Gəlib sahilinə çatdığım dəniz

431

NUHÇIXAN gənc şair Rahil Tahirlinin lirik və fəlsəfi şeirlərini təqdim edir:

Bir də məndən bax özünə

Gəlib qaranlıq içində
Qara bürünürsən, Allah!
Bir də məndən bax özünə
Necə görünürsən, Allah!

Gün göstərib çiçəklədib
Sonra da qar atma daha.
Və xoşbəxt ola bilməyən
Adamlar yaratma daha.

Nədir bizdə bu ağırlıq
Adına da dərd deyirlər.
Namərdliyi insan edir
Dünyaya namərd deyirlər.

“Ol” dedin oldu olanlar
Dilin gəlmir dağıtmağa.
Bilirəm, Sən də bezibsən
Əlin gəlmir dağıtmağa.

Gəlib qaranlıq içində
Qara bürünürsən, Allah!
Bir də məndən bax özünə
Necə görünürsən, Allah!

Sularında batdığım dəniz

Düşüb göz yaşımın izinə bir vaxt
Gəlib sahilinə çatdığım dəniz.
Özümə yazdığım məktubu salıb
Şüşənin içinə, atdığım dəniz.

Sənin duyduğundan çoxunu duyub,
Səndəki sevdiyim qoxunu duyub,
Gəlib içindəki qorxunu duyub
Uzanıb yanına yatdığım dəniz.

Üstümə çən düşür, çəni sevirəm,
Saçıma dən düşür, dəni sevirəm,
Bilirsən, mən ən çox səni sevirəm
Səni – sularında batdığım dəniz.

 

Dərd üstümə əlin silər

Yaş aparar göz yükünü,
Qələm çəkər söz yükünü,
Hərə alar öz yükünü
Dərdləri mən daşıyaram.

Ələ verər tələ quşu,
Ələ baxar tale quşu,
Ömrüm boyu gözümdə su,
Saçımda dən daşıyaram.

Dərd üstümə əlin silər,
Dilər məndən ta nə dilər,
Əcəl məni öldü bilər –
Quru bədən daşıyaram.

sən elə
o günəşsən,
sadəcə,
fəsil
o fəsil
deyil.

 

Atamın gözündə böyüməmişəm

Nə qədər buraxıb getsəm özümü,
Baxıram arxamca nəsə sürünür.
Zaman irəliyə baxanda uzun,
Dünənə baxanda qısa görünür.

Hardasa yolumuz kəsişmir niyə,
Adımız bir yerdə hallana bilmir.
Adamın içində qorxu olanda
Bir metr yerdən də tullana bilmir.

Atamın gözündə böyüməmişəm,
Yenə uşaq kimi hirslənir mənə.
Kimə ki, bir dünya uzaq düşmüşəm,
Bir dünya uzaqdan səslənir mənə.

Qalıb

Eşqim öldü qəfəsində,
Üçü çıxıb, dördü qalıb.
Vüsalım son nəfəsində,
Hicranımdan ordu qalıb.

Nə qorxudub boz bəxtimi,
Sovurubdu toz bəxtimi,
Mən neynirəm qoz bəxtimi
Ləpəsi yox, qurdu qalıb.

Sənin olan kimə lazım,
Bax bu tüstüm, bu avazım,
Yox dərdinə etirazım
Lələm köçüb yurdu qalıb.

Zaman düşür damcı-damcı

Haçan ki, gülmək istəsəm,
Hər şey tərsə dönəsidir.
Diz çökmüşəm, dizim altda
Dünya noxud dənəsidir.

Zaman düşür damcı-damcı,
Hər şeyi oyub aparır.
Ömrü bir yerdən tutursan,
Bir yerdən yuyub aparır.

Dözdüm, tikanına dözdüm,
Bir zərif gülün xətrinə.
Hər keçən günü yaşadım,
Hər gələn günün xətrinə.

Hər şey adiləşir hamıda bir gün

Rəngini, tamını dəyişir qar da,
Günaha, qarğışa bürünüb düşür.
Göydən üç alma da düşmür nə vaxtdı,
Bir alma üç yerə bölünüb düşür.

Nə sirr var, əllərin yumulu saxlar,
Nə qonub körpənin ovcuna elə?..
O qədər kiçilib bu dünya bir vaxt,
Sığışıb qələmin ucuna elə.

Nəfəs də ömürdə zaman boydadır,
Zaman da tükənir nəfəs sonunda.
Hər şey adiləşir hamıda bir gün,
Hamıya bənzəyir hər kəs sonunda.

Düyün

Yox, biz sıxılmırıq, düyünlər sıxır,
Dünyamız düyündür göyün içində.
Hər düyün altından bir düyün çıxır,
Adam düyün düşür düyün içində.

Biz altdan yuxarı baxırıq göyə,
Elə hamı düşür göyün üstünə.
Elə düyünlər var açmayaq deyə,
Allah düyün vurmuş düyün üstünə.

Bilmirəm, özümdə yaşadım kimi,
Odamda bildiyim odamda yoxdur.
Eynən bu dünyada ağaclar kimi,
Düyünü olmayan adam da yoxdur.

Taleyimə düşən bu paya bir bax,
Hər addımı düyün, yolları düyün.
Gözümdən başlanan bu çaya bir bax,
Yanağım boyunca qolları düyün.

Nolar ki, açıla yaşın düyünü,
Ömrümə bir ömür toxuya biləm.
Deyirəm açıla qaşın düyünü,
Alnımın yazısın oxuya biləm.

Adam da günəş kimi

Baxma nəsə etmirəm,
Edəcəyəm, darıxma.
Özümü burda qoyub
Gedəcəyəm, darıxma.

İndi durub baxıram –
Hər şey veyil-veyilmiş.
Mənim dediyim dünya
Heç bu dünya deyilmiş.

Guya başqa nə olur?..
Əzəl və əcəl olur.
Adam da günəş kimi
Üfiqdə gözəl olur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: