Azərbaycan Ordusu Aprel qələbəsi ilə torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə inamı qətiləşdirdi

365

Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək.

Prezident, Ali Baş Komandan İlham Əliyev

Tarixdən məlumdur ki, bütün müharibələr və münaqişələr dövründə ölkənin ərazi bütövlüyünü qorumaq, başqasının torpağına göz dikən düşməni məğlubiyyətə uğratmaq, işğalçı qüvvələrin əməllərinə son qoymaq üçün güclü orduya sahib olmaq əsas şərtdir. Hələ ötən əsrin sonlarından Azərbaycanın məcburən cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində torpaqlarımızın ərazisinin 20 faizinin işğalı bu gün də davam edir. Ölkəmiz bu problemin həlli üçün hələlik sülh, danışıqlar yolunu seçib. Bununla yanaşı, yağı düşməni torpaqlarımızdan qovmaq üçün Ordumuzun daha da gücləndirilməsi yolunda ciddi işlər görülür. Ermənistanın Azərbaycanın beynəlxalq qaydalar çərçivəsində addımlar atmasından, sülh prosesindən sui-istifadə edərək münaqişənin həllinin yubadılmasına çalışması nəhayət sonlandırılacaq.

Bunun üçün ən əsas yük Ordumuzun üzərinə düşür. Bu gün qürurla deyə bilərik ki, regionun ən qüdrətli ordusu olan Silahlı Qüvvələrimiz qarşıya qoyulan məqsədlər uğrunda hər zaman döyüşə hazırdır. İndiki halda münaqişənin həlli üçün əsas olan döyüş qabiliyyətinin və ruhunun gücləndirilməsidir. Bu istiqamətdə atılan addımlar təqdirəlayiqdir və düşməni həyəcan altında saxlamaq üçün ideal plandır. Təbii ki, indiki dövrdə münaqişənin həllində Qələbənin təminatı üçün əlverişli vaxt və zaman mövcud olmalıdır. Müharibə elan etmək qarşı tərəfə fürsət vermək demək olar. Ona görə bunun ən optimal yolu düşməni sarsıtmaq, daim qorxu içində saxlamaq üçün uğurlu döyüş əməliyyatları hazırlamaq və vaxtaşırı həyata keçirməkdir. Belə əməliyyatlar birbaşa düşmənin sarsıdılmasına yönəlir və onu bir növ rahatlaşmağa, əl-qol atmağa imkan vermir, gərginlik altında saxlayır. Bu mənada Azərbaycan Ordusunun son dövrlərdə bir sıra uğurlu əməliyyatları olub. Bunların içərisində Horadiz əməliyyatını və parlaq tarixi qələbənin başlanğıcını qoyan şanlı Aprel döyüşlərini xatırlatmaq kifayət edər.

Ordumuzun 1994-cü ildə keçirdiyi Horadiz əməliyyatı Azərbaycanın hərb tarixinə qürurverici qələbə kimi həkk olunub. Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü ilin yanvarında həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20-dən çox kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. Bu uğurlu əməliyyat bir özəlliyi ilə də yadda qalıb. Bu əməliyyat ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Azərbaycan Ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsində hərbçilərlə görüşərək onlarda ruh yüksəkliyi yaratması nəticəsində nail olub. Həmin döyüşlərdə Ordumuz düşmənə güclü zərbə endirib, şəhidlərimizin qisasını alıb, düşmənə öz gücünü göstərib. Horadiz əməliyyatı zamanı düşmənin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib, onlarla döyüş texnikası, xeyli sayda silah-sursat ələ keçirilib. Hərb tariximizin parlaq səhifələrindən olan Horadiz əməliyyatının Qarabağ müharibəsi tarixində xüsusi yeri var. Məhz Horadiz əməliyyatı ilə Azərbaycan Ordusunun qələbə əzmi özünə qayıdıb. Azərbaycan Ordusunun uğurlu döyüşlərindən danışarkən şanlı Aprel döyüşlərini yaddan çıxarmaq olmaz. Aprel zəfərini uğurlu Horadiz əməliyyatının davamı kimi də qiymətləndirmək olar.

1994-cü il mayın 12-də cəbhədə rəsmən atəşkəs elan olunmasına baxmayaraq, ermənilər hələ də atəşkəs rejimini pozmaqda davam edirlər. Lakin Azərbaycan Ordusunun qəhrəman əsgərləri ön xətdə düşmənə layiqli cavab verir, işğalçı ordunun təxribatlarının qarşısını qətiyyətlə alırlar. 2016-cı ilin aprelində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenidən düşmənə öz gücünü göstərdi.

2016-cı il aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı.

Ermənistan silahlı qüvvələri bu döyüşlərdə böyük itkilər verdi. Düşmənin 320-dən artıq hərbçisi məhv edildi, 500-dən artıq hərbi qulluqçusu yaralandı, 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılmasına imkan verən strateji mövqelər ələ keçirildi.

Gəlin, Aprel döyüşlərində Azərbaycan Ordusunun düşmənə endirdiyi əks-həmlə zərbələrinin nəticələrinə diqqət yetirək. İlk olaraq qeyd etmək lazımdır ki, Ermənistan ordusunun təxribatlarına cavab olaraq 2016-cı il aprelin əvvəllərində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində yaranan rezonans Ermənistanın siyasi-hərbi rəhbərliyində dərin çatların əmələ gəlməsinə səbəb oldu ki, bunun nəticələrini biz bu gün də Ermənistan cəmiyyətində müşahidə edirik. Nəticədə erməni xalqı öz “şanlı ordusunu” tanıdı, eyni zamanda, bu ölkədə işğalçılığın və seperatizmin dövlət səviyyəsində dəstəkləndiyi təsdiq olundu. Bu gün ermənipərəst qüvvələr, münaqişənin həllinə ikili standartlarla yanaşan bəzi qurumlar həqiqətə göz yumsalar da, əslində, hər şey aydındır. Rəsmi Yerevan 20 ildən artıqdır işğalçılıq siyasətini davam etdirərək bölgədə sabitliyə, sülhə ən böyük təhlükə yaradır.

Aprel zəfərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıldı və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdi. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Erməni xalqı artıq bilir ki, Azərbaycan torpaqlarında onlara yer yoxdur. Erməni xalqı, eyni zamanda, dünya ictimaiyyəti də başa düşdü ki, işğal edilmiş ərazilərin hərb yolu ilə azad edilməsi mümkündür. Azərbaycan xalqı, dövləti və ordusu buna tam qadirdir.

Uğurlu Aprel əməliyyatından sonra Ermənistanın işğalçılıq siyasəti danılmaz faktlarla yenidən təsdiqləndi. Belə ki, döyüşlərdə ölənlərin əksəriyyətinin Ermənistan hərbi qulluqçularının olması, onların Ermənistan hökuməti tərəfindən mükafatlandırılması, yaralıların böyük bir hissəsinin Ermənistanın tibb müəssisələrində müalicə alması və dövlət tərəfindən “seperatçı cəlladların” könüllü adı altında yenidən Qarabağa göndərilərək erməni ordusunun qoyub qaçdığı səngərlərə doldurulması cəhdi və s. faktlar buna əyani sübutdur.

Aprel döyüşlərindən sonra tam aydınlığı ilə üzə çıxan məsələlərdən biri də Ermənistan ordusunda hökm sürən rüşvətxorluq, özbaşınalıq, korrupsiya hallarıdır. Bu ölkənin Müdafiə Nazirliyində “təmizləmə” işləri başlandı. Müdafiə naziri Seyran Ohanyanın istefası ilə nəticələnən proses bu gün də davam edir. Bununla kriminal rejim bəzi vəzifəli şəxsləri günahkar bilərək xalqı sakitləşdirmək və aprel uğursuzluqlarına səbəb olan səriştəsizliklərini ört-basdır etmək istəyir. Deyilənlərə sübut olaraq yüksək rütbəli ordu mənsublarının işdən azad edilməsi və cinayət məsuliyyətinə cəlb olunması barədə məlumatları göstərmək olar.

Azərbaycanın iqtisadi gücü, ordumuzun qüdrəti Ermənistanda hökm sürən rejimin dağılmasına, tam çökməsinə səbəb olacaq təsirlər göstərmək və torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin etmək üçün yetərlidir. Buna hər kəs əmin ola bilər. Aprel döyüşləri Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan hərbi yolla azad etməyə qadir olduğunu bir daha göstərdi. Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan bir qarış torpağını da düşmənə güzəştə getməyəcək və Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu ola bilməz.

Eyni zamanda, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun son illər ən yeni silahlarla təchiz edilməsi istiqamətində görülən işlər Ermənistanı ciddi narahat edir. Təcavüzə məruz qalan, əraziləri işğal altında olan bir dövlətin özünü və ordusunu gücləndirməsi, ilk növbədə, bu xalqın və dövlətin borcudur, vəzifəsidir, qanuni haqqıdır. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, bizim ordumuzu gücləndirməyimiz, müasir silahlarla təmin etməyimiz təbii haldır. Əgər bu münaqişə ədalətli həll olunsaydı, çoxlu yeni silah-sursat almağa da lüzum qalmazdı.

Aprel əməliyyatlarında – dörd gün davam edən döyüşlərdə Azərbaycan Ordusu qarşıya qoyulan məqsədinə nail oldu. Bəli, bu müharibə yox, əks-həmlə döyüşləri, cavab zərbələri idi. Azərbaycan hərbi rəhbərliyinin rəsmi açıqlamalarında da deyildiyi kimi, bu, ilk addım, uzun sürən fasilədən sonra bir başlanğıc idi.

Bu uğurla Ordumuz “cəbhəboyu zonada yaşayış məntəqələrimizin və dinc sakinlərimizin atəşə tutulmasına cavab vermək, insanların təhlükəsizliyini təmin etmək, strateji yüksəklikləri, müəyyən əraziləri azad etməklə, möhkəmlətməklə taktiki üstünlüyə nail olmaq” kimi döyüş tapşırığını tərəddüd etmədən yerinə yetirdi. Əsgərimizin gücünü, qüdrətini görən düşmən anladı ki, əgər xain əməllərindən əl çəkməzsə ona bir daha sərt cavab, layiqli dərs veriləcək. Bunların hamısına Azərbaycan Ordusu apreldə əldə etdiyi qələbə ilə nöqtə qoydu və tariximizə daha bir neçə qürurverici günlər yazdı.

Torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi mütləqdir. Aprel döyüşləri göstərdi ki, Silahlı Qüvvələrimizin gücü, qüdrəti bu istəyin bərqərar olmasına yetərlidir. Azərbaycan əsgəri sübut etdi ki, dünya ictimaiyyəti bu məsələnin sülh yolu ilə sonlanmasına nail ola bilməzsə, işğal edilmiş torpaqlarımızın hərbi yolla azad edilməsi mümkündür. Azərbaycan xalqı, Ordusu bu müqəddəs vəzifənin yerinə yetirilməsində əzmlidir. Bunun üçün ölkəmizin iqtisadi, hərbi qüdrəti və ordumuzun döyüş ruhu yetərincədir.

Xüsusi vurğulamaq lazımdır ki, Aprel zəfəri xalqımızın qələbəsidir. Xalqımız əmin ola bilər ki, dövlətimizin diqqət və qayğısına, xalqımızın sevgi və etibarına cavab olaraq Azərbaycan Ordusunun şəxsi heyəti bundan sonra da göstərilən etimadı doğruldacaq və daha böyük qələbələr əldə etmək üçün döyüş, mənəvi-psixoloji hazırlığını günbəgün artıracaq. Ordumuzun şəxsi heyəti Ali Baş Komandanın hər bir əmrinə hazır olaraq torpaqlarımızın işğaldan azad edilməsi kimi müqəddəs vəzifəni şərəf və ləyaqətlə yerinə yetirərək, xalqımızı daim qələbələrlə sevindirməyə hazırdır və qadirdir. Ümid edirik ki, Aprel döyüşləri kimi şanlı tarixi günlərimiz, böyük qələbələrimiz yaxın vaxtlarda daim olacaqdır. Ordumuz uğur qazanacağına heç bir şübhə olmadığını hamıya bir daha göstərdi və bu əməliyyatlarda inam, etibar sahibi, sözündə və əməlində vəhdətin olduğunu sübut etdi, döyüş təcrübəsi qazandı, öz qüdrətinə saslanaraq irəli atıldı. Cəbhəyanı kəndlərdə yaşayan əhali bir daha tam əmin oldu ki, onları qoruyan, onların təhlükəsizliyini təmin etməyə qadir bir güclü qüvvə var – Azərbaycan Ordusu.

İnanırıq ki, yaxın zamanlarda Azərbaycan Ordusu daha uğurlu əməliyyatlarla işğal altındakı torpaqlarımızı azad edərək üçrəngli bayrağımızı doğma torpaqlarımızda dalğalandıracaq.

Məhərrəm İbrahimov

Yazı “Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: