BMT-yə üzv dövlətlər qaçqınlar üzrə Qlobal Sazişi təsdiq ediblər

92

Dekabrın 17-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı baş qərargahında təşkilata üzv dövlətlər təqib və ya müharibələr nəticəsində qaçqın düşmüş insanların müdafiəsi haqqında Qlobal Sazişi təsdiq ediblər.

NUHÇIXAN BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, təşkilatın Qaçqınların işi üzrə Ali komissarı Filippo Qrandi bununla bağlı keçirdiyi mətbuat konfransında bu sənədin qaçqınların müdafiəsi işini hüquqi müstəviyə keçirdiyini bildirib. “Dövlətlər etiraf etməli oldular ki, çoxlu sayda qaçqınları qəbul edən ölkələr bəşəriyyətə böyük xidmət göstəriblər. Bu sənəd digər ölkələrin də onların yükünü paylaşmasına imkan yaradır”, -deyə ali komissar əlavə edib.

Ekspertlərin qənaətinə görə, bu sənəd indi daha aktualdır. Belə ki, hazırda bütün dünyada 68,5 milyon insan öz doğma yurdunu tərk etməyə məcbur olub. Onlardan 25,4 milyonu başqa ölkələrdə sığınacaq axtarır. Qaçqınların 90 faizi isə inkişaf etmiş ölkələrə üz tutur. Halbuki bu ölkələrin bir çoxunda da iqtisadi və sosial problemlər mövcuddur. Bu sənəd dövlət və özəl sektorun vəsaitləri hesabına həmin ölkələrin infrastruktur sisteminə, səhiyyə və təhsil sahələrinə sərmayələr qoyulmasını nəzərdə tutur.

Sənəddə bildirilir ki, qaçqınlara təhsil almaq və yaşadıqları ölkənin cəmiyyət həyatında fəal iştirak etmək üçün şərait yaradılmalıdır. Sazişin müəllifləri qaçqın probleminin ekoloji tarazlığa təsiri məsələsini də nəzərə alıblar. Yoxsul ölkələrə sığınmış insanların digər dövlətlərə köçürülməsi üçün ailələrin birləşdirilməsi, tələbə və humanitar vizaların verilməsi yollarından da istifadə olunacaq. Eyni zamanda, sənəddə göstərilir ki, problemin optimal həlli qaçqınların könüllü olaraq evlərinə qayıtmasıdır. Bunun üçün onların öz vətənində təhlükəsizliyi təmin edilməlidir. Sazişin bütün şərtlərinə əməl edilməsinə nəzarət etmək üçün dörd ildə bir dəfə keçiriləcək Qlobal Forumda hökumətlərin bu sahədə hesabatları müzakirə olunacaq.

Xatırladaq ki, bir həftə əvvəl BMT-yə üzv dövlətlər Mərakeşdə təhlükəsiz, nizamlanan və leqal mühacirət üzrə Qlobal sazişi qəbul ediblər. Həmin sənəd bu həftə Baş Assambleyada təsdiq olunacaq.

Sənəddə qeyd olunub ki, qaçqınlarla mühacirlər arasında əsas fərq birincilərin öz evlərini məcburi şəkildə tərk etməsi, ikincilərin isə yaxşı həyat axtarmaq üçün qanunsuz olaraq başqa ölkəyə köçməsidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: