Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri ilə bağlı bəzi statistik göstəricilər açıqlanıb

121

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri imtahandan bir gün sonra – fevralın 26-da elan olunub.

Dövlət İmtahan Mərkəzi (DİM) imtahanla bağlı müəyyən statistik göstəriciləri və həmin göstəricilərin 2017‑ci ildə keçirilən analoji imtahanla müqayisəsinə aid bəzi məlumatları təqdim edir.

DİM-dən naxcivantv.az-a bildiriblər ki, bu il imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı 12.387 nəfər olub. Ötən il isə 13.081 bakalavr ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ərizə təqdim edib. Ötən il magistraturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlardan 109-u, bu il isə 146-sı imtahana gəlməyib. Xatırladaq ki, iki il bundan öncə isə bu rəqəm dəfələrlə artıq – 1.695 nəfər idi.

Bal intervalları üzrə nəticələrin təhlili göstərir ki, ötən il imtahan iştirakçılarının 57.99 faizi (7.523 nəfər) 51 və daha yuxarı bal topladığı halda, bu il həmin göstərici 49.73 faizə (6.087 nəfər) bərabər olub. Həmçinin bu il 41 və daha yuxarı bal toplayanların faizi 77.67 (9.508 nəfər), ötən il isə müvafiq göstərici 81.64 faiz (10.591 nəfər) olub.

Bu il ümumilikdə 2.733 nəfər (22.33 faiz) 40 və daha aşağı bal toplayıb. Ötən il isə müvafiq göstərici 2.381 nəfər (18.35 faiz) idi.

İmtahanın birinci mərhələsində bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunur. Hər bir blok üzrə son beş sual açıq formalı test tapşırıqlarından ibarətdir. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrların hər düzgün cavabı bir balla qiymətləndirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: