Beş Xəzəryanı ölkənin Prezidentinə “Caspian Energy Award” mükafatı təqdim olunacaq

209

“Caspian Energy” və “Caspian European Club” “Xəzərdə siyasi, iqtisadi və sosial əməkdaşlığın inkişafına verdiyi xüsusi töhfələrə görə” nominasiyasında beş Xəzəryanı ölkənin Prezidentinə beynəlxalq “Caspian Energy Award-2018” mükafatını təqdim edəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə AZƏRTAC-a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

T.Əliyev qeyd edib ki, bu mükafat tarixi sənədə – Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyaya imza atmış beş Xəzəryanı ölkənin Prezidentinə təqdim olunacaq.

O, həmçinin əlavə edib ki, beynəlxalq mükafatın prezidentlərə fərdi qaydada təqdim olunması ilə bağlı daha sonra ətraflı məlumat veriləcək.

“Beynəlxalq “Caspian Energy Award” mükafatının statueti yuxarı hissəsində bir əlin beş barmağının – bərabər paylanmış 5 dövlətin təsvir olunduğu neft fontanını simvolizə edir. Şərti olaraq ələ bənzədilmiş statuetin mərkəzində isə eyni taleli beş Xəzəryani dövləti bir-birinə bağlayan Xəzər dənizi təsvir olunub”, – deyə o qeyd edib.

T.Əliyevin sözlərinə görə, “Caspian Energy Award” mükafatı Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadi inkişafına və biznes cəmiyyətinə inteqrasiyasına töhfə vermiş dünya liderləri layiq görülür və beynəlxalq biznesin fəallığına, dünya arenasında yüksək nüfuza, investisiya cazibədarlığının əks olunmasına, region dövlətlərinin iqtisadiyyatının açıqlığına xidmət edir.

Sıralarında dünyanın 70 ölkəsinin 5 mindən çox şirkət və təşkilatını birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə yaradılıb. 2016-cı il dekabrın 24-də “Caspian American Club”, 2018-ci il yanvarın 26-da “Caspian Asian Club” təsis olunub. Hər iki təşkilat 2 il ərzində “Caspian European Club”un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. “Caspian European Club”a daxil olan bütün şirkətlər avtomatik qaydada “Caspian American Club” və “Caspian Asian Club”un, “Caspian American Club” və “Caspian Asian Club”a daxil olanlar isə “Caspian European Club”un üzvü hesab olunurlar.

Yarandığı ilk gündən “Caspian European Club”un sədri Azərbaycan Prezidentidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: