Dubay şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

119

Dubay şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

NUHÇIXAN xəbər verir ki, Azərbaycanın Dubaydakı baş konsulluğu tərəfindən keçirilən tədbirdə əvvəlcə Ulu Öndərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Dubay və Şimal əmirliklərindəki baş konsulu Cavidan Hüseynov tədbirdə çıxış edərək bildirib ki, 15 il bundan əvvəl 2003-cü il dekabrın 12-də Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyev vəfat edib. Ümummilli lider Heydər Əliyev qüdrətli dövlət xadimi, dahi siyasətçi, müstəqil Azərbaycanın qurucusudur.

1969-cu ildə Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycan xalqının həyatında yeni, parlaq dövrün başladığını deyən baş konsul bildirib ki, həmin dövrə qədər sovet məkanında geridə qalmış respublika olan Azərbaycan məhz Heydər Əliyevin gərgin siyasi fəaliyyəti nəticəsində 1980-ci illərin əvvəllərində sovet miqyasında ən qabaqcıl respublikaya çevrilib.

C.Hüseynov qeyd edib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanda müstəqilliyin ilk illərində siyasi xaos hökm sürürdü. Ölkəmiz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Belə bir çətin vaxtda Azərbaycan xalqı Heydər Əliyevə müraciət edərək onu hakimiyyətə dəvət etdi. Ulu öndər Heydər Əliyevin müdrikliyi və apardığı düzgün siyasət nəticəsində Azərbaycan qısa müddət ərzində bütün təhlükələrdən qurtuldu, müstəqil dövlətə çevrildi, Azərbaycan sabitlik inkişaf dövrünə qədəm qoydu.

O bildirib ki, bu gün ulu öndər Heydər Əliyevin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 15 ildə dövlətimizin başçısının rəhbərliyi ilə aparılan uğurlu siyasət sayəsində ölkəmizdə bütün istiqamətlərdə uğurlu nailiyyətlər əldə olunub.

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov çıxış edərək müasir Azərbaycanın inkişafında ulu öndər Heydər Əliyevin müstəsna rolundan bəhs edib. “Ulu öndər Heydər Əliyev 1990-cı illərin əvvəllərində ölkənin çətin dövrlərində xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıtdı. Ümummilli Lider Azərbaycanı parçalanma təhlükəsizdən xilas etdi, ölkəmizi inkişaf yoluna çıxardı”,- deyə səfir vurğulayıb.

Daşqın Şikarov qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü ildə xarici şirkətlərlə neft kontraktı – sonradan “Əsrin müqaviləsi” adı almış tarixi saziş imzalandı, ölkəmizin beynəlxalq əlaqələri genişləndirildi.

Bu gün Azərbaycanın Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdiyini diqqətə çatdıran səfir son illər ölkəmizin qazandığı nailiyyətlər barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki ticarət nümayəndəsi Elnur Əliyev Ulu Öndərin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edib, bu gün Azərbaycanın dünyanın böyük nüfuza malik ölkələrindən birinə çevrildiyini vurğulayıb.

Çıxışlardan sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Tədbirdə ARDNŞ-in, Azərbaycan Hava Yollarının, Azərbaycan icmasının nümayəndələri, Birləşmiş Ərəb Əmirliklərində təhsil alan azərbaycanlı tələbələr, yerli KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: