Naxçıvanda ilk İnformasiya Agentliyi fəaliyyətə başladı - YENİLƏNİB

5. 111

Mayın 15-də Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində “Nuhçıxan” İnformasiya Agentliyinin təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli çıxış edərək deyib ki, ötən 25 illik zaman kəsiyi bir neçə özünəməxsuz cəhətləri ilə səciyyəvi olsa da, bu dövrün ən böyük uğurlarından biri də ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan söz və mətbuat azadlığının, mediaya qayğı siyasətinin uğurla davam etdirilməsidir.  Bunun bariz nümunələrindən biri də Naxçıvan televiziyası və radiosu, eləcə də bu inkişafın məntiqi davamı kimi meydana çıxan “Nuhçıxan” İnformasiya Agentliyidir. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə teleradio əsl inkişaf dövrünü yaşayır. Mərhələ-mərhələ hərtərəfli şəraitlə təmin olunan Naxçıvan televiziyası və radiosunun maddi-texniki bazası xeyli gücləndirilib, teleradionun binası əsalı yenidənqurmadan sonra istifadəyə verilib, yeni studiya avadanlıqları, videokameralar, avtomobillər, montaj və kompüter dəstləri alınıb, teleradio ən müasir texniki avadanlıqlarla təchiz edilib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq məsələləri ilə bağlı verdiyi tapşırıqların İcra Planına uyğun olaraq 2014-2018-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kadr hazırlığı, maddi-texniki bazanın möhkəmləndirilməsi və yaradıcılıq məsələləri sahəsində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Bunun nəticəsidir ki, 2015-2017-ci illərdə efir vaxtı 2 saat artırılaraq 16 saatdan 18 saata çatdırılıb, 150-dən artıq sənədli və televiziya filmi çəkilib. 2018-ci il iyun ayının 15-dən isə teleradionun efir vaxtı daha bir saat artırılacaq. 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi üçün yeni internet saytının – naxcivantv.az-ın yaradılması və teleradio verilişlərinin internet üzərindən yayımının təşkili Naxçıvanın informasiya blokadasını tamamilə yarıb. Komitədə əsaslı struktur islahatları da aparılıb, yeni “Efirə buraxılış və əlaqələndirmə” direksiyası, Naxçıvan Teleradiosunun “Xalq Çalğı Alətləri Ansamblı”, Televiziyanın “Uşaq, Gənclər və İdman”, “Səhər Verilişləri”, “İnformasiya təminatı və saytlarla iş” redaksiyaları, radionun “Səhər Verilişləri” redaksiyası yaradılıb. Uğurlu islahatların davamı kimi, bu ilin əvvəlindən başlayaraq muxtar respublikanın rayonlarında Naxçıvan televiziyasının yeni müxbir postları fəaliyyətə başlayıb.

Komitə sədri deyib ki, televiziya əməkdaşları son illər sosial şəbəkələrdəki aktivliyini də artırmış, YouTube, İNSTAQRAM, və Facebookda ayrıca səhifələr də yaradılmış, bu səhifələrdə televiziyanın minlərlə videomaterialı yerləşdirilmiş, Naxçıvan televiziyasında ilk dəfə olaraq xəbərlərin ingilis dilində həftəlik yayımına  başlanılmışdır. Bu ilin sonundan etibarən  isə xəbərlərin rus dilində yayımı həyata keçiriləcəkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 6 fevral tarixli “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi haqqında” Sərəncamına əsasən “Nuhçıxan” İnformasiya Agentliyi yaradılıb. Bununla da Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi özünün televiziyası, radiosu, internet saytı və informasiya agentliyi olan böyük bir media qurumuna çevrilir. Agentliyin əsas fəaliyyət istiqamətləri muxtar respublika ilə bağlı ən mühüm hadisələr haqqında informasiyaları, şərh və rəyləri, analitik məqalələri, foto və videoinformasiyaları, rəsmi materialları öz kanalları, beynəlxalq internet şəbəkəsi və sosial şəbəkələr vasitəsilə yaymaqdır.

Sahil Tahirli muxtar respublikada kütləvi informasiya vasitələrinin fəaliyyətinə yaratdığı hərtərəfli şəraitə və agentliyin yaradılmasına göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə kollektiv adından minnətdarlığını bildirib.

Agentliyin fəaliyyətə başlaması münasibətilə muxtar respublikanın kütləvi informasiya vasitələrinin əməkdaşlarını və agentliyin kollektivini təbrik edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş muxtar respublikanın kütləvi informasiya orqanlarını da əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun mətbuat orqanlarına, teleradiolara olan hərtərəfli qayğısı yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olub. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamı kütləvi informasiya vasitələrinin inkişafı sahəsində taleyüklü dövlət sənədinə çevrilib, muxtar respublika mətbuatını yeni inkişaf müstəvisinə çıxarıb.

Qeyd olunub ki, ötən 20 ildə muxtar respublikanın kütləvi informasiya vasitələri böyük inkişaf yolu keçib. “Şərq qapısı” qəzeti və “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi üçün yeni binalar tikilərək istifadəyə verilib, qəzetlərin dövriyyəliyi təmin edilib, müasir çap avadanlıqlarının quraşdırılması hesabına nəşriyyat işinin keyfiyyəti artırılıb, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin binası yenidən qurulub, yeni nəsil rəqəmsal teleradio avadanlıqları quraşdırılıb. Hazırda muxtar respublikada “Şərq qapısı” ilə yanaşı, 8 şəhər və rayon qəzeti, 4 jurnal, universitet televiziya və radiosu da daxil olmaqla 3 televiziya, 3 radio, nəşriyyatlar, Naxçıvan Mətbuat Şurası, Televiziya və Radio Şurası fəaliyyət göstərir, kütləvi informasiya orqanlarında 400-dən artıq əməkdaş çalışır. Naxçıvan Dövlət Televiziyasının, “Şərq qapısı” qəzetinin internet saytlarının istifadəyə verilməsi, Naxçıvan Dövlət Televiziyasının və Radiosunun internet üzərindən yayımlanması, muxtar respublikada ölkə telekanallarının və informasiya agentliklərinin müxbir postlarının fəaliyyət göstərməsi, yeni texnologiyaların iqtisadiyyatın və həyatın bütün sahələrində tətbiqi, sürətli internetə çıxış imkanlarının yaradılması və rəqəmsal yayıma keçid Naxçıvanın informasiya blokadasının yarılmasına, qədim diyarın müasir sosial-iqtisadi inkişafı, tarixi və turizm potensialı haqqında məlumatların oxucu, tamaşaçı və dinləyicilərə daha operativ çatdırılmasına imkan verir.

Muxtar respublikada jurnalist kadrların hazırlanması, gənc jurnalistlərin işə cəlb olunması da diqqət mərkəzində saxlanılır. Muxtar respublikamızda jurnalistlərin əməyinə də daim yüksək qiymətləndirilmiş, sosial müdafiəsi gücləndirilmiş, əməkhaqları artırılmışdır.

Ülvi Hüseynli qeyd edib ki, muxtar respublika rəhbərinin mətbuat işçiləri ilə görüşləri zamanı verdiyi tövsiyə və tapşırıqlar teleradio və qəzetlərin əsas fəaliyyət istiqamətinə çevrilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri demişdir: “İnformasiya vermək, maarifləndirmək, bu günümüzün tarixini yaratmaq, milli dəyərlərimizi təbliğ etmək və ictimaiyyətidüzgün istiqamətləndirmək kütləvi informasiya orqanlarının qarşısında duran əsas vəzifələrdir”.Bu vəzifələrkütləvi informasiya vasitələrinin əməkdaşları, eləcə də  “Nuhçıxan” İnfromasiya Agentliyi üçün əsas fəaliyyət istiqamətidir.

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Sara Əzimova, “Nuhçıxan” İnformasiya Agentliyinin baş redaktoru Səməd Canbaxşıyev və televiziyanın gənc əməkdaşı Yaqub İsayev də tədbirdə çıxış ediblər.

Tədbirdə teleradionun fəaliyyətinə öz işləri ilə töhfə verən,  işlərində fərqlənən əməkdaşların bir qrupuna, eləcə də Naxçıvan teleradiosu ilə səmərəli əməkdaşlıq edən kənar əməkdaşlara hədiyyə və fəxri fərmanlar təqdim edilib.

Sonra “Nuhçıxan” İnformasiya Agentliyinin internet saytının təqdimatı olub.

Komitə sədrinin müavini Xaliq Babayev məlumat verib ki, sayt Naxçıvan televiziyasının əməkdaşları tərəfindən lisenziyalı proqramlarla yığılıb, təhlükəsizliyi üçün lazımi tədbirlər görülüb. Nuhcixan.az domenində yayımlanan saytın eyni zamanda mobil telefonlar üçün interfeysi də hazırlanıb. Saytın əsas bölməsində Naxçıvan Dövlət Televiziyasının və Naxçıvan Dövlət Radiosunun canlı yayım linkləri yerləşdirilib. İstifadəçilər “NTV-canlı” və “104 FM-canlı”  səhifələrinə keçid etməklə Naxçıvan Dövlət Televiziyasını və radiosunu  internet üzərindən birbaşa izləyə bilirlər.

Saytda “Xəbər lenti”, “Rəsmi xronika”, “Siyasət”, “Aktual”, “Dünya”, “Cəmiyyət”, “İqtisadiyyat”, “Elm və təhsil” və “Multimedia” bölmələri yaradılıb. Saytda yerləşdirilən “Multimedia” bölməsi Naxçıvan televiziyanın öz istehsalı olan videomateriallarla daim zənginləşdiriləcək, Naxçıvanın turizm potensialını əks etdirən videoçarxların yerləşdirilməsinə xüsusi diqqət yetiriləcək. Əsas səhifədə yerləşdirilən “Xəbər lenti” üç dildə – Azərbaycan, ingilis və rus dillərində yayımlanacaq.

Tədbirdə Naxçıvan teleradiosunun fəaliyyətini əks etdirən videoçarx da nümayiş etdirilib.

Tədbirin bədii hissəsində televiziyanın yeni yaradılan “Nuhçıxan” Xalq Çalğı Alətləri Ansamblının ifasında musiqi nömrələri təqdim olunub.

Naxçıvan Televiziyasının əməkdaşı, rəssam Vüqar Mehdiyev tədbir boyu işlədiyi “Nuhçıxan” İnformasiya Agentliyinin loqotipinin rəsmini təqdim edib. Tədbir iştirakçıları loqotipin fonunda xatirə şəkli çəkdiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: