Göydə Allah, yerdə siz

342

Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Dahi şəxsiyyət həkimlik peşəsini yüksək qiymətləndirərək deyirdi: “Həkimlik sənəti dövri-qədimdən şərəfli və hörmətli sənət olmuşdur. Dünyada heç bir sənət tapa bilməzsən ki, həkimlik kimi hər bir insana lazım olsun… Özünü həkim sənətinə, insanların sağlamlığına, səhhətinə həsr edənlər ən qiymətli insanlardır”

Uşaqlığımıza nəzər salaq. Balaca oğlan uşaqlarının əlində top, maşın qız uşaqlarının əlində  kukla. Lakin qızlar kuklalarının saçını həmişə daramırdılar. Bəzən onların kuklanı dizlərinə qoyub guya müayinə edirmişlər kimi mənzərəsiylə də qarşılaşmışıq. Hətta qələmlə oyuncağının qolundan iynə vuran balacalar da olub. Bəlkə də elə biri sizsiniz. Yadımdadır, babamın köhnə təzyiq aparatı ilə evdəkiləri də, qonşuluqdakıları da bezdirmişdim. Birinin qoluna bağlayırdım aparatı, birinin ürək döyüntülərinə qulaq asırdım.

Qızların əksəriyyətindən soruşanda ki, böyüyəndə nə olmaq istəyirsən, heç düşünmədən həkim, ya da müəllim olacağam deyirdilər. Elə mən də uşaqlıqla soruşanlara böyüyəndə həkim olacağam deyə cavab verirdim. Böyüdüm, jurnalist oldum. Deyəcəyim odur ki, hazırda hansı peşənin sahibi olmağımızdan asılı olmayaraq, bir çoxumuzun şirin uşaqlıq arzusuydu həkim olmaq.

Onlar bizim sağlamlığımızın keşikçiləridir. Çətin zamanlarımızda qapılarını döydüyümüz, saatından asılı olmayaraq həmin qapıları üzümüzə açan insanlardılar. Bəlkə də bax elə buna görə, uşaqlıqda çoxumuz həkim olmaq istəmişik. Evdə kimsə xəstələnəndə həkimə apararkən “Həkim, göydə Allah, yerdə siz” deyə ümidli kəliməni eşidib qulaqlarımız. Əlbəttə, bunun onlarla, yüzlərlə hekayəsi ola bilər.

Ən şərəfli peşə müəllimlikdir deyirlər. Necə ki, bütün insanları – kişi, qadın fərq etmədən bir ana dünyaya gətirirsə, bütün peşələri də müəllim yetişdirir. Ancaq fikrimcə, peşələrin ən məsuliyyətlisi, ən çətini həkimlikdir. İnsanı dünyaya gətirən ananın da, bütün peşə sahiblərini yetişdirən müəllimin də sağlam yaşamaq haqqında düşüncəsi həkimdən keçir. El dilində bir deyim var ki, insanın harası ağrıyırsa, ürəyi ordadır. Deməli bütün orqanizmimizin, el dili ilə desək, ürəyimizin sağlamlığı bu gün peşə bayramını qeyd edən, işə Hippokrat andı ilə başlayan siz səhiyyə işçilərinin əlindədir. İşini  vicdanla görən bütün səhiyyə işçilərinin bayramı mübarəkdir!

Fatma Babayeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: