Erməni KİV: “İlham Əliyev bizə uğursuz dövlət deməkdə tam haqlıdır”

347
Ermənistan mətbuatı və ekspertləri işğalçı ölkənin xilasının Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini açıq şəkildə bildirirlər
Birmənalı həqiqətdir ki, bu gün Ermənistanın bir dövlət olaraq varlığını davam etdirə bilməsi Azərbaycanla normal münasibətlərin qurulmasından, işğal siyasətindən əl çəkməsindən asılıdır. Əks təqdirdə, Ermənistanın çöküşü davam edəcək, ölkə daha böyük sürətlə tənəzzül girdabına yuvarlanacaqdır.
Bunu əslində, bütün dünyada, o cümlədən Ermənistanın özündə də kifayət qədər aydın sezirlər. Bununla bağlı Ermənistanın “İravnuk” qəzeti yazır ki, Yerevan qonşu ölkələrin hamısı ilə münasibətlərini normallaşdırmasa, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmasa, hakimiyyətdə kimin olmasından asılı olmayaraq ölkədə hansısa iqtisadi tərəqqidən danışmaq mümkün deyil.
Qəzet bu mənada Nikol Paşinyanın hakimiyyətə gəlişi zamanı verdiyi vədlərin yerinə yetirilməsinin mümkünsüz olduğunu, əslində, cəmiyyətdə baş nazirə inamın sürətlə əriyib getdiyini də xüsusi olaraq diqqətə çatdırır.
“Azərbaycanın siyasəti Ermənistanın çöküşünü sürətləndirir”
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan da uzun müddətdir ki, işğalçı ölkəyə çox aydın şəkildə Ermənistanın xilasının Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini açıq şəkildə bildirir. Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda çıxışı zamanı bu mövzuya toxunan Prezident İlham Əliyev bildirib: “Ermənistan işğalçılıq siyasətinə görə böhran, tənəzzül içindədir. Rəsmi statistikaya görə orada yoxsulluq 30 faizə, amma real vəziyyətdə 50 faizə çatır. Kütləvi işsizlik, depopulyasiya, insanların kütləvi şəkildə köçü baş verir. İqtisadi inkişaf üçün heç bir əsas yoxdur. Heç kim investisiya qoymaq istəmir, bazar məhduddur, xarici bazarlara çıxış yoxdur. Bu mövcud problemlər, üstə gəl onların işğalçılıq siyasəti faktiki olaraq əvvəlki kriminal rejimin çökməsinə gətirib çıxardı. Amma biz görürük ki, indi yeni hökumət də eyni yolla getmək istəyir. Bu ağır, çətin vəziyyətdən xilas üçün Ermənistanın yeganə yolu var, o da bizim torpaqlarımızdan çıxmaqdır. Ondan sonra onların inkişafı üçün şərait yaradıla bilər”.
Beləliklə, Azərbaycan seçim üçün Ermənistana şans verir. “Jamanak” qəzeti də qeyd edir ki, Ermənistanın təcrid vəziyyətdə qalaraq inkişaf etməsi mümkünsüzdür və ötən zaman bunu çox aydın göstərib. Bir sözlə, Azərbaycanın siyasəti Ermənistanın çöküşünü sürətləndirir: “İlham Əliyev bizə uğursuz dövlət deməklə tam haqlıdır. Ölkədə sosial-iqtisadi tənəzzül dərinləşir, yüksək səviyyədə verilən vədlərə baxmayaraq, maddi rifah halı çox aşağıdır. Müharibə vəziyyətində olduğumuz Azərbaycan bu mənada iqtisadi inkişafını əsas gətirərək açıq bəyan edir ki, Ermənistanla müqayisədə çox irəlidədir. Əslində, real vəziyyət və beynəlxalq qiymətləndirmələr də bunu göstərir. Hər halda, Yerevanın məsələyə indi daha ayıq başla baxması lazımdır. Əks təqdirdə, Azərbaycanın Ermənistanı təcrid siyasəti ölkəyə yeni böyük zərbələr vurmaqda davam edəcək”.
“Ermənistan tərəfinin informasiya siyasəti çox zəifdir”
İnformasiya təhlükəsizliyi məsələləri üzrə ekspert Samvel Martirosyan isə sosial-iqtisadi müstəvi ilə yanaşı, məsələnin başqa tərəfinə də nəzər salır. O, bütün sahədə, o cümlədən informasiya sahəsində ölkəsinin artıq güclü Azərbaycana uduzan tərəf olduğunu vurğulayır. Qeyd edir ki, Ermənistanla Azərbaycan arasındakı informasiya mübarizəsində Ermənistan tərəfinin informasiya siyasəti çox zəifdir.
Ekspert bildirib ki, Ermənistanın informasiya siyasətini “dondurulmuş” hesab etmək olar: “Blokada vəziyyəti ilə əlaqədar iqtisadiyyatı çökən və ölkəni talamış Sarkisyan rejiminin uzun illər hakimiyyətdə qaldığı Ermənistan rəsmi Bakı ilə bərabər informasiya mübarizəsi aparmaq iqtidarında deyil”.
Martirosyan vurğulayıb ki, 2016-cı il aprel döyüşləri bu sahəyə böyük təsir göstərdi və bəzi məsələlərin təkrar nəzərdən keçirilməsinə səbəb oldu.
“Azərbaycan Qarabağ məsələsini güc yolu ilə həll etməyə hazırdır”
Ermənistanın “Armenianreport” saytı isə bildirir ki, Yerevanın diqqət yetirməli olduğu məqamlardan biri də Azərbaycanın hərbi gücüdür. Saytda Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda çıxışı zamanı Prezident İlham Əliyevin fikirlərinə də diqqət yetirilir: “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq. Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi, hüquqi torpağı ondan ayrılsın. Qoy, Ermənistan bu xülyalarla yaşamasın. Qoy, Ermənistan rəhbərliyi öz xalqını aldatmasın. Biz bütün imkanlardan istifadə edirik və edəcəyik ki, ərazi bütövlüyümüzü bərpa edək və bu istiqamətdə çox önəmli addımlar atılmışdır”.
Sayt yazır ki, Azərbaycan hərbi cəhətdən indi özünü daha rahat hiss edir və Qarabağ məsələsini güc yolu ilə həll etməyə hazırdır. Bildirilir ki, Azərbaycandan fərqli olaraq erməni ordusunda vəziyyət getdikcə ağırlaşır, hərbçilərə lazımi diqqət yetirilmir. Buna sübut kimi məlum aprel döyüşlərində Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinin ağır yaralanaraq ciddi zədələr alan əsgəri Ovannes Poqosyanın durumu göstərilir.
O, artıq 4 aydır 1 nömrəli “Qeraçi” xəstəxana kompleksində yerləşən “Vətən müdafiəçilərinin reabilitasiya mərkəzi”ndə müalicə almağa buraxılmır. Ovannesin anası Qayane Asatryanın sözlərinə görə, 2016-cı ilin aprelində başından və ayağından ağır güllə yarası alan oğlu dövlətin nəzarətindən kənar qalıb. Müdafiə Nazirliyi və digər icra orqanları isə onların müraciətinə cavab vermir: “Mərkəzin direktoru Aykui Minasyan oğlumun müalicəyə götürülməməsini guya kifayət qədər yerlərinin olmadığı ilə əsaslandırır. Artıq 4 aydır gözləyirik ki, nə vaxt yer boşalacaq. Bu cür ağır yaraları olan oğlum üçün belə uzun müddət gözləmək yolverilməzdir. Çünki oğlumun əzələ sisteminin hərəkətliliyinə pis təsir edir. Onun sağ əli işləmir və sağ ayağını güclə tərpədir. Mənə dedilər ki, növbəyə yazılın və gözləyin, biz özümüz sizə zəng edəcəyik. Təsəvvür edirsinizmi, “vətən” üçün öz sağlamlığını qurban verən insan xəstəxanaya düşə bilmir. Cəbhədə yaralanan və sonra müalicə ala bilməyən bu cür əsgərlərimiz çoxdur. Onlar hamısı, eləcə də mənim oğlum dövlətin nəzarətindən kənarda qalıblar”.
“Aprel döyüşləri qorxunc xatirələrdir, heç yadıma salmaq belə istəmirəm”
Qeyd edək ki, Ovannes Poqosyan Ermənistanın “Şücaətə görə” medalı ilə təltif edilib. Anası isə 23 yaşlı yaralı oğlunun quru medallara yox, dövlətin qayğısına ehtiyacı olduğunu bildirib. Hətta vurğulayıb ki, prezidentlə görüşdə üzləşdikləri problemlər barəsində şikayət etməmələri barədə onlara xəbərdarlıq edilib. Erməni əsgərin özü isə jurnalistlərlə söhbətində aprel döyüşləri zamanı yaşadıqlarının bir daha təkrar olunmayacağına ümid etdiyini bildirib.
Ovannesin sözlərinə görə, hərbi əməliyyatlar zamanı ermənilər arasında heç bir koordinasiya olmayıb və komandirlər əsgərləri ön cəbhəyə göndərərək onlardan qalxan kimi istifadə ediblər. Döyüşlərdə onların ixtiyarına verilən hərbi texnikalar isə əsasən köhnəlmiş və istifadəyə yararsız vəziyyətdə olublar: “Qorxunc xatirələrdir, heç yadıma salmaq belə istəmirəm. O zaman yeməyə də heç nə tapmırdıq. Çox dəhşətli günlər idi”.
Əsgər anasının şikayətini ictimailəşdirən erməni mediası yazır ki, Ermənistanda hakimiyyətin dəyişməsinə və yeni hökumətin əhaliyə vədlər verməsinə baxmayaraq, ordu rəhbərliyi döyüş və qeyri-döyüş şəraitində yaralanan və əlil olan hərbçilərə hələ də yardım etmir. Eyni zamanda, Ermənistanın Müdafiə Nazirliyi təhlükəli yerdə xidmət edən hərbçiləri xəstəlik tapan kimi təxris edir və onların müalicəsindən imtina edir.
Bütün bunlar fonunda media yazır ki, Ermənistan faktiki olaraq bütün sahələr üzrə Azərbaycana uduzur. Bu gedişlə ölkənin işğal siyasətini davam etdirməsinin mümkünsüzlüyü də xüsusi olaraq qabardılır.
Elçin CƏFƏROV,
“Azərbaycan”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: