AMEA-nın İctimai Elmlər Bölməsi üzrə 35 məqalə impakt faktorlu jurnallarda dərc edilib

139

Dekabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin (İEB) ümumi yığıncağı keçirilib.

AMEA-dan NUHÇIXAN-a bildiriblər ki, tədbirdə bölmə üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri, mühüm nəticələrin icraçıları və aidiyyəti üzrə şəxslər iştirak ediblər.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli əməkdaşları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi”nin keçirilməsi və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında müvafiq sərəncamlarını xatırladan akademik bildirib ki, AMEA-da yubileylə bağlı bir sıra işlər görülüb. O, AMEA-nın Rəyasət Heyətinin bu sənədlərin icrasından irəli gələn məsələlərin həlli ilə bağlı təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, İctimai Elmlər Bölməsinin elmi müəssisələrində tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb, həmçinin hesabat ilində görülən digər işlərdən danışıb.

Bölmənin akademik-katibi, akademik Nərgiz Axundova bildirib ki, hesabatlar Rəyasət Heyətinin “AMEA-nın elmi müəssisələrində 2018-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında” müvafiq qərarına uyğun olaraq hazırlanıb. Akademik hesabatların institut və təşkilatlarda görülən işlər, keçirilən tədbirlər, beynəlxalq əməkdaşlıq, il ərzində alınan mühüm elmi nəticələr və digər göstəricilərə əsasən hazırlandığını əlavə edib.

Alim bölmənin institutlarında keçirilən respublika və beynəlxalq səviyyəli tədbirlərdən, beynəlxalq əməkdaşlıq istiqamətində atılan əhəmiyyətli addımlardan, AXC-nin 100 illik yubileyi münasibətilə görülən işlərdən danışıb.

Mühüm elmi nəticələri diqqətə çatdıran N.Axundova bildirib ki, hesabat ilində 9 elmi istiqamətdə 34 problem üzrə 139 mövzu, 325 iş üzərində elmi tədqiqat işləri aparılıb. Bölmənin institutları tərəfindən 2232 əsərin nəşr edildiyini deyən alim vurğulayıb ki, bunlardan 161-i kitab, 1721-i məqalə, 350-si isə tezisdir. N.Axundova 8 kitabın, 326 məqalənin və 48 tezisin xaricdə çap olunduğunu deyib. Bölmə üzrə 35 məqalənin impakt faktorlu jurnallarda dərc edildiyini deyən akademik-katib cari ildə İEB-nin alimlərinin əsərlərinə 1370 istinadın olduğunu diqqətə çatdırıb. Natiq hesabat ilində bölmənin yeni impakt faktorlu jurnallarının təsis edildiyini də söyləyib. 2018-ci ildə bölmə tərəfindən 19 beynəlxalq və 27 respublika konfransının keçirildiyini bildirən N.Axundova fəlsəfə doktorluğu üzrə 8, elmlər doktorluğu üzrə 12 nəfərin müdafiə etdiyini, o cümlədən 5 qrant qazanıldığını vurğulayıb.

Tədbirdə Tarix, Arxeologiya və Etnoqrafiya, Şərqşünaslıq, Fəlsəfə, İqtisadiyyat, Hüquq və İnsan Haqları, Elm Tarixi, Qafqazşünaslıq institutları və Milli Azərbaycan Tarixi Muzeyinin hesabatları təqdim edilib. Daha sonra bölmə üzvlərinin və kənar təşkilatların mühüm nəticələri diqqətə çatdırılıb.

Məruzələr dinlənildikdən sonra müzakirələr aparılıb, bölmə hesabatların Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.

Sonda cari məsələlərə baxılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: