Dünya Azərbaycanlılarının Həmrəylik Günü Stokholmda qeyd olunub

76

İsveçin paytaxtı Stokholmda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, Stokholmda fəaliyyət göstərən İsveç-Azərbaycan Dərnəyinin və Beynəlxalq Media Qrupun birgə təşkilatçılığı baş tutan tədbirdə Azərbaycan və türk diasporlarının üzvləri, habelə yerli ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Dövlət himnimizin səslənməsi ilə başlayan mərasimdə çıxış edən İsveç-Azərbaycan Dərnəyinin rəhbəri Sevda Dadaşova həmyerlilərimizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, bu əlamətdar günün Vətənimizdən xaricdə yaşayan soydaşlarımızla əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq baxımından önəmini diqqətə çatdırıb. S.Dadaşova deyib: “Hər millətin gücü onun sayında deyil, birliyindədir. Azərbaycan xalqı həmrəydir və mən bunun canlı şahidiyəm. Xalqımız həmrəydir və hər zaman da belə olacaq. Bu gün burada toplaşmağımız bunun bariz nümunəsidir”.

Digər çıxış edənlər də bu əlamətdar gün və qarşıdan gələn Yeni il bayramı münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıblar.

Mərasim bədii hissə ilə davam edib. Əvvəlcə İsveç-Azərbaycan Dərnəyinin nəzdində fəaliyyət göstərən “Baku land” dil və rəqs kurslarının yetirmələri Azərbaycan milli rəqslərini ifa ediblər. Sonra Azərbaycanın Əməkdar artistləri İlqar Muradov, Ruhəngiz Allahverdiyeva, Səlim Abbasov, habelə musiqiçilər Elçin Şəfizadə və Anar Abbasov sevilən xalq və bəstəkar mahnılarını səsləndiriblər. Bədii hissənin isveçli qonağı Kate Christina Roxenhall “Sarı gəlin” mahnısını canlı ifa edib. Azərbaycanın milli rəqsləri ilə davam edən mərasim tamaşaçıların böyük marağına səbəb olub.

Sonda tədbirdə iştirak edən uşaqlar üçün müxtəlif viktorinalar keçirilib və onlara hədiyyələr təqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: