İlahiyyat İnstitutu islamşünaslıq, dinşünaslıq ixtisasları üzrə boş qalan yerlərə tələbə qəbulu elan edir

218

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə boş qalan yerlərə tələbə qəbulu elan edir.

Aİİ-dən NUHÇIXAN-a bildirilib ki, yüksək ixtisaslı islamşünas və dinşünas mütəxəssislərin hazırlanacağı bu ali təhsil ocağında təhsil tam ödənişsizdir. İnstitut tələbələrə ingilis, ərəb, klassik ibrani, sanskrit, klassik yunan, latın, rus və fars dillərini öyrənmək imkanı yaradır. Bütün xarici dillər oxuma, dinləmə, danışma, yazma istiqamətlərində tədris ediləcək. Eyni zamanda, Aİİ tələbələrinə beynəlxalq mübadilə proqramları vasitəsilə Avropa, Amerika və Şərq ölkələrində təhsil almaq imkanı yaradacaq. Həmçinin tələbələr dövlət xətti ilə magistratura və doktorantura pillələrini xarici ölkələrdə davam etdirə bilərlər.

Aİİ–də tələbələr din, tarix, fəlsəfə, dil, ədəbiyyat və digər elmlərə dair Azərbaycan, ərəb, türk, ingilis, fars və rus dillərində 12 mindən çox kitabdan istifadə etmək imkanına malikdirlər. Kitabxanada kompyuterlərlə təchiz edilmiş geniş oxu zalı və dərslik tələbatının maksimum təminatı üçün açıq rəf sistemi var. İnstitut islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə məzunların işlə təmin olunmalarına şərait yaradacaq. Belə ki, Aİİ-nin məzunları dövlət qulluqçusu, din xadimi, tədqiqatçı və pedaqoq kimi fəaliyyət göstərə billəcəklər. Bütün bunlarla yanaşı, tələbələr aylıq təqaüd, yemək və geyimlə də təmin olunacaqlar.

Üçüncü ixtisas qrupu üzrə imtahan verən abituriyentlər islamşünaslıq ixtisasına qəbul olunmaq üçün avqustun 15–də və 16-da Dövlət İmtahan Mərkəzinin (DİM) internet səhifəsində qeydiyyatdan keçməlidirlər.

İslamşünaslıq ixtisası üzrə təhsil almaq istəyən abituriyentlər dünyagörüşü səviyyəsinin və bu sahəyə maraqlarının müəyyənləşdirilməsi məqsədilə yaradılmış Psixoloji Komissiyada müsahibədən keçməlidirlər. DİM-in yaratdığı Dini-Psixoloji Komissiyanın tərkibinə ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və institutun əməkdaşları daxildirlər. Müsahibədə abituriyentlərin psixoloji vəziyyəti və yaradıcı təfəkkür imkanlarının xüsusi metodika yolu ilə yoxlanılması nəzərdə tutulub. Müsahibə zamanı abituriyentlərin ümumi dünyagörüşü və dini bilikləri, islamşünaslıq ixtisasına uyğun olmaları, xüsusilə gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri, insanlarla ünsiyyət bacarığı, xitabət və natiqlik qabiliyyəti də qiymətləndiriləcək.

Valideynlərin və abituriyentlərin çoxlu sayda müraciətləri nəzərə alınmaqla DİM instituta minimum keçid balını 150 bala endirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: