Prezident İlham Əliyev: Azərbaycan dövlətinin qadınlarla bağlı apardığı ardıcıl siyasət onların bərabər hüquq və imkanlarının təmin edilməsinə yönəlib

166

Azərbaycan dövlətinin qadınlarla bağlı apardığı ardıcıl siyasət onların bərabər hüquq və imkanlarının təmin edilməsinə yönəlib.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumunun iştirakçılarına təbrik məktubunda deyilir.

Məktubu Forumda Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Təbrik məktubunda qeyd olunur: “Hörmətli Forum iştirakçıları! Əziz xanımlar! Sizi Azərbaycan Qadınlarının V Forumunun açılışı münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.

Forumun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar keçirilməsinin dərin rəmzi mənası var. Azərbaycan qadınları dünyanın bir çox qabaqcıl ölkələrinin qadınlarından xeyli əvvəl, məhz müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında yaxından iştirak etməyə başlamışlar.

Ötən müddətdə onlar ölkəmizin xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin müasir əsaslar üzərində qurulmasında əzmkarlıqla çalışmış, nailiyyətlərlə zəngin yol keçmişlər. Şərq qadınları arasında bir sıra sahələrdə ilk addımların Azərbaycan qadını tərəfindən atılması ona ənənəvi olaraq cəmiyyətimizdə böyük ehtiram bəslənməsinin, onun öz bilik və bacarığını gerçəkləşdirə bilməsinə lazımi şərait yaradılmasının nəticəsidir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şücaət və qəhrəmanlıqlar göstərmiş qadınlarımız həmin illərin mürəkkəb hadisələri zamanı yüksək vətənpərvərlik, əzm və istiqlal ideallarına sadiqlik nümayiş etdirirdilər. Onlar çoxəsrlik milli-mənəvi dəyərlərimizi, müqəddəs ailə ənənələrimizi bu gün də layiqincə yaşadır, ölkəmizin sosial-iqtisadi və elmi-mədəni potensialının artırılmasında, multikultural və tolerantlıq mühitinin qorunmasında qüvvələrini əsrigəmirlər. Azərbaycan dövlətinin qadınlarla bağlı apardığı ardıcıl siyasət ayrıseçkiliyin bütün formalarını aradan qaldırmaqla qadınların bərabər hüquq və imkanlarının təmin edilməsinə yönəlmişdir.

Forumunuzda qəbul olunacaq qərarların bu siyasətin təkmilləşdirilməsinə töhfə verəcəyinə əminliyimi ifadə edirəm. İnanıram ki, Forum gender bərabərliyi siyasətinin həyata keçirilməsi istiqamətində ölkədə son illərdə görülmüş işləri qiymətləndirəcək, qarşıdakı dövr üçün prioritetləri müəyyənləşdirərək mühüm vəzifələr irəli sürəcək və qadınları Azərbaycanın inkişafı naminə öz fəallıqlarını daha da artırmağa sövq edəcəkdir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: