdə tutulan (9 illik və 11 illik təhsil bazasında ) 1359 abituriyentdən 691-i oğlan, 668-i isə qızdır. İmtahanda iştirakı nəzərdə tutulan abituriyentlərdən 976-sı orta ümumtəhsil müəssisələrinin builki, 383-ü isə əvvəlki illərin məzunlarıdır. Ümumilikdə Bakıda 1354, Naxçıvanda isə 5 abituriyentin imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri, 108 nəzarətçi-müəllim ayrılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: