Gənclərə örnək ömür yolu

196

Düz 26 ildir ki,  fevral ayını qarşılayanda qeyri-ixtiyari tariximizin qanlı səhifəsini – Xocalı soyqırımını xatırlayırıq. Ağrı ilə, acı ilə.

Düz 26 ildir ki, Xocalı boyda ağrını ürəyimizdə gəzdiririk. Ötən il isə fevralın 24-dən 25-nə keçən gecə Ermənistan ­silahlı qüvvələrinin bölmələri bütün cəbhəboyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstərdilər. Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirmək istəyən düşmənlə qoşunlarımız arasında ağır döyüş toqquşması baş verdi. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur etdi. Təxribatın qarşısını alarkən 5 hərbi qulluqçu ­şəhid oldu. Onların arasında Haşımlı Tural Əbdül oğlu da var idi. Ana torpaq öz şəhidlərini ağuşuna aldı.

Ot kökü üstə bitər

Müstəqilliyimizin qazanılması və qorunması uğrunda bu günə qədər bir çox hadisələrin şahidləri və şəhidləri olduq. Kimimiz valideynlərimizi, kimimiz bacı-qardaşımızı, kimimiz övladımızı itirdik. Lakin mübarizə əzmimizi, birliyimizi, əqidəmizi, Vətənə olan sədaqətimizi itirmədik. Güclü ordu qurmağa və bu ordunu peşəkar zabit kadrları ilə, Vətəninə, elinə, obasına bağlı əsgərlərlə komplektləşdirməyə nail olduq. Ailələrdə böyüyən övladlar vətənpərvərlik ruhunda tərbiyə olundular. Vətəni qorumaq eşqi, işğal olunan torpaqları mənfur düşməndən azad etmək istəyi neçə-neçə gəncin yolunu hərbi təhsil ocaqlarından saldı.

1988-ci il dekabrın 27-də Ordubad rayonunun Dırnıs kəndində zəhmətkeş bir ailədə dünyaya göz açan Tural Haşımlı da atasının göstərdiyi yol ilə gedirdi. O yol Vətənə məhəbbət yolu idi. Erkən yaşlarından əkin-biçin işlərində atasına dayaq olan Tural yaxşı anlayırdı ki, torpağı qorumasan, əkib-becərməyə dəyməz. Torpaqların 20 faizi işğal altındadırsa, necə rahat olmaq olar ki?! Düşmən ana torpaqlarımızda necə rahat gəzə bilər ki? Axı Qarabağ Azərbaycanın əzəli və əbədi ata-baba yurdudur! O yerləri ömründə bircə dəfə görməsə belə, nə fərqi var, axı oralar Vətən torpağıdır! Çoxsaylı suallar beynini didir, rahatlıq tapmırdı. Qəti qərarını verdi. Atasına, müəllimlərinə seçimini dedi. Qanlı-qadalı günlərin şahidi olmuş Əbdül kişi onu Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə gətirdi.

Atası Əbdül Haşımlı o günləri xatırlayaraq deyir ki, hərdən gedib məktəbə kənardan baxardım, Turalı görmək üçün. Amma yaxınlaşmazdım. Fikirləşirdim ki, qoy indidən bizdən ayrı qalmağa hazır olsun.

Yeri gəlmişkən, ötən əsrin 90-cı illərində Vətənimizin başını qara buludlar alanda bir çox vətənpərvər eloğlumuz kimi Əbdül kişi də düşmənlə qarşı-qarşıya idi. Vətən torpaqlarını qorumaq əzmi hər kəsi bir yumruq kimi birləşdirmişdi. Mənfur düşmən Naxçıvana bir neçə istiqamətdən hücum etsə də, məqsədinə yetmədi. Sədərəyi güllə yağışına tutan düşmən ərazini xarabazarlığa çevirsə də, insanların əzmini qıra bilmədi. O vaxt indiki qədər texnika da yox idi. Lakin insanların qəlbindəki Vətən eşqini susdurmaq, yox etmək mümkün deyildi. Bu hadisələr baş verəndə Tural çox kiçik idi. Lakin atası Əbdül kişi üçün düşmən çəpəri idi, gələcəyin qəhrəmanı idi. İndiki gənc nəsil o ataların övladlarıdır. Qəhrəman ataların, şəhid ataların, vətənpərvər ataların…

Əbdül Haşımlı: – O vaxt yığışıb məhlə-məhlə dayaq dəstələri yaradırdıq. Köməksiz bir vəziyyətdə idik. Mənim elə o vaxtdan arzum övladımı hərbçi görmək idi. Arzuladığım oldu, özü də bu peşəni sevdi və seçdi. Tural üçün bundan doğru seçim indi də təsəvvür edə bilmirəm. Babası Haşımov Haşım Əbdül oğlu Böyük Vətən müharibəsində iştirak edib. Onun da Turalın həyatında böyük rolu olub. Necə deyərlər, ot kökü üstə bitər.

Torpaq – uğrunda ölən varsa,
Vətəndir

Hərbi Liseyin 2007-ci ildə növbəti buraxılışı zamanı xeyir-dua alan gənclər Vətənə sədaqətlə xidmət edəcəklərinə, göstərilən etimadı doğruldacaqlarına söz verib Naxçıvan torpağından paytaxta – Bakı şəhərinə yola salınırlar. O məzunların arasında Tural Haşımlı da var idi. Doğma od-ocaqdan, liseydən ayrılmaq asan deyildi. Amma qarşıda onu daha məsuliyyətli illər gözləyirdi. Təhsilini davam etdirməli, peşəkar zabit kimi formalaşmalıydı. Bu məqsədlə də inandığı yola addımlarını qətiyyətlə atır. Deyirlər, niyyətin hara, mənzilin ora. 2011-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib xidmətə başlayır. Hərb peşəsi digər peşələrə bənzəməz. Bu peşəni qəlbən sevmək lazımdı. Həmin peşə Turalın da ruhuna hopmuşdu, boyuna biçilmişdi sanki.

14 yaşında ikən seçimini edən və bu yolda inamla addımlayan Tural, nəhayət, istəyinə qovuşmuşdu: baş leytenant rütbəsində tabeliyində olan əsgərlərlə, silahdaşlarıyla birgə Vətən torpaqlarının keşiyində dayanmışdı. İrəli baxırdı həmişə. Çünki baxdığı başqa ölkənin torpaqları deyil, ana torpaq idi. O torpaq hər bir azərbaycanlı kimi Tural Haşımlını da çəkirdi. Aprel qələbəsi hər kəs kimi Turalı da qürurlandırmışdı. Erməni təxribatının qarşısını alarkən düşmənin layiqli cavabını verən ordu bu yolda şəhid də vermişdi. Onlardan biri də Heydər Əliyev adına Hərbi Liseyin məzunu Qabil Orucəliyev idi.

Aprel döyüşlərindəki məğlubiyyəti həzm edə bilməyən Ermənistan rəhbərliyinin bu sindromdan qurtulması üçün revanş arzusunu gerçəkləşdirməyə ehtiyacı vardı. Azərbaycanın hərtərəfli hərbi-texniki və mənəvi-psixoloji üstünlüyü şəraitində erməni gənclərinin Qarabağda nahaqdan ölmələrinə Ermənistan cəmiyyətinin daim artan etirazları mövcud rejimi ciddi narahat edirdi. Digər tərəfdən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıdış Ermənistanda ciddi təşvişə səbəb olmuşdu. Bu qayıdışın coğrafiyasının genişlənəcəyindən qorxan ermənilər təxribatlar törətməklə “güclərini” göstərməyə cəhd edirdilər. Və növbəti belə cəbhəboyu irimiqyaslı təxribatı Ermənistan silahlı qüvvələri fevralın 24-dən 25-nə keçən gecə törətdi. Azərbaycan hərbçiləri düşmənin qarşısını qətiyyətlə alıb onu geri çəkilməyə məcbur etdilər. Qarşı tərəf çoxsaylı itki verdi. Təxribatların qarşısını alarkən Tural Haşımlı şəhid oldu. Onun nəşi fevralın 28-də doğulduğu torpağa gətirildi. Şəhidi qarşılamaq üçün yüzlərlə insan hava limanına axışmışdı. Doğmaları, dostları, tanışları, onu tanıyan, tanımayan hər kəs. Muxtar respublika sakinləri Vətən uğruna canını fəda edən, üçrəngli, müqəddəs bayrağa bükülərək geri dönən şəhidini qarşılamaq üçün toplaşmışdılar. Bu, insanların Vətən naminə birliyinin, əzminin göstəricisi idi. Bu, xalqın öz şəhidinə sonsuz ehtiramının ifadəsi idi. Tural Haşımlının şücaəti qəlbləri riqqətə gətirmişdi. “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları ilə kiçikdən-böyüyə hər kəs küçələrə axışmışdı.

Atası Əbdül Haşımlı: – Camaat onu elə qarşıladı ki, mən bunu yadımdan çıxara bilmərəm. Həm dövlətin, həm insanların dəstəyi mənə dayaq oldu. Naxçıvandakı izdihamı görəndə anladım ki, o, tək mənim yox, bütün elin oğludur.

Anası Gülnarə Haşımlı: – Bütün xalq onu sevdi. Qəhrəman kimi böyümüşdü, qəhrəman kimi də şəhidlik məqamına qovuşdu. Mən bir ana kimi Turalla qürur duyuram, düzdür, o, bu gün həyatda yoxdur, amma qürur duyuram ki, o, Vətən yolunda şəhid oldu. Vətən sağ olsun! Qoy Vətənimiz heç vaxt yağı düşmənə qismət olmasın. Ermənilər də bilsinlər ki, biz gec-tez torpaqlarımızı geri qaytaracağıq.

Əsl Azərbaycan qadını! Göz yaşı deyil, düşmənə nifrət yağdırır baxışları ilə… Gülnarə ana övladını itirib, amma qürurunu, vətəndaşlıq borcunu itirməyib. Bir ana üçün çətindir övlad itkisi, amma mövzu Vətən torpaqlarını yağı düşməndən qorumaqdırsa, o zaman deməyə bircə söz qalır, təki Vətən sağ olsun.

Vətən üçün doğulub Vətən üçün ölənlər nə xoşbəxtdir. Əbdül kişinin ailəsində böyümüş oğul bütün Azərbaycanın övladı oldu. Onu bütün Azərbaycan tanıdı. Hər bir ailədə adı qürurla səsləndi: Tural Haşımlı.

Erməni təxribatının qarşısını alarkən şəhidlik məqamına yüksəlmiş Azərbaycan Ordusunun hərbi qulluqçuları, o cümlədən Haşımlı Tural Əbdül oğlu Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərdiyinə görə ölümündən sonra Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə təltif olunub.

Bu gün Haşımlılar ailəsində yenə bir körpə böyüyür: Tural Haşımlı adında. Üzünü görmədiyi, səsini duymadığı qəhrəmanın adını daşıyan 5 aylıq balaca Tural Tanrının ərməğanıdır. Düşmən sevinməsin qoy, hələ neçə Turallar yetişdirəcək bu torpaq, hələ neçə qəhrəmanlar böyüdəcək şəhid ataları.

Üçrəngli bayrağımız tezliklə Qarabağda – Şuşada, Xankəndidə dalğalanacaq. Bugünkü Azərbaycan artıq 90-cı illərin Azərbaycanı deyil. Dünya miqyasında öz nüfuzu, iqtisadi inkişafı ilə seçilən Azərbaycan bu gün müzəffər orduya sahibdir. Vətən uğrunda son damla qanına qədər vuruşmağa hazır olan qəhrəman oğullara sahibdir. Biz əzəli və əbədi ata-baba yurdlarımıza qayıdacağıq. O gün uzaqda deyil.

 

Ruhiyyə Rəsulova
Naxçıvan Televiziyasının baş redaktoru

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: