Aleksandr Sergeyeviç Qriboyedov XIX əsrdə nəinki rus, həmçinin dünya ədəbiyyatına bir gənclik ruhu, dahi düşüncəsi gətirmişdi. O, gənc yaşlarında intellektual dünyagörüşünə malik bir şəxsiyyət kimi formalaşıb. Gözəl müşahidə qabiliyyəti, geniş düşüncə tərzi, iti mühakiməsi ilə ətrafında olanlardan seçilirdi. 17 yaşı olanda Qriboyedov artıq bir neçə dil bilirdi. O, fransız, ingilis, alman, italyan, ərəb, fars dillərini danışa bilir, natiqlik, dramaturgiya, nasirlik və poeziya sahəsində də öz biliyini sınayırdı. Tələbə ikən Napoleonla müharibənin qızğın dövründə hökumət Moskva Universitetinin tələbələrinə müraciətnamə göndərir. Qriboyedov könüllü sürətdə Qusar alayına daxil olur və onun Azərbaycanla əlaqəsi başlayır. 23 yaşında Borçalı yolu ilə Xram çayı üzərindən keçərək İrana gedən A.S.Qriboyedov il yarımdan artıq İranda qalıb və əsir düşən rus əsgərlərini geri qaytararkən müşayiət edəndə yolu Naxçıvandan düşür. O vaxtlar karvan yolu hesab olunan Haça dağın ətəyindən uzanan və Qazançı kəndindən keçən Qarabağ və Gəncə yolu ilə Tiflisə gəlir. Orada Qafqaz canişini Yermolovun dəftərxanasında xarici işlər üzrə nazir işləyir və burda Abbasqulu ağa Bakıxanovla tanış olur. Bu tanışlıq hər ikisinin həyat yolunda böyük dəyişikliklər yaradır. Qriboyedov İrandan qayıdanda Naxçıvanda Kalbalı xanla görüşür. Bu görüş onda demokratik fikirlərin yaranmasına səbəb olur. Sədərəkdə gecələyən şair Naxçıvanla bağlı xatirələrində yazır ki, Naxçıvan uzun bir təpəlik üzərində yerləşir ki, bu da Qarabağ dağlarının davamıdır. Rus-İran müharibəsi dövründə tərtib etdiyi gündəlik qeydlərində də Naxçıvan haqqında xeyli məlumat var.
1828-ci ildə Qriboyedov yenidən İrana qayıdır. Təzə səfirin tez-tez xəstələnməsi onu narahat edir. Ona görə də yolüstü Culfada da dayanmalı olur. Artıq Naxçıvanla yaxından tanışlıq və bu zaman Rusiya İmperiyası tərəfindən Azərbaycanda həyata keçirilən siyasət onu qane etmirdi. Qriboyedov Paskeviçə narahatlıq hisləri ilə dolu bir məktub yazır: “Türkmənçay müqaviləsindən sonra ermənilərin Naxçıvan vilayətinə köçürülməsi düşünülməmiş bir addım idi. Əvvəllər Naxçıvanda çox az miqdarda barmaqla sayılan qədər erməni yaşayıb. İrandan köçürülən ermənilərin sayı süni surətdə Naxçıvanda yaşayan köklü müsəlman əhalisinin sayına çatdırılır. Amma tatarların (azərbaycanlıların.red) şüurundakı narazılıq və etiraz ən yüksək həddinə çatmaqdadır”.
33 yaşlı diplomatın fikirləri az bir zaman içərisində özünü doğrultdu. Qriboyedovun bu məktubda yazdıqlarına diqqət etsək, görərik ki, onun ermənilərə xüsusi sevgisi və pərəstişi olmayıb. Əksinə onların iç üzünü görən, məkrli niyyətlərini dərk edən diplomat olub. Rus imperatoruna ünvanladığı məktubunda Qriboyedov yazır: “Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar və “bura bizim dədə torpaqlarımızdır” deyəcəklər”.
A.S.Qriboyedovun böyük müşahidə və mühakimə qabiliyyəti tezliklə özünü doğrultdu. Yurdsuz-soysuz ermənilər özlərinə yer edəndən sonra torpaqlarımıza sahib olmaq fikrinə düşdülər.
Qriboyedovun uzaqgörənliklə yazdığı fikirləri xain xislətli ermənilər XIX əsrin sonu və XX əsrin əvvəllərindən gerçəkləşdirməyə çalışaraq əzəli türk yurdu olan Naxçıvanda minlərlə günahsız insanı qətlə yetirdilər. İnsanlığa sığmayan əməlləri ilə onlarla arxa-dayaq olmuş xalqımıza qarşı soyqırımı törətməkdən çəkinmədilər.
Bakıxanovla Qriboyedovun dostluğu o qədər möhkəm olub ki, faciəli ölüm xəbərini Qubada eşidən Bakıxanov təcili Tiflisə gedərək onun dəfndə iştirak edib.
Milli adətlərimizə yaxından bələd olan A. Qriboyedovun Azərbaycan xalqının taleyində və həyatında əvəzsiz xidmətləri olub. Naxçıvan mahalının rəisi polkovnik Ehsan xan Naxçıvanski İrandan gətirilən cənazəni şəxsən qarşılamağa çıxıb. Kalbalı xanın nəvəsi Kalbalı Sultanın başçılıq etdiyi 50 atlı ilə müşayiət olunan cənazə batalyon əsgərləri arasından keçirilib, onu hərbi qaydada salamlayıblar. Xüsusi təntənə ilə cənazə İrəvan yolundakı ikinci bulağa qədər müşayiət olunaraq Tiflisə yola salınıb.
Ermənilərin müsəlman torpaqlarında yerləşdirilməsinə etiraz edən və naxçıvanlılar tərəfindən ehtiramla anılan Qriboyedov az yaşamasına baxmayaraq uzaqgörən bir diplomat kimi yaddaşlarda qalıb.
Reyhan Mirzəzadənin “A. S. Qriboyedov: şair-diplomat” kitabında polyak əsilli mütəfəkkir insanın xalqımızla, xüsusən doğma Naxçıvanımızla bağlı fikirləri genişliklə öz əksini tapır. Mənfur qonşularımız ermənilərin torpaqlarımızda yerləşdirildikdən sonra bu yerləri özlərininki hesab etmələrinin səbəblərini araşdırmaq üçün bu kitab qiymətli mənbədir. Belə qiymətli mənbələrə istinad etdikcə Vətən torpaqlarının bütövlüyünü qoruyub saxlamağın yollarını öyrənirik.
Tərlan Məhəmmədqızı
“Arazın səsi” qəzeti