Gənc müəllimlərlə görüş olub

638

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə görüş keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikada təhsil Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Müstəqillik illərində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi tikilib istifadəyə verilib, onların maddi-tədris bazasının zənginləşdirilib. Ümumtəhsil məktəblərində 5500-dən artıq kompüter və 600-dən çox elektron lövhə quraşdırılıb, laboratoriyalar və fənn kabinələri şagirdlərin istifadəsinə verilib, kitabxanalar 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin olunub.

Hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində 49 min 224 şagirdin təhsili ilə  6642 müəllim məşğul olur. Onlardan 44-ü yeni tədris ili ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqədə yüksək nəticə göstərərək işlə təmin olunub. Rayon mərkəzlərindən uzaq məsafədə yerləşən kənd məktəblərində fəaliyyət göstərən 81 müəllimə həvəsləndirmə tədbirləri tətbiq edilib.

Keçirilən növbəti imtahanlarda  isə 116 namizəd müvafiq keçid balını  toplayıb və  nəticədə ən yüksək bal toplayan 75 gənc kadr işə qəbul edilib. Onlardan    21-i stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu məktəbləri, 54-ü isə digər ümumtəhsil məktəblərini seçiblər.

Vurğulanıb ki, gənclərin ucqar dağ kəndlərində yerləşən təhsil müəssisələrində pedaqoji fəaliyyətə başlaması həmin kəndlərdə əhalinin yaşayış səviyyəsinin yüksəlməsi və həmin kəndlərin məktəblərində yaradılmış yüksək təhsil şəraitinin nəticəsidir.

Sonra təhsil naziri yeni fəaliyyətə başlayan gənc kadrları təbrik edərək onlara  şərəfli müəllim peşəsində uğurlar arzulayıb. 

Yeni işə qəbul olunan müəllimlər adından çıxış edən Gözəl Rəhimova həyata keçirilən təhsil siyasəti və gənclərə göstərilən yüksək qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Tədbirdə iştirak edən gənc müəllimlərə Təhsil Nazirliyi tərəfindən metodiki vəsaitlər təqdim olundu.

Qeyd edək ki, bu gündən gənc müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təlim seminarına start verilib. 3 günlük seminardan sonra gənc müəllimlər yanvarın 10-dan etibarən  ümumtəhsil məktəblərində pedaqoji fəaliyyətə başlayacaqlar.

                                Aygün Hüseynli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: