“Discovery Azerbaijan” jurnalının yeni yay nömrəsi çapdan çıxıb.
NUHÇIXAN xəbər verir ki, jurnalın yeni nömrəsində adında, tarixində qədimliyi və müasirliyi yaşadan, narla assosiasiya olunan, dünyanın nar istehsalı mərkəzlərindən birinə çevrilən Göyçayı daha yaxından tanımaq imkanı olacaq. Göyçayın qonşusu Ağdaş da diqqətdən kənarda qalmayıb. Dahi Üzeyir Hacıbəylinin şəxsi royalını məhz bu rayonda tapıb dilə gətirmək, habelə rayon mərkəzindəki rəmzi ağ daşın üstündə oturub dincəlmək olar. Milli Məclisin deputatı, politoloq və beynəlxalq icmalçı Elman Nəsirovla müsahibə də jurnalın bu nömrəsində yer alıb.
İlk baxışda komediya kimi görünən, əslində isə insan münasibətlərini tragikomediya janrında təqdim edən, tamaşaçını düşündürən, münasibətləri gözdən keçirməyə vadar edən bir film – “Bəxt üzüyü” haqqında məqalə də oxucular üçün maraqlı olacaq.
Səyahətlərimizin reallaşmasına öz töhfələrini qatan pilotlar da diqqətdən kənarda qalmayıb. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin hava gəmisi komandiri Sərxan Məhərrəmovla maraqlı müsahibəni jurnalın yay buraxılışında oxuya bilərsiniz. Çoxumuzun səadət dalınca getdiyi möhtəşəm Səadət Sarayının memarlıq xüsusiyyətləri, “asudə vaxtımı necə keçirim və həm də bundan necə pul qazanım?” deyənlər üçün bərbəzək, aksesuarlar hazırlamağın incəlikləri də jurnalın yaradıcı heyəti tərəfindən araşdırılıb.
Türkün tarixində böyük rolu olan, cəng meydanında ərləri və övladları ilə çiyin-çiyinə vuruşan məşhur xanımlar, xatunlar da yeni nömrənin mövzusuna çevrilib.
İş adamı Fərid Novruzini isə tamam başqa aspektdən, zirvələr fəth etməyi qarşısına məqsəd qoyan, dünyanın dörd bir tərəfində təbii gözəllikləri görməyi hədəfləyən bir səyyah kimi tanıyacaqsınız.
Romantika, estetik gözəllik, incəsənət və mədəniyyət ölkəsi olan Fransaya virtual səyahət də yay buraxılışında öz əksini tapıb. Bu ecazkar ölkəyə ilin dörd fəslində düşünmədən və səbəbsiz getmək olar. Jurnal əməkdaşlarının bələdçiliyi ilə Fransanın ən iri dəniz limanı Marseli gəzmək, dünyanın ən məşhur mətbəxlərindən sayılan ləziz fransız təamları ilə tanış olmaq istəyirsinizsə, “Discovery Azerbaijan”ın yay buraxılışını qaçırmayın. Fransanı həm də “yerlisindən”, bu ölkənin Azərbaycandakı səfiri xanım Orelia Buşezin dilindən kəşf edəcəksiniz.