Heydər Əliyev fenomeni: fotolarda əbədiləşən anlar - FOTOKOMPOZİSİYA

726

Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 15 il ötür. Bu itki yalnız cismanidir. Mənən isə Heydər Əliyev yenə xalqı ilə birlikdədir, öz parlaq ideyaları ilə yollarımızı işıqlandırmaqdadır. Qurduğu dövlət zamanın ən çətin sınaqlarına davam gətirə biləcək qədər güclü və qüdrətlidir. Ötən illər bu həqiqəti dönə-dönə təsdiqləyib.

Ötən əsrin 90-cı illərində – o ağır günlərdə Ulu Öndər vətəni Azərbaycana qayıtdı. Kremlin köləsi olan rəhbərlik onun Bakıya yolunu kəsdiyi üçün doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Həmin vaxt çəkilmiş fotoşəkillərdə əhalinin onu necə coşqu ilə qarşıladığı açıq-aydın görünür. Heydər Əliyev ona bəslənilən ümidləri doğrultdu: Naxçıvanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Üçrəngli bayrağımız 70 ildən sonra ilk dəfə məhz Naxçıvanda ucaldıldı. Onun muxtar respublikaya rəhbərliyi dövründə qəbul olunmuş taleyüklü qərarlar Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. 1990-cı illərin əvvəllərində azadlıq və nicat küləkləri məhz Naxçıvandan əsirdi. Ağır günlər keçirən xalq gözünü Heydər Əliyevə dikdi və yanılmadı: Azərbaycan müstəqilliyə, davamlı inkişafa, sabitliyə qovuşdu. Heydər Əliyev Azərbaycanı Azərbaycana qaytardı.

Təbii ki, Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən nadir şəxsiyyətlərdən biridir. Biz dünyanın məşhur simalarının – dövlət xadimlərinin, siyasətçilərin, elm, ədəbiyyat və incəsənət adamlarının bu dahi şəxsiyyət haqqında necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.

O, siyasət olimpini fəth etmiş nadir insanlardandır. Zirvəyə yol ötən əsrin 70-ci illərindən başlayıb, Azərbaycanı XX əsrdən XXI əsrə adladıb. Heydər Əliyev zəkası məkan və zaman anlayışı tanımayıb. Naxçıvanda sadə bir ailədə dünyaya gələn Heydər Əliyevin siyasət olimpinə yolu təlatümlərdən, çətin sınaqlardan, aramsız mübarizələrdən keçib. Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir.

Ulu Öndərin anım günündə onun keçdiyi ömür yolu kitab kimi vərəqlənir, xatirələr dilə gəlir.

NUHÇIXAN-ın arxivində Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini, eləcə də 1990-93-cü illər Naxçıvan dövrünü əks etdirən fotoşəkillər qorunub saxlanılır. Bu tarixi fotolar əsasında hazırlanmış kompozisiyanı diqqətinizə təqdim edirik.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: