Prezident İlham Əliyev Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasını təsdiqləyib

173

Prezident İlham Əliyev dekabrın 19-da “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Fərmanda qeyd olunur ki, ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb, fermerlərə güzəştli şərtlərlə aqrotexniki xidmətlər göstərilməsi təşkil edilib, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilib. Ötən 14 ildə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ölkəyə 42 mindən çox texnika, 35 mindən çox damazlıq heyvan gətirib, güzəşt tətbiq edilməklə istehsalçılara lizinqə verib və ya satıb. Hazırda istismar müddəti başa çatmaqda olan avadanlığın yenilənməsinə, yüksək məhsuldarlıq hədəflərinə çatmaq üçün innovativ texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsinə, aqrotexniki xidmətlər göstərilməsində rəqabətin və keyfiyyətin yüksəldilməsinə, kənd təsərrüfatına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsinə ehtiyac yaranıb.

Fərmana əsasən, kənd təsərrüfatı istehsal vasitələri bazarında rəqabətyönlü fəaliyyətin təmin edilməsi, texnikanın və damazlıq heyvanların lizinq vasitəsilə güzəştli satışı mexanizminin təkmilləşdirilməsi, özəl aqrotexniki xidmətlərin genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı prinsipi tətbiq edilməklə güzəştlərə yönəldilən büdcə vəsaitindən səmərəli istifadə məqsədilə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası” təsdiq edilib.

Dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlər kənd təsərrüfatı istehsal vasitələrinin (kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların) ticarəti ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərin həyata keçirdikləri satışlara (lizinq və ya kredit yolu ilə) şamil olunub.

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sərəncamındakı əmlakın beynəlxalq nüfuzlu auditor təşkilatı cəlb edilməklə qiymətləndirilməsini həyata keçirəcək və qiymətləndirmənin nəticəsinə əsasən, Cəmiyyətin yeni balansı barədə məlumatı Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edəcək.

Mövcud kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən 2019-cu ilə Cəmiyyətin satın alması nəzərdə tutulan texnikanın və damazlıq heyvanların lizinq yolu ilə satışı zamanı tətbiq edilən güzəşt və yaranmış faiz öhdəlikləri Cəmiyyətin zərəri hesabına ödəniləcək, mövcud qalıq portfeldən yığılan vəsait (Cəmiyyətin saxlanması və fəaliyyətinin təmin olunması üçün tələb olunan vəsait həcmi istisna olmaqla) bu Fərmanla təsdiq edilmiş Qaydaya uyğun olaraq müəyyənləşdirilən güzəştlərin ödənilməsində istifadə məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvafiq hesabına köçürüləcək.

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılan ardıcıllıqla Cəmiyyətin aqrotexniki xidmət sahələrinin (rayon filialları) özəlləşdirilməsini həyata keçirəcək.

Maliyyə Nazirliyi kənd təsərrüfatı istehsal vasitələrinə güzəşt tətbiqi ilə bağlı tələb olunan vəsaitin hər il dövlət büdcəsində nəzərdə tutulmasını təmin edəcək.

Kənd Təsərrüfatı Nazirliyinə kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi imkanlarını nəzərə almaqla, aqrar sahədə güzəşt tətbiq ediləcək texnikalarla bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Həmçinin nazirlik beynəlxalq nüfuzlu məsləhətçi şirkət cəlb etməklə, aqrar sahəyə dövlət dəstəyinin konsepsiyasını, kənd təsərrüfatı istehsalının subsidiyalaşdırılması və dövlət büdcəsi hesabına güzəştlərin verilməsi qaydasının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək və Fərmandan irəli gələn digər tədbirləri reallaşdıracaq.

Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin, Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin təklifləri əsasında kənd təsərrüfatı texnikası istehsalının, o cümlədən kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, satışı və idxalının əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: