İllər ömür kitabının vərəqləridir…

108

2018-in son günlərindəyik. Bir il də ömür kitabımızın bir vərəqini, beləcə, çevirdi, bir il də ötdü həyatımızdan, deyirik. Bəli, ötür, ötəcəkdir də, zaman adlı köhlən atı kim saxlaya bilər ki? O çapır, gün keçir ay olur, aylarsa illəri əvəzləyir. Fəsillər dəyişir… Bahar yay, payızsa qış olur. Necə də bənzəyir insan ömrünə. Bahar gənclik, yay orta yaş, payız qocalıq, qış da ahıllıq. Ötür zaman, insan elə ki bahardan yaya boylandı, oradan da payıza bir nəzər saldı, payızın füsunkar yarpaqtökümünü izlədi, deməli, bir il də yollanır öz arxivinə. Çünki yarpaqtökümü təbiətin yaşlanması, ahıl çağının çatması, bəyaz saçlarına sığal çəkərək bir ili də başa vurdum, deməsidir.

Şair demişkən:

Ağacdan yarpaqlar endikcə bir-bir,
İl də arxasından atır yükünü.
Təqvimin kötüyü üstündə əsir,
Tək qalan son varaq – ilin son günü.

İlin tamamında ötən günlərə nəzər salan insan sanki onun qiymətini verir. “Bu il mənim üçün uğurlumu, uğursuzmu oldu”,– deyə ya onu ittiham edir, ya da əzizləyir, kaş ki heç bitməzdi, – deyir. Nədənsə, ilin son günlərində həmişə ötən illərlə bağlı xatırladığım anlar olur. Bu xatirələr sanki ömür vərəqlərinə hopubmuş kimi zamanı çatanda yenilənir, o günləri xatırladır bir daha – diyarımızın blokadaya salındığı ilk illəri. Qaranlıqda qarşıladığımız yeni illərimizi. Təbii qazın yoxluğu, ərzaq qıtlığı səbəbindən soyuq, qızdıra bilmədiyimiz evlərimizi, ürəyimiz istəyən kimi aça bilmədiyimiz süfrələrimizi, yeni ilin yeniliyini duya bilmədiyimiz anları. Fasilələrlə verilən elektrik enerjisinin gözəl yeni il proqramlarına baxdığımız yerdəcə kəsilməsi insanın yeni ildən gözləntilərini də kəsib doğrayırdı. Ötməkdə olan ilin son günləri yalnız bunu düşünürdük ki, görəsən, yeni ildə necə olacaq? Yenə yeni ilimizi qaranlıqda qarşılayacağıqmı? Görəsən, övladlarımızın xəyal etdikləri bir yeni il gecəsini onlara yaşada biləcəyikmi? Görəsən, bu işıq, qaz problemləri bizimlə birlikdə yenədəmi yeni ilə qədəm qoyub ili başa vuracaq?

Yüzlərlə insanın ilin son gecəsi düşündükləri yalnız bunlar idi. Böyük çillə insanların ən böyük dərd-sərinə çevrilmişdi. Onun özü ilə bərabər gətirdiyi qışın gözəlliyi olan qarı, şaxtanı sevməməyə məcbur qalan insanlar elə ilin son günündəcə bahara doğru günləri sayırdılar. Bir qədər sonra budur, Kiçik çillə, ardınca Boz ay… Boz ay ilin ən qıtlıq dövrü olsa da, havaların mülayimləşməsi bir təsəllimiz idi. Bax, beləcə, o illərə hamı birlikdə – eyni qayğılarla yekun vururdu, hər ötən il hamı üçün eyni təəssüratlarla yadda qalırdı.
Bəli, düz bir onillikdən bir qədər də artıq köhnə ilə qaranlıqda əlvida deyib, yeni ilə qaranlıqda salam verib, əlini sıxdıq – bəlkə, bu yeni il hər şey düzələr – deyə. Deməli, ümidlər sarsılmırdı. Nə blokadanın ağır yükü, nə də ki qışın şaxtası, soyuğu bu ümidləri qamçılayıb yoxa çıxara, puç edə bilmirdi. Çünki yaxşı dərk edirdik ki, əsarət zəncirlərini öz əllərimiz ilə didib-dağıdıb, parça-parça edib ayaqlar altına atmışıq, müstəqil yaşamaq əzmi ilə mübarizəyə qalxmışıq. Tarixin heç bir dönəmində, dünyanın heç bir ölkəsində müstəqillik asan əldə olunmayıb. Bu yolda qanlar da axıdılıb, övlad, ər, sevgili həsrəti də yaşanıb, aclıq, səfalət də hökm sürüb. Lakin səbir, dözüm, iradə xoş günlərin, bəxtəvər illərin müjdəsi olub.
30 ilə yaxındır ki, muxtar respublikamız blokada şəraitində yaşayır. Lakin tarix özü bir paradoksal vəziyyət qarşısında diz çöküb illərdir ki, Naxçıvanı izləməkdədir. Və şahid olub ki, əsrlərə, qərinələrə tanış olmayan bir dövr yaşayır Naxçıvan. Tarixin səhifələrinə bir ilk həkk edir Naxçıvan: blokada və inkişaf…
İndi gecələri gündüzlərindən heç də fərqlənmir şəhər, qəsəbə, kəndlərimizin. Elektrik enerjisi, təbii qaz ən ucqar dağ kəndlərimizdə belə, bərq vurur, şölələnir. İndi burada çeşid-çeşid məhsul istehsal olunur, bazarlarımızı bəzəyir. Süfrələrimiz hər gün bayram süfrəsini xatırladır. Evlərimizdə bolluq, bar-bərəkət aşıb-daşır.
İslam Mədəniyyətinin Paytaxtı, ölkəmizin Gənclər Paytaxtı Naxçıvan 2018-ə əlvida deyir. Nə qonaqlar qarşıladı, nə qonaqlar yola saldı, onlara nə gözəlliklər, heyranlıqlar yaşatdı Naxçıvan… Nemətləri bol, süfrəsi açıq Naxçıvan… Qədim hüsnünün yeni çalarları ilə yolçunu yoldan edən Naxçıvan… Gələnləri-gedənləri valeh edib, ötməkdə olan ilin xatiratlarına özünü həkk edən Naxçıvan…
Budur, diyarımız başdan-başa yeni il libasını geyinib, hara baxırsansa, ürəyin dağa dönür. Bütün bu gözəlliklərin fonunda düşünürsən ki, nə yaxşı ki ötən illər yaşanıb, müstəqil olmuşuq. Nə yaxşı ki ötən illər yaşanıb, qədirbilən olmuşuq. Gəl, 2019, gəl, vərəqlə ömür kitabımızı. Gəl, əl-ələ verək, həmrəy olaq, yeni bir tarix yazmağa başlayaq. Şair demişkən:

Qəlbimizin odundan
Alovlansın hər ocaq.
Biz nə zaman bir olsaq,
O gün bayram olacaq…

Əlvida 2018, xoş gəldin 2019! Qədəmlərin uğurlu olsun. Böyük çillə qar yağdır, Kiçik çillə təndirlərin küfləsindən gir, bacasından çıx, qorxumuz yoxdur, evimiz, iş yerlərimiz, məktəblərimiz, bağçalarımızda sizlərdən qorunmağa hər cür şərait var.
Ey, Boz ay, sənin qıtlığına da indi çarə var. Dağlarımızın-dərələrimizin, zəmilərimizin, tarlalarımızın, bostanlarımızın, həyətlərimizin min bir neməti ilə doludur anbarlarımız. Artıq illərdir ki, gələcəyə böyük ümidlərlə baxırıq. Gəl, yeni il, gəl, aç ömür kitabımızın 2019-cu səhifəsini, yaz ora şairin bu misralarını:

Ötür illər, fəsillər,
Günlər dönüb aylanır.
Ömrümüzə bu axşam
Bir gələcək boylanır…

 Mətanət Məmmədova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: