Azərbaycan tələbələrinin II qurultayı başlayıb - YENİLƏNİB

166

Dekabrın 21-də Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı başlayıb.

Qurultayın keçirilməsi Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb.

NUHÇIXAN xəbər verir ki, əvvəlcə qurultay iştirakçıları Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

Qurultay Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlayıb.

Qurultayda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak ediblər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın qurultay iştirakçılarına təbrik məktubunu Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxudu.

Baş nazirin müavini Əli Əhmədov çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Əli Əhmədov gənclərin və tələbələrin Azərbaycan əhalisinin əhəmiyyətli qismini təşkil etdiyini, onların ölkənin siyasi, iqtisadi, sosial həyatında mühüm rol oynadıqlarını qeyd edib və qurultayın işinə uğurlar arzulayıb.

Təhsil naziri Ceyhun Bayramov ölkədə həyata keçirilən təhsil və gənclər siyasəti barədə ətraflı məlumat verərək tələbə-gənclərin dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Nazir “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsindən ötən 5 il ərzində ali təhsil sisteminin təkmilləşdirildiyini, universitetlərin kadr potensialı və maddi-texniki bazasının gücləndirildiyini, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atıldığını qeyd edib. Ötən dövr ərzində Azərbaycan Avropa Ali Təhsil Məkanının bərabərhüquqlu üzvünə çevrilib, ali təhsil müəssisələrinin fəaliyyəti Bolonya prosesinin tələblərinə uyğunlaşdırılıb.

Nazir qeyd edib ki, bu il qəbul imtahanlarında rekord sayda – 41 minə yaxın gənc tələbə adını qazanıb, 3127 nəfər 600 baldan yüksək nəticə göstərib, 29 abituriyent 700 bal toplayıb. 2090 nəfər 500-dən yuxarı bal toplayan gənc müəllimlik ixtisasını seçib ki, bu da gənclər arasında müəllim peşəsinə marağın artmasını sübut edir. Təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə 2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulub.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində 800 yerlik ən müasir infrastruktura malik tələbə yataqxana kompleksinin inşasının başa çatdırıldığını deyən Ceyhun Bayramov bildirib ki, paytaxtda və regionlarda yeni yataqxana komplekslərinin inşası, Sumqayıt və Gəncə şəhərlərində mövcud yataqxana binalarının əsaslı təmiri və yenidən qurulması tələbələrin təhsil imkanlarının əhəmiyyətli şəkildə genişləndirilməsinə imkan verəcək.

Təhsil naziri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsil aldığını deyib və bildirib ki, hazırda Azərbaycanın ali məktəblərində 76 ölkədən 6 mindən çox əcnəbi tələbə təhsil alır. Ceyhun Bayramov ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin keyfiyyətinin yüksəldilməsində, ikili diplom proqramlarının genişləndirilməsində və xaricdə doktorant hazırlığında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Qurultayda çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov tələbə-gənclərlə bağlı həyata keçirilən layihələr, görülən işlər barədə ətraflı məlumat verib.

Daha sonra Azərbaycan tələbələri haqqında hazırlanmış film nümayiş olunub.

Qurultay tələbələrin çıxışları ilə davam edib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantı Elnur Məmmədli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Lalə Novruzova və başqaları öz uğur hekayələrini bölüşüblər.

Qeyd edək ki, hazırda Azərbaycanın ali məktəblərində bakalavr səviyyəsində 157 662, magistratura səviyyəsində 13 442, orta ixtisas təhsili müəssisələrində 51 819 tələbə təhsil alır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: