Hava və Ekstremal İdman Növləri Federasiyasında müşavirə olub

144

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

Federasiyanın sədri Mayis Əliyev çıxış edərək qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyanın birgə tədbirlər planına uyğun olaraq 2018-ci il ərzində müxtəlif idman növləri üzrə yarışlar təşkil edilib ki,  bu yarışlarda ümumilikdə 861 idmançı iştirak edib. Onların da 250 nəfərə yaxını qız idmançılardır.

Vurğulanıb ki, federasiyanın rayonlarda bölmələri fəaliyyət göstərir. Bölmələr tərəfindən Hava və ekstremal idman növlərinin inkişaf etdirilməsi məqsədilə şəhər və rayon birincilikləri də təşkil olunub. Yarışlarda  ümumilikdə 710 idmançı iştirak edib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında dağ və ekstremal  idman növləri üzrə təlim-məşqlərin keçirilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının dəvəti ilə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekstremal idman növləri üzrə məşqçi – təlimçisi muxtar respublikamıza dəvət olunub, yerli məşqçilərə və  idmançılara süni divar üzərində əvvəlcədən müəyyən olunmuş proqrama uyğun olaraq təlimlər verilib. Həmçinin, Türkiyənin müxtəlif peşə sahiblərindən və nüfuzlu kütləvi informasiya vasitələrinin əməkdaşlarından ibarət 30 nəfərlik alpinist qrupu Federasiyasının “Haçadağ” idman klubunun 11 idmançısı ilə birlikdə Xocalı soyqrımı qurbanlarının xatirəsini anmaq üçün Haçadağa yürüş ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziri Azad Cabbarov vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə idman federasiyalarına bir sıra tapşırıqlar verilib.          

Qeyd olunub ki, 2013-cü ildən yaradılan Hava və Ekstrtemal İdman Növləri Federasiyası hələ də işini günün tələblərinə uyğun qurmayıb. Federasiya il ərzində idmançıların Azərbaycan və beynəlxalq səviyyəli yarışlarda iştirakını təmin etməyib, keçirilən muxtar respublika səviyyəli yarışlarda  keyfiyyət və təşkilatçılıq aşağı səviyyədə olub. Federasiyada peşəkar məşqçi müəllimlərin və idmançıların hazırlanması işi düzgün aparılmayıb. Bunun nəticəsidir ki, federasiyada fərqlənən idmançı və məşqçi-müəllimlər yox dərəcəsindədir. Bununla əlaqədər olaraq 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası öz strukturunu yenidən formalaşdırıb, Hafiz Yaqubov federasiya sədri vəzifəsindən uzaqlaşdırılıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi idman federasiyaları ilə birgə, dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulmuş tələb və tapşırıqları 2019-cu ildə də uğurla icra etməyə çalışacaqdır.

Federasiyasının sədr müavini Azər Məmmədov federasiyanın ötən il ərzində gördüyü işlər barədə ətraflı məlumat verib.

Sonda federasiyanın sədri Mayis Əliyev 2018-ci ildə uğur qazanan məşqçi və idmançılara fəxri fərman və hədiyyələr təqdim edib.

İclas 2019-ci ildə görüləcək işlərin müzakirəsi ilə yekunlaşıb.

Elvin  Quliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: