Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi İsveçrədə qeyd edilib

181

İsveçrənin paytaxtı Bern şəhərində yerləşən Bellevue sarayında Azərbaycan Xalq Cumhuriyyətinin 100-cü ildönümü münasibətilə rəsmi qəbul keçirilib.

NUHÇIXAN xəbər verir ki, qəbulda İsveçrənin xarici işlər üzrə dövlət katibinin müavini Kristina Marti Lanq, İsveçrədə akkreditə olunmuş səfirlər və diplomatik korpusun digər üzvləri, Dünya İqtisadi Forumunun üzvləri, İsveçrə hökumət qurumları və ictimaiyyətinin təmsilçiləri, həmçinin Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası və İsveçrə Konfederasiyasının dövlət himnləri səsləndikdən sonra tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn knyazlığındakı səfiri Xanım İbrahimova açıb.

O budəfəki Respublika Günü tədbirinin əlamətdar tarixi hadisəyə – Azərbaycan Xalq Cumhuriyyətinin 100-cü ildönümünə həsr olunduğunu söyləyib. Azərbaycan Xalq Cumhuriyyəti barədə qonaqları məlumatlandıran səfir 100 il öncə – 1918-ci ildə müsəlman Şərqində ilk demokratik və dünyəvi respublikanın məhz Azərbaycanda qurulduğunu və azərbaycanlıların bununla fəxr etdiklərini bildirib. Azərbaycan Xalq Cumhuriyyətinin proqressiv bir hökumətə sahib olduğu, müsəlman dövlətləri arasında ilk dəfə qadınlara kişilərlə bərabər hüquqların, o cümlədən seçki hüququnun verdiyi vurğulanıb. Ümumiyyətlə, Xalq Cumhuriyyətinin Azərbaycanın dövlətçilik ənənələrini bərpa etdiyi və müasir Azərbaycanın formalaşması üçün yol açdığı qeyd edilıb.

Azərbaycan Xalq Cumhuriyyətinin cəmi iki il ömür sürdüyü və yalnız 70 il sonra – 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini bərpa etdiyi qonaqların diqqətinə çatdırılıb. Lakin müstəqilliyinin ilk illərinin Azərbaycan üçün çox çətin olduğu, Sovet İttifaqının tənəzzülü nəticəsində iqtisadiyyatın çökdüyü və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün vəziyyəti daha da ağırlaşdırdığı qeyd edilib. Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdəbir hissəsi işğal edilib və ölkəmizdə 1 milyon insan məcburi köçkün kimi yaşamağa vadar olub. Çıxışda bu təlatümlü dövrün 1993-cü ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başa çatdığı, Ulu Öndərin gənc dövlətin inkişafı üçün siyasi və iqtisadi bünövrəni qurduğu diqqətə çatdırıb. Bu gün Azərbaycanın ulu öndər Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müasir, təhlükəsiz, sabit və çiçəklənən, multikulturalizmin cəmiyyətin yaşayış tərzi kimi hökm sürdüyü bir dövlət olduğu qeyd edilib. Azərbaycanın artıq bir neçə regional enerji layihələrinin iştirakçısı kimi Avropanın enerji mənbələrinin diversifikasiyasına töhfə verdiyini, 2017-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasiminin keçirildiyini deyən səfir hazırda bu yolun Çindən Avropaya ən qısa yol olduğu bildirib. Eyni zamanda o, hazırda Azərbaycan və tərəfdaşlarının Cənub Qaz Dəhlizini tamamlamaq üzrə olduğunu və bu layihə tamamlandıqdan sonra ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfəsinin daha da artacağı vurğulayıb.

Azərbaycan-İsveçrə əlaqələrinə toxunan səfir İsveçrəni ölkəmiz üçün etibarlı tərəfdaş kimi xarakterizə edib, iki ölkə arasında tərəfdaşlığın qarşılıqlı hörmət və etimada əsaslandığını qeyd edib. İki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrində inkişaf və nailiyyətlər üçün bünövrə rolu oynadığı vurğulanıb. İsveçrənin Azərbaycanın qeyri-neft sektoruna ən böyük sərmayədar olduğu, Azərbaycanın da İsveçrə iqtisadiyyatına sərmayə yatırdığı və ARDNŞ-nin İsveçrədə 6 ildir ki uğurlu fəaliyyət göstərdiyini qeyd edilib.

İsveçrənin xarici işlər üzrə dövlət katibinin müavini Kristina Marti Lanq Azərbaycanla İsveçrə arasında 1992-ci ildə əsası qoyulan diplomatik münasibətlərin getdikcə gücləndiyini bildirib. Qeyd edilib ki, İsveçrə ikitərəfli münasibətlərin müsbət dinamikasının səviyyəsindən məmnundur. Vurğulanıb ki, İsveçrə Azərbaycanın Davos Dünya İqtisadi Forumunda ali səviyyədə iştirakını yüksək dəyərləndirir və ölkə başçıları arasında 2007-ci ildən bəri davam edən görüşləri alqışlayır. İsveçrə rəsmi nümayəndəsi iki dövlətin sıx iqtisadi əlaqələrə malik olduğunu, İsveçrənin Azərbaycanın xarici investisiyaları baxımından üçüncü mühüm dövlət olduğunu, eyni zamanda İsveçrənin Azərbaycana sərmayə qoyan ölkələr arasında ilk onluqda yer aldığını bildirib. O, Azərbaycanın sürətlə inkişaf edən, regionda etibarlı tərəfdaş olduğunu söyləyərək, Bakı-Tbilisi-Qars dəmir yolunu böyük gələcəyə malik mühüm layihə kimi qeyd edib. K.M.Lanq İsveçrənin Azərbaycanın iqtisadiyyatını diversifikasiya etməsi istiqamətində səylərini dəstəkləməyə hazır olduğunu söyləyib.

Daha sonra Azərbaycan Respublikasının Xalq Artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva, gənc istedadlar və beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə (fortepiano), Elvin Qənizadə (skripka) və Cəmilə Qarayusifli (skripka) Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər. Musiqiçilərin ifasında həm əcnəbi, həm də Azərbaycan bəstəkarlarının ölməz əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından bir hissə, Ədilə Hüseynzadənin “O gözü ceyran”, Qara Qarayevin “Vals”, Fikrət Əmirovun “Muğam poeması”, Müslüm Maqomayevin “Azərbaycan” əsərləri səsləndirilib. Xalq Artisti Fidan Hacıyevanın ifasında səslənən „Habanera“, „La Spagnola“ və „Azərbaycan“ əsərləri tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Sonda qonaqlara milli və Avropa mətbəxinin təamlarından ibarət ziyafət verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: