Naxçıvan gömrüyündə yenilik - Culfa Gömrük Buraxılış Məntəqəsi 24 saatlıq iş rejiminə keçdi

108

NUHÇIXAN-ın məlumatına görə, bununla bağlı razılıq 2017-ci ilin dekabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun İran İslam Respublikasına rəsmi səfəri və Tehranda keçirdiyi yüksək səviyyəli görüşlər zamanı əldə olunub.  

Qəbul edilmiş qərara əsasən, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı Culfa-Culfa sərhəd gömrük buraxılış məntəqəsi bu gündən etibarən 24 saatlıq iş rejiminə keçirilib.

Qeyd edək ki, bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov İranın Şərqi Azərbaycan Vilayətinin gömrük idarəsinin rəisi Əliəsgər Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini müzakirə ediblər.

Tərəflər ağır tonnajlı yük maşınlarının gediş-gəlişi zamanı yaranan çətinliklərin aradan qaldırılması, müəyyən olunmuş normalar əsasında vətəndaşların çətinliklərlə üzləşmədən sərhəd buraxılış məntəqələrindən rahat gediş gəlişlərinin təmin olunması məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.

Görüşdə qeyd olunub ki, sutkalıq iş rejiminə keçidlə bağlı növbəli iş rejimi təşkil olunub, gömrük sərhəd buraxılış məntəqələrində  fəaliyyət göstərən müvafiq strukturlar yeni iş rejiminə uyğunlaşdırılıb. Sutkalıq iş rejiminə keçid Culfa – Culfa sərhəd-keçid məntəqəsindən istifadənin daha da yaxşılaşmasına, yüklərin fasiləsiz daşınmasına, xarici ticarət dövriyyəsinin artmasına, tranzit imkanlardan daha geniş istifadəyə şərait yaradacaq.

Xatırladaq ki, Culfa-Culfa sərhəd gömrük buraxılış məntəqəsinin yük xətti bu günə qədər  12  saatlıq iş rejimində xidmət göstərirdi. Bu qərardan sonra həm yuklərin, həm də sərnişinlərin 24 saatlıq keçidi təmin ediləcək, İran ərazisindən keçməklə paytaxt Bakı şəhərinə və Azərbaycanın digər ərazilərinə günün  istənilən vaxtında getmək mümkün olacaq.

 

Vüsal Muradov

NTV Xəbər

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: