Buluddağıdan toplardan “Sakarya” və ” Smerc” lərə qədər - Sahil Tahirli yazır

121

Yazıçı Aqil Abbasın ssenarisi əsasında çəkilən “Dolu” filmində bir epizod var:

Əsgərlərimiz düşmənlə meşəlik ərazidə qeyri-bərabər döyüşə girirlər. Erməni səngərlərində gizlənən tank və digər  zirehli texnikalar  biz tərəfə atəş aça-aça tez-tez mövqelərini dəyişirlər. Həmin an filmin əsas qəhrəmanları “Drakon” və “Pələng” arasındakı  dialoq diqqətdən yayınmır: “Bu BTR-lərdən 4-5-i bizdə olsaydı Əsgəranı çoxdan şumlamışdıq”.

         Bu gün gərək

Hər anımız Vətən! – desin!

Bəli, ötən əsrin 90-cı illərində vətənpərvərliyimiz, milli ruhumuz, düşmənə nifrətimiz aşıb-daşsa da, vahid komandanlıqda birləşən ordumuz, silah-sursat və texnikamız yox idi. Həmin vaxt Naxçıvanda yaşananlar heç də Dağlıq Qarabağ cəbhəsində yaşananlardan geri qalmırdı.  İşğalçı Ermənistan sərhəd boyu hücuma keçərək qədim diyarı işğal və məhv etmək üçün bütün qüvvələrini səfərbər etmişdi.  Lakin,  yenicə Moskvadan Naxçıvana qayıdan ulu öndər Heydər Əliyev bütün naxçıvanlıları öz ətrafında birləşdirdi. Əhalinin ümummilli liderə böyük etimad və inamı hər şeyi kökündən dəyişdi. İnsanlar süngü-bıçaqla, ov tüfəngi ilə doğma torpağın müdafiəsinə qalxdılar. Heydər Əliyev Naxçıvanı, Naxçıvan Heydər Əliyevi qorudu.

70 il ürəyimizdə dalğalanan üçrəngli bayrağımız başımızın üstünə qalxdı. Dövlət müstəqilliyimizin də ilk addımları atıldı və həmişə arzusunda olduğumuz ilk milli ordu qurumumuz – Naxçıvanda ilk milli hərbi hissə yaradıldı. Və o zaman bizə böyük ruh verən ilk hərbi parad da məhz Naxçıvanda keçirildi.  Canlı qüvvə və texnika sarıdan çox zəif olsaq da, bu paradda milli ruhumuz bir daha çoşurdu. “Ordumuz olsa idi ermənilər bir qarış torpağımızı da işğal edə bilməzdi” prinsipinin nə qədər məntiqli olduğuna bir daha şahidlik edirdik…

Qılıncımız, qalxanımız
Vətən! –
 desin

Düz 25 il sonra səhər tezdən, tarixi bir gündə – 18 oktyabr Dövlət Müstəqilliyi Günündə yuxudan qalxıb böyük həyəcanla hazırlaşıram. Çünki, bir azdan vaxtilə ulu öndərin Naxçıvanda yaratdığı ilk milli hərbi hissənin 25-ci ildönümü qeyd ediləcək, möhtəşəm hərbi parad keçiriləcəkdi.

Budur, Naxçıvan şəhərinin Heydər Əliyev prospektindən Salvartı zirvəsinə uzanan yol sanki Naxçıvan dağlarının əzamətindən, vüqarından güc alaraq dalğalanır. Böyük izdihamın gözü sıra meydanında dayanan aslan ürəkli əsgər və zabitlərimizdədi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Müdafiə naziri Zakir Həsənov zabit və əsgərlərimizi hərarətlə salamlayır, onları əlamətdar bayramlar münasibəti ilə təbrik edir. Çıxışlardan sonra keçirilən təlimlərdə döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artıran şəxsi heyət nizami addımlarla irəlilədikcə ayaq səsləri ürəklərimizin  səsinə qoşulur. Sanki o an ətrafdakı hər kəsin ürəyindən əsgər olmaq, səngərdə dayanmaq keçir.

Heydər Əliyev adına hərbi liseyin kursantları, xüsusi təyinatlılar, kəşfiyyatçılar, sərhədçilər, motoatıcılar, rabitəçilər, qorxmaz şahinlərimiz bir-bir bizi salamlayır…

Buluddağıdan topların, ov silahlarının dövrü çoxdan bitib…  Budur, Əlahiddə Ümümqoşun Ordunun arsenalında olan ən müasir silah və texnikalar gözümüzün önündən keçir. Onların səsi Ağrıdağdan Haçadağa, Haçadağdan Murova qədər yayılıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun birləşmə və hissələrinin  2 min nəfərə yaxın şəxsi heyəti, 160-dan çox hərbi texnika və silah sistemləri, o cümlədən 10-dan artıq döyüş vertolyotu və təyyarəsi hərbi paradı izləyən minlərlə muxtar respublika sakininin qəlbini riqqətə gətirirdi.

Ordumuzun mexanikləşdirilmiş, motoatıcı, xüsusi təyinatlı, kəşfiyyat, dağ atıcı, tank, reaktiv artilleriya, hava hücumundan müdafiə və rabitə bölmələrinin, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki-müdafiə alayının şəxsi heyəti nizami addımlarla yeri-göyü titrədirdilər.

Nə yoxdu, tank əleyhinə idarə olunan “SPAYK” raket kompleksləri, Azərbaycanda istehsal olunan və beynəlxalq sərgilərdə böyük maraqla qarşılanan “Marauder” zirehli döyüş maşınları, pilotsuz uçuş aparatları, reaktiv artilleriya kompleksləri, minaatanlar, tank əleyhinə toplar,  “Qrad”lar, “Sakarya”, “Qasırğa”, “Smerc” yaylım atəşli reaktiv sistemləri, döyüş maşınları, zenit raket kompleksləri, zirehli transportyorlar,  özüyeriyən tank əleyhinə komplekslər,  müasir tanklar və özüyeriyən artilleriya qurğuları…

“SU-25” döyüş təyyarələri, “Mİ-17-1V” və “Mİ-35M” vertolyotları ulu Naxçıvan səmasını fəth edərək Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublikadakı birləşmə və hissələrin güc və qüdrətini bir daha nümayiş etdirdilər.

Həmin gün həm də Əlahiddə Ümumqoşun Ordusunun yeni Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsi ilə əlamətdar oldu.

Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi: Naxçıvan ordusu bu gün güclü ordudur və Naxçıvan Ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir.

Ölənlərin əvəzinə
Qalanımız Vətən! – desin

Deyirlər torpaq su ilə suvarılanda  palçıq, qan ilə suvarılanda VƏTƏN olur. Bu gün üstündə gəzdiyimiz bu vətəni öz qanları bahasına qoruyan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bu torpağı, bu vətəni bir də ona görə sevirik ki, o bizə şəhidlərimizin əmanətidir. Biz onlarla yaşayırıq, biz onlarla yaşadırıq, biz onlarla yaşlanırıq… Böyük türk şairi Məhmət Akifin təbirincə desək :

Basdığın yerləri “torpaq” deyərək keçmə, tanı: 
Düşün altındakı minlərlə kəfənsiz yatanı!!!

Müdriklər deyirlər ki, boş zaman yoxdu, boşa keçirilmiş zaman var.  Bü günkü parad bir daha sübut etdi ki, Naxçıvanda ötən 25 ilin bir anı belə  boşa keçirilməyib, qədim diyar başdan-başa tikilib-qurulmaqla, yenilənməklə bərabər, həm də gücünə güc qatıb. Əlincə yenilməzliyi qazanıb, tarixinin ən mübariz ordusuna sahib olub.

Düzdür, biz həmişə qurub-yaratmışıq, tikmişik, amma dəfələrlə işğalçılar Naxçıvanı yerlə-yeksan edib, külə döndəriblər…

Deyirlər ki, QƏLƏBƏ – qələbə mənimdir deyib Vətən üçün qan tökənindir.

İnanın, bu günkü paradda şəxsi heyətə və döyüş texnikalarına “dur” komandası verilməsəydi, onlar qədim şəhərimizə – İrəvana qədər gedib çıxardılar.  Bax, budur iş, budur yaratmaq eşqi, budur vətənpərvəliyin Naxçıvan nümunəsi.

Vətən! – desin
Qəlbimizin hər duyğusu,
hər vurğusu Vətən! – desin.

Az qalıb, çox az qalıb. Bu gün parada çıxan zirehli texnikaların səsi Naxçıvana çox yaxın olan Şuşada,  Kəlbəcərdə, Xankəndində, Laçında da eşidildi. Çox keçməz, özləri də orda görünərlər. Təki qəlbimizin hər vurğusu vətən desin.  Və birdə hər birimiz özümüzə əsgər forması alıb onu geyinəcəyimiz günü səbirsizliklə gözləyək…

 Fərqi yoxdur, harda olaq,

Zamanımız, məkanımız
Vətən! – desin…

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: