İnsanlıq testi

1. 009

Yaşadığımız dünyada yaxşı insan olmaq az qala sadəlöhvlük kimi qəbul edilir. Halbuki yaxşı insan olmaq həm şəxsiyyətin, həm də  cəmiyyətin  sağlam ruh halına sahib olması deməkdir.

Əslində yaxşı insan olmaq üzərində çalışaraq inkişaf etdiriləcək bir dəyərdir. Gözəl  insan olmağın ən təməl özəlliyi vicdanlı, mərhəmətli, sədaqətli olmaqla bərabər  başqalarını təmənnasız sevmək və dəyər verməkdir. Başqalarını sevə bilmək bacarığı insan olmağın əsas  şərtlərindəndir. Gözəl insan xüsusiyyətlərinin ən önəmlisi isə dürüst  və ədalətli olanıdır. Bunlar biri-birini tamamlayan xüsusiyyətlərdir.   Düzgün və doğru düşüncə tərzinə sahib insan  özünə rəva bilmədiyini başqalarına da rəva bilməz. İnsanı insan edən mənəvi dəyərləridir. Mənəvi dəyərləri olmayan birisi insan adının xüsusiyyətlərini daşımır deməkdir. Bir insanın başqa bir canlıdan fərqi  ağlı və düşüncə bacarığıdır. “İnsan” adına layiq  olmaq üçün  vicdanlı, ədalətli, mərhəmətli, sədaqətli, əxlaqlı, ağıllı, düşüncəli, səmimi, dürüst, xoşniyyətli, əliaçıq, vətənpərvər, empatiya qura bilən və s. xüsusiyyətlərə sahib olunması əsas şərtdir. Ən əsası isə odur ki hər zaman insan olmağımızın məsuliyyətinin və tələblərinin  fərqində olaq.

İndi isə gəlin  “İnsanlıq testi”-mizə bütün səmimiyyətimizlə cavab verməyə cəhd edək:

-Qalibiyyəti və məğlubiyyəti, uğuru və uğursuzluğu, qazancı və zərəri eyni təmkinlə  qarşılaya bilirsinizmi?

-Din, dil, irq və rəng  ayrımı etmədən bütün insanlara eyni tərzdə yanaşa bilirsinizmi?

– Gözləmədiyiniz çətinliklərlərlə qarşılaşdığınız zaman və ən çətin  anlarınızda belə şükr edə bilirsinizmi?

-Ürəyinizi daim həyata və insanlara sevgi ilə aça bilirsinizmi?

– Özünüz üçün arzuladığınızı  başqaları üçün də istəyə bilirsinizmi?

– Sizə mərhəmət etməyənə, siz mərhəmət edə bilirsinizmi?

– Səhv etdiyinizdə heç çətinlik çəkmədən üzr istəyə bilirsinizmi?

– Lazım gəldikdə öz mənfəətinizdən keçib insani dəyərləri üstün tutursunuzmu?

-Sizin inancınızdan, sizin millətinizdən olmayan birinə qardaş-bacı gözüylə baxa bilirsinizmi?

– Sizə haqsızlıq edənə haqqınızı halal edə bilirsinizmi?

– İş yerinizdə işləyən, ya da tabeçiliyinizdə olan insanların ailə vəziyyətləri ilə maraqlanıb, haqlarını olduğu kimi  ödəyirsinizmi?

-Axşam evə gəldiyinizdə, ən sevdiyiniz yeməyi hazırlayan həyat yoldaşınıza təşəkkür edirsinizmi?

-Valideynlərinizə qarşı həssas və diqqətli davranırsınızmı?

– Hər şeyi mühakimə və tənqid etmək əvəzinə məsələnin həlli yolunu axtarırsınızmı?

 – Haqqa-hüquqa, harama-halala riayət edərək günah işlətməkdən və haqsızlıq etməkdən çəkinirsinizmi?

– Tanıdığınız və tanımadığınız, çətinliyə düşən insanlara tərəddüt etmədən yardım edə bilərsinizmi?

– “Ağac bar gətirəndə başını aşağı əyər” fikrini həyatınıza həqiqətən də tətbiq edirsinizmi?

Bəli,  tərtib etdiyimiz qısa test sosial şəbəkələrdəki “bəyənmə”-lərdən çox fərqlidi, çünki bu testdəki “bəli”-lərimizin sayı bizim insanlıq hissimizin dərəcəsinin göstəricisidir.

Əlövsət Hüseynquliyev

AŞPA-nın üzvü statusuna malik olan

Beynəlxalq  Antiterror Birliyi (BAB) prezidentinin müşaviri

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: