Bir daha çərşənbələr haqqında

170

Qədim əcdadlarımızın, ata-babalarımızın bizə əmanət olaraq qoyduqları milli-mənəvi dəyərlərimizdən biri də Novruz bayramıdır.

Hələ Novruz bayramından əvvəl qışın ilk vaxtlarından başlayaraq qırx gün müddətində Böyük Çillə, ondan sonrakı 20 gündə isə Kiçik Çillə davam edir. Xalq təqviminə görə kiçik çillə fevral ayının 19-u öz ömrünü başa vurub, yerini “boz aya” verir. Boz ay xalq arasında həm də “alaçalpov”, “çillə beçə”, “ağlar-gülər”, və s. adlarla bilinməkdədir. Boz ay kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününə – martın 21-nə qədər olan dövrü əhatə edir. Ayın adının bu cür adlanması onun buludlu, yağışlı, küləkli, bəzən günəşli – bir sözlə dəyişkən olması ilə bağlıdır. Xalq arasında boz ay haqqında bir deyim var. “Boz ay bozara-bozara keçər”. Bu daha çox boz ayın sərtliyi və havaların bozarmasına işarədir. Kiçik çillə ilə Novruz arasındakı boz ay qışdan yaza keçid dövrünü əks etdirir. Xalq arasında boz aya bayram ayı da deyilməkdədir. Müxtəlif adlarla bilinən boz ayın dörd çərşənbəsi çillə çıxartmanı əhatə edir. Azərbaycanın ən qədim yaşayış məskəni olan Naxçıvanda çərşənbələr bu ardıcıllıqla adlandırılmışdır: SU-TORPAQ-YEL-OD.

Folklor yaddaşımızda insanın yaradılışının dörd mərhələdə həyata keçirilməsi düşüncəsinə rast gəlirik. Yaradan əvvəlcə suyu götürdü, onu torpaqla qarışdırıb bir insan modeli hazırladı, sonra ona ruh (nəfəs, hava) verdi, ən sonda isə onu istiliklə təmin etdi (Günəş sistemində müəyyən bir məkanda məskunlaşdırdı). Beləliklə də İlahi tərəfindən həyata keçirilən yaradılış ardıcıllığı çərşənbələrdə qeyd olunaraq yaradana minnətdarlıq hissi kimi ortaya çıxmışdır.

Ən qədim türk dastanı olan “Yaradılış” dastanında da bu ardıcıllıqla qarşılaşırıq. Bildiyimiz kimi “Yaradılış” dünyanın yaranmasından bəhs edən ilk dastan nümunəsidir. Bu dastanın bir çox variantı mövcuddur. Həmin variantların birində deyilir ki,  başlanğıcda hər yer sularla örtülü idi. Tanrı Ülgən quşa dönərək suların üstü ilə uçurdu. Qonmağa bir yer tapmır və bu zaman göydən gələn səs ona Suyun içindən çıxan bir daşa (TORPAQ) qonmasını söyləyər. Ülgən bu daşa qonandan sonra yerin və göyün yaradılmasını düşünür. Bunu necə edəcəyini bilmir. Bu vaxt suların içindən dişi ruh (Ruh-Nəfəs-Yel) Ağ Ana Ülgənə yaradılışı necə həyata keçirməyi izah edər. O da özünə bənzəyən bir Ərlik-ODU yaradır.

Qədim Şumеr əfsanələrinə görə öncə tanrılar mövcud idi, bütün dünya isə dərin sularla örtülmüşdü. Tanrıça Namu dərin sulardan palçıq götürüb оna özlərinə оxşar şəkildə fоrma vеrir, sоnra nəfəs püləyir. Burda su çəkiləndən sonra torpaq götürüldüyünə rast gəlirik. Demək, ardıcıllıqla sudan sonra torpaq gəlir. Sonra nəfəs (yəni yel) püləyir. Sonra isə od-istilik verir.

Çərşənbələr öz müqəddəslik mahiyyətində də təbiətin canlanması ardıcıllığını hifz edir. Belə ki, öz sərt soyuğu ilə “asıb-kəsən” Kiçik çillə başa çatandan sonra təbiətdə mülayimləşmə başlayır. Bu zaman ilk olaraq Su qızmağa, əriməyə başlayır. Bundan sonra Torpaq isinir. Torpağın isinməsindən sonra soyuq və isti havanın qarşılıqlı mübadiləsi prosesi baş verir. Təbiətdə coğrafi hadisələrdən də bizə bəlli olan Soyuq və İsti hava axınının yerdəyişməsindən Külək-Yel əmələ gəlir. Yəni yeni, isti hava axını-Külək havanı qızdırır. Ən sonda isə qeyd olunan əvvəlki ünsürlərin qızmasından sonra Günəşin-böyük Od kürəciyinin hərarəti tamamilə hiss edilir. İnsanlar və təbiət, canlı və cansız bütün varlıqlar Odu-istini duyurlar. Beləliklə, ulu əcdadlarımızın inam sistemi formalaşmış, Suya, Torpağa, Yelə, Oda inam meydana gəlmiş, bu ünsürlərin hər birinə aid müxtəlif ayinlər, mərasimlər təşkil olunmuş, beləliklə də bu gün qeyd etdiyimiz dörd çərşənbə yaranmışdır.

Bəs, görəsən Çərşənbə ənənələri nədən ibarətdir?

Boz ayın ilk çərşənbəsi xalq arasında “Əzəl çərşənbə” kimi tanınan Su çərşənbəsidir. Azərbaycan xalqının inancına görə, yazın nəfəsi öncə suya toxunur. Xalq arasında deyilir ki, bu gündən sulara ixtiyar verilir. Buna görə də bu çərşənbə suyun təzələnməsi ilə əlaqədardır. İnama görə, həmin çərşənbədə su oyanır, saflaşır, təzələnir. Elə ki isti, hərarət suya düşdü, suların donu açılır. Topladığımız etnoqrafik çöl materiallarından görünür ki, Su çərşənbəsində su üstə gedərlər, ancaq su gətirməzlər. Su üstə gedib oradan su götürmək adətinə ilin axır çərşənbəsinin səhəri əməl edərlər. Xalq arasında olan inama görə, həmin gün sudan nə istəsən həyata keçər. Bununla əlaqəli bir deyim də mövcuddur:

 

Su üstə, Novruz üstə,

Bəxtini sudan istə.

 

El-obada su çərşənbəsi ərəfəsində su arxlarını təmizləyər, bulaqların, çeşmələrin gözü açılar, novdanlar, hovuzlar təmizlənər, bərpa işləri aparılardı.

Boz ayın ikinci çərşənbəsi Torpaq çərşənbəsidir. Bu çərşənbədə havaların isinməsi, yazın əlaməti olan bəzi çiçəklərin açması baş verir ki, bu Novruzun xəbəri kimi başa düşülür. Torpaq oyanır və artıq əkinə hazır olduğunu göstərir. El arasında deyərlər ki, “Cəmrə, yəni istilik torpağa düşür”. Torpaqdan buxar qalxır, deməli torpaq qızmışdır, yaz əkininə başlamaq olar. Xüsusən, yazlıq arpa yavaş-yavaş əkilməlidir. Xalq arasında olan inama görə, bolluq, bərəkət rəmzi olaraq Torpaq çərşənbəsində torpağa buğdadan toxum qoyulmalıdır. Evlərdə səməni elə bu çərşənbədən qoyulmalıdır ki, axır çərşənbəyə hazır olsun.

Ədəbiyyat materiallarında qeyd edilir ki, Erkən Orta əsrlərdə Azərbaycanda əkinçiliklə əlaqəli “İsfəndəkan” adlı bayram keçirirdilər. Sonralar bu bayram Torpaq çərşənbəsi adlandırıldı. Bu çərşənbədən başlayaraq artıq çay, bulaq kənarlarında yarpız görünməyə başlayır. Həyət-bacada əsaslı işlərə başlanılır. Bağ-bağata əl gəzdirilir, səliqə-sahman yaradılır. Ağacların qol-budağı budanır, artıq nə varsa yandırılır, ağacların dibi bellənir.

Torpaq insanları yaşayış üçün zəruri olan qida ilə təmin edən real həyati varlıqdır. Torpaq deyər “öldür məni, dirildim səni”. Bu tipli saysız-hesabsız folklor örnəklərimizin də məğzində torpağın bir yaradıcı ünsür kimi insanın yaşayışı və fəaliyyəti üçün əsas stimulverici güc olduğu dayanır.

Xalq təqviminə uyğun olaraq Boz ayın üçüncü çərşənbəsi Yel çərşənbəsidir. Yel çərşənbəsində küləklər əsməyə başlayır və gün ərzində bir neçə dəfə dəyişir. Bu dəyişiklər havanın təmizlənməsi kimi qəbul edilir. Bu dövrdə əsən küləyə “vədə yeli” deyilir.

Bəzi tədqiqatçılar  yazır ki, bu külək ilin müəyyən dövründə müntəzəm əsdiyindən vədə (yəni gözlənilən vaxtda əsən) küləyin adını almışdır. Xalq arasında vədə yelinə həm də “ələyəz yeli” (ələyəz ot adıdır) deyilir. Bir deyimə görə, “ələyəz yeli” qalxdısa, yaz gələr. Ələyəz yelinin hansı istiqamətə əsdiyi bilinməz. Buna uyğun olaraq Naxçıvanda sözü, fikri, əqidəsi bilinməyən adama “ələyəz yelidir, hərdən bir tərəfə əsir” – deyirlər.

Digər bir deyimə görə, “vədə yeli” yazın yelidir. Elə ki, əsməyə başladı, ağacların oyanmasına, köçəri quşların gəlməsinə köməklik göstərər. Köçəri quşlar (leylək, durna, qaranquş) yazın ilk müjdəçiləri hesab edilir. Bu quşların gəlməsi ilə əsl yaz başlayar.

Boz ayın dördüncü, sonuncu çərşənbəsi xalq arasında “ilin axır çərşənbəsi” kimi bilinən Od çərşənbəsidir. Od çərşənbəsi əski görüşlərlə bağlı olub, Günəşə, oda, odu qoruyub saxlamaq inamına tapınma, od kultu ilə əlaqəli yaranmışdır. Hələ çox-çox əvvəllər insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki rəmzi kimi odu müqəddəsləşdirmişlər. Əski zamanlarda insanlarda belə bir inam yaranmışdır ki, onlar odu nə qədər əzizləsələr, oxşasalar təbiət o qədər tez qızınar, isinər, adamlara xoşbəxtlik gətirər. Herodot yazırdı ki, qədim türk tayfalarından olan massagetlər Günəşi yeganə Allah hesab etməklə ona qurban kəsərdilər.

Topladığımız etnoqrafik materiallara görə Od çərşənbəsində yandırılan odun külünü üç yerə səpib mal-qaranı, qoyun-quzunu külün üzərindən keçirərdilər. İnanca görə Od çərşənbəsində yanan odun külünü kom qoymazdılar. Bu hal evə uğur gətirməzdi. Babək rayonunun Payız kəndində yaşlıların verdiyi məlumata görə həmin külü axar suya axıdardırlar.

Od çərşənbəsində tonqallar çatılır, atəşfəşanlıq edilir. Tonqalın ətrafına toplaşan insanlar odun üzərindən atlanmaqla köhnə ildən qalan əzablarını, ağırlıqlarını sanki arxada qoyur və yeni ildə xoşbəxt, firavan həyat yaşayacaqlarına inanırlar. Yandırılmış odun üstündən “ağırlığım, uğurluğum, dərdim, bəlam bu oda tökülsün” deyib tullanarlar. İnama görə, odun üstündən tullanan şəxs il boyu xəstələnməz, dərd-qəm ondan uzaq durar. Xəstə heyvanları, yeni doğulmuş quzuları odun üstündən keçirmək kimi adətlər də mövcud olmuşdur. Yandırılmış odun külünü götürüb bolluq, bərəkət rəmzi olaraq əkin sahələrinə, toyuq-cücələrin üstünə, mal-heyvanın altına səpərlər. Şər qüvvələrdən qorunmaq, onları qovmaq üçün ilaxır tonqalının külündən evin dörd küncünə qoyarlar.

Naxçıvanda “İlaxır çərşənbə” özündən əvvəlki üç çərşənbədən yüksəkdə duran, ən təmtəraqlı qeyd edilən mərasimlərdən biridir. Topladığımız etnoqrafik materiallara görə, axır çərşənbəyə hazırlıq kiçik çillədən sonra başlanır. İlk növbədə həyət-baca təmizlənir, evlər səliqə-səhmana salınır. El arasında buna “külə-külə” də deyərlər. Həmin gün yaxın qohumlar yaslı olan qohumların evlərinə gedib, ağbirçəklərdən icazə alıb onların evlərini təmizləyər, əyinlərindəki yas paltarlarını çıxarıb, bayram libası geyindirərlər. Bu cür evlərdə bütün əşyaların yeri dəyişdirilməlidir ki, evdə “kəsavət” qalmasın. Bayram ayında bir sıra işlərlə yanaşı yaz-tarla işlərinə də hazırlıq görülür.

Axır çərşənbə günündə mərhumları yad etmək üçün qəbristanlığa getmək adəti də vardır. Xalq arasında bu adət “Ata-baba günü”, “Arafa” (köhnə illə təzə ilin arası) adlanır. Bu adətə görə hər kəs öz ölmüş əcdadlarının ruhlarını yad edər. Çərşənbə axşamı qohumlar, qonşular yaslı evlərə gedib onlar üçün də “çərşənbə odu”nu yandırar, beləcə onları yasdan çıxararlar. Çünki yeni ilə yaslı girmək uğurlu sayılmaz.

Axır çərşənbədə hər kəsin evində plov süzülür, ləziz yeməklər hazırlanır, xonça bəzədilir. Kəngərli rayonunun Qarabağlar, Qıvraq və Yurdçu kəndlərində Novruz aşının düyüsündən götürüb ağacların koğuşuna qoyardılar ki, barlı olsun. Şadlıq, yasdan çıxma rəmzi olaraq bar verməyən ağacların dibinə həmin günü xına basdırmaq, qırmızı parça bağlamaq adəti də mövcuddur.

Axır çəşənbədə od yandırdıqdan sonra hər kəs süfrə başında əyləşir. Xalq arasında olan inama görə, həmin gün evində olmayan yeddi il evində olmaz. Axşam düşdükdə oğlan uşaqları evlərə papaq, torba atar, qızlar isə “qulaq falı”na çıxar, niyyət edib qapı pusarlar. Ev yiyələri də çalışarlar ki, həmin günü xoş sözlər danışsınlar.

Xalq arasında keçirilən ən maraqlı adətlərdən biri də “axır çərşənbə”nin səhəri günü Günəş çıxmamışdan “su üstə” getmək adətidir. Bəzi yerlərdə bu adət “novbaşı” adlanır. İlk növbədə insanlar səhər tezdən bulaq kənarına, nov başına gedər, suyun üstündən tullanarlar. Su üstündən tullananda “Allahım ruzimizi bol eylə” deyib, suya buğda atarlar. Şahbuz rayonunun bəzi kəndlərində isə “İlahi, qohumların, ailəmizin ağzını şirin eylə” deyib, suya kişmiş atarlar. Əl-üzlərini yuyar, sudan bir az da içərlər. İnama görə, bu su dərdlərin dərmanıdır, içən xəstələr şəfa tapar. “Çərşənbə suyun”dan insanlar arasında bir-birinin üstünə çiləmə adəti də icra olunur.

Bulaq üstünə gedən qız-gəlinlər bulağın gözündən əl atıb yeddi daş götürərlər. Şərur rayonunda isə “övlad, dövlət, bərəkət” deyib, əyilib sudan üç daş götürərlər. Götürülən daşları yağ küpələrinə, unluqlara, pul kisələrinə qoyardılar ki, bərəkətli olsun. Başqa bir adətə görə isə çör-çöp yığıb, mal-qaranın, bişirilən südün altında yandırardılar ki, ruzi-bərəkətli olsun.

Bu adətlərdə əcdadlarımızın Su, Torpaq, Külək, Od kultuna tapınmasının izləri açıq-aydın görünür. Çərşənbələrdə əzizlənən bu müqəddəs ünsürlərə Azərbaycan türkləri və bütün  türk dünyası qədimdən etiqad etmiş və inanmışlar.

Xalqımıza üzümüzü tutub Suyunuz aydın, Torpağınız bərəkətli, Küləyiniz hərəkətli, Odunuz hərarətli olsun, deyirik.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: