Naxçıvanlı bəstəkarın 70 illiyi Bakıda qeyd ediləcək

286

Naxçıvan Bəstəkarlar Təşkilatının məsul katibi, Əməkdar incəsənət xadimi, bəstəkar Kamal Əhmədovun 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Fevralın 7-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil ediləcək tədbirdə bəstəkarın milli mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışılacaq, sənət fəaliyyəti haqqında məlumat veriləcək.

Filarmoniyadan NUHÇIXAN-a bildirilib ki, tədbir çərçivəsində Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, görkəmli bəstəkar, Xalq artisti Xəyyam Mirzəzadənin sinfində bəstəkarlıq sənətinin sirlərini mənimsəyən K. Əhmədovun təhsil illərində fortepiano üçün yazdığı “Prelüd və fuqalar”, “Variyasiyalar”, tar üçün “Sonata”, simli alətlər ansamblı üçün “Kvartet” əsərləri onun peşəkar yaradıcılığının ilk dövrünü təşkil edir. Konservatoriyada keçirilən konsertlərdə onun bir sıra əsərlərinin ifası musiqisevərlərin rəğbətini qazanıb. Diplom işi kimi böyük simfonik orkestr üçün yazdığı “Cavid” simfonik poeması təhsil illərinin ən mükəmməl və uğuru əsəri hesab edilir. Mahnı yaradıcılığında naxçıvanlı şairlərin əsərlərinə müraciət edən K.Əhmədov “Qızlar bulağı”, “Qoşa çinar”, “Saçlarıma qar da yağdı”, “Gözlərinə baxan zaman”, “Zəfər marşı”, “Anacan”, “Milli Ordumuz”, “Bənövşə”, “Unutdun məni” “Kaman səsi”, “Bu yolu seçdim”, “Keçmə” və digər mahnıların bəstəkarı kimi tanınır.

Xalq Çalğı Alətləri Orkestrinə dərindən bələd olan bəstəkar bir sıra orkestr əsərləri də yazıb. “Cəngi”, “Süita”, “Naxçıvan eskizləri”, “Rekviyem” kimi əsərləri öz orijinallığı ilə fərqlənir. Azərbaycanın azadlığı uğrunda həlak olmuş şəhidlərə həsr olunmuş “Rekviyem” əsəri Xalq Çalğı Alətləri Orkestrinin janr xüsusiyyətlərini aşaraq simfonikliyi ilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, bu əsər dəfələrlə “Şəhidlər” simfoniyası adı altında səsləndirilərək Naxçıvan televiziyası ilə göstərilib. 1985-ci ildən 1997-ci ilədək Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin yaranmasında və formalaşmasında böyük zəhməti olan Kamal Əhmədovun idarəsi ilə bu orkestr Bakı, Sumqayıt və digər şəhərlərdə dəfələrlə müvəffəqiyyətli konsertlər verib. O, bir sıra vokal, instrumental və simfonik əsərlərə müraciət edərək qarışıq xor üçün “Fuqa”, aşıq mahnıları mövzusu əsasında “A-kapellalar”, böyük simfonik orkestr və fortepiano üçün “Konsert”, kamera orkestri üçün “Simfoniya” və digər əsərlər ərsəyə gətirib. Bəstəkarın kamera orkestri üçün yazdığı üçhissəli “Simfoniya” Türkiyənin istedadlı dirijoru Saim Akcılın rəhbərlik etdiyi İstanbul-Borusan Oda Orkestri tərəfindən səslənmiş və orkestrin daimi repertuarına salınmışdır. O, həmçinin “Dəli yığıncağı”, “Dirilən adam”, “Fərhad və Şirin” tamaşalarına da musiqi bəstələyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: