Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində bayram şənliyi olub

154

NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov tədbir iştirakçılarını təbrik edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən bəhs edib.

Diqqətə çatdırılıb ki, hər il dekabr 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması ümummilli liderimiz Heydər Əliyevin xalqımızın tarixi taleyi ilə bağlı qəbul etdiyi mühüm qərarlardan biridir. Xalqımızın birlik və həmrəyliyinin nəticəsidir ki, muxtar respublikamızda davamlı inkişafa nail olunur, quruculuq, abadlıq işlərinin həcmi ilbəil artır, əhalinin yaşayış səviyyəsi yüksəlir. Bu inkişaf özünü təhsil sahəsində də göstərib.

Nazir qeyd edib ki, təhsil müəssisələrində yaradılan yüksək  tədris şəraitinin nəticəsində ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilbəil artıb. 2017-2018-ci tədris ilində məzunlardan 1781-i ali məktəblərə, 615-i isə orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Onlardan 331-i 500-700 arası bal toplayıb, 6 məzun isə Prezident təqaüdünə layiq görülüb.

O da diqqətə çatdırılıb ki, 2018-ci il ərzində beynəlxalq səviyyəli yarışlarda və Azərbaycan Respublikası çempionatlarında idmanın boks, sərbəst güləş, cüdo, karate-do, tennis və atletika növləri üzrə 19 şagird-idmançı, şahmat üzrə 12 şahmatçı, musiqi, rəsm, əl işləri üzrə keçirilən müsabiqələrdə 8 şagird yüksək nəticələrə nail olub.

Bununla yanaşı Xaçmaz rayonunda keçirilən Vətənin Müdafiəsinə Hazıram Poliatlon çoxnövçülüyü üzrə Azərbaycan çempionatında Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin XI sinif şagirdlərindən ibarət komanda Azərbaycan birincisi olub.

Sonra Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri tərəfindən şeirlər bədii qiraət edilib, ansambl üzvləri tərəfindən mahnılar və milli rəqslər ifa edilib. Konsert tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirdə həmçinin 2018-ci ildə Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərində səmərəli fəaliyyəti ilə fərqlənən qabaqcıl müəllimlər, məktəbdənkənar müəssisələrin yaradıcılıq kollektivləri, istedad və bacarığı ilə fərqlənən şagirdlər diplom, oxunması zəruri olan kitablar və hədiyyələrlə mükafatlandırılıblar.

Tədbir iştirakçıları məktəbdənkənar müəssisələrin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə də baxıblar.

 

Röyal Kərimov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: