Mayın 8-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Şuşa şəhərinin işğalının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
NUHÇIXAN xəbər verir ki, əvvəlcə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək bildirib ki, Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən, təbii gözəllikləri ilə seçilən milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi,siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Bəxtiyar Əsgərov deyib ki, Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Qarabağın paytaxtı – Şuşa şəhəri artıq iyirmi altı ildir ki, təcavüzkar ermənilərin işğalı altındadır. 1988-ci ildən başlayaraq ermənilərin işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi zəbt olunub. Ermənistan faktiki olaraq Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti aparıb. BMT-nin məlum qətnamələrinə baxmayaraq, Ermənistan bu gün də işğalçılıq siyasətini davam etdirməkdədir. Bu işğalçılıq siyasəti xalqımıza böyük maddi-mənəvi ziyan vurub, 1 milyondan çox soydaşımız öz yurd-yuvasından didərgin düşüb.
O diqqətə çatdırıb ki, 1992-ci il mayın 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə “Dağlarda toy” şərti adı altında Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu. Bütün dünyanın, beynəlxalq təşkilatların da işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izini silmək, onu unutdurmaq üçün ağlagəlməz cinayətlərə əl atıblar. Bu gün Şuşa şəhərinin qiymətli tarixi abidələri tamamilə dağıdılıb, milli arxitekturasını silinib. Ermənilər istədikləri kimi, yenidən qondarma şəhər qurmağa cəhd edirlər. Onlar nadir tarixi-memarlıq tikililəri, məscidləri, qədim abidələri, inanc yerlərini, yaşayış binalarını, hətta məzarlıqları dağıdıb, zəngin muzey və kitabxanaları talan ediblər, bir vaxtlar təkrarolunmaz təbiətinə görə “Qafqazın cənnəti” adlandırılan yerlər xarabazara çevrilib.
Qeyd edilib ki, Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən çox əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Şuşanın Azərbaycanımızın mədəniyyət mərkəzi, abidələr şəhəri olduğunu söyləyən ümummilli liderimiz Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini qeyd edərək deyirdi: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla və ləyaqətlə davam etdirən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən Prezident İlham Əliyev bu məsələdə yalnız xalqımızın milli və dövlətçilik maraqlarını daim yüksəkdə tutduğunu və tutacağını nümayiş etdirməkdədir. Dövlətimizin başçısı İlham Əliyev bu gün danışıqlar masası üzərində ilk növbədə bütün işğal edilmiş torpaqlarımızın qaytarılması və məcburi köçkünlərimizin öz doğma ev-eşiklərinə qayıdışı məsələlərinin prioritet məsələlər kimi qoyulmasını təmin etməkdədir.
Bəxtiyar Əsgərov diqqətə çatdırıb ki, bu gün qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində lazımi addımlar atılır. Dövlət tərəfindən məcburi köçkünlərə diqqət və qayğının nəticəsi olaraq demək olar ki, bütün çadır şəhərcikləri ləğv olunub. Məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb.
Daimi nümayəndəliyin rəhbəri 2016-cı ilin aprel ayının əvvəlində cəbhə xəttində baş verən hadisələrə də diqqət çəkib. Bildirib ki, Ermənistan silahlı qüvvələri növbəti təxribata əl ataraq cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrini atəşə tutublar, Azərbaycan Silahlı Qüvvələri dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görməyə, əks hücum həyata keçirməyə məcbur olub və aparılan əməliyyatlar nəticəsində nizamlı və qüdrətli Azərbaycan ordusu bir neçə yüksəkliyi və yaşayış məntəqələrini nəzarət altına götürüb. Bu uğurlu özünümüdafiə və əks hücum əməliyyatları xalqımızın və milli ordumuzun yekdil ruh yüksəkliyi fonunda baş verib. Bu gün Azərbaycan xalqı və milli ordumuzun hər bir əsgəri Ali Baş Komandan, Prezident İlham Əliyevin doğma torpaqlarımızın işğaldan azad olunması üçün verəcəyi əmri gözləyir.
Çıxışında Bəxtiyar Əsgərov qısa zamanda maddi-texniki bazasını yüksəltmiş, ən yüksək səviyyədə təchiz edilmiş və böyük ruh yüksəkliyinə malik Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun da düşmənə layiqli cavab vermək üçün hər an əmr gözlədiyini qürur və iftixar hissi ilə qeyd edib. Bildirib ki, Naxçıvan və bu diyarın məğrur, vətənsevər insanları daha bir neçə il də Şuşasız yaşamaq fikrində deyil.