Bitkiləri şaxtadan qorumaq üçün nə etməli?

201

Muxtar respublikamızın iqlimi sərt kontinental və quraqdır. Burada şaxtalı günlər kənd təsərrüfatı bitkilərinə böyük ziyan vurur. Torpaq mülkiyyətçilərinin bitkilərin qışa hazır olmaları və şaxtadan qorunmaları üçün bəzi zəruri biliklərə malik olmaları vacibdir.

Payızda əlverişli şərait olduqda bitkidə toxumların möhkəmlənməsi nəticəsində şaxtaya davamlılıq xassəsi əmələ gəlir. Bu halda bitkilər bir fizioloji vəziyyətdən digər fizioloji vəziyyətə keçir.

Bitkinin şaxtaya davamlığının səbəbi onun protoplazma suyunu özündə saxlaması və buz kristallarının əmələ gəlməsinə mane olmasıdır. Bitkinin şaxtaya davamlı olması üçün o, qışa hazırlıq üçün bərkiməlidir. Belə bərkimə zamanı bitkidə karbohidratlar toplanır, onlar həll olan və asan hidrolizləşən formaya çevrilir. Meyvə və giləmeyvə ağaclarında bu proses onların inkişaf mərhələsinin dayanması vaxtından yarpaqları tökülənədək davam edir. Bu dövrdə nişasta şəkərə çevrilir, nəticədə şəkər çoxalır, nişasta isə azalır. Hüceyrələrdə saxarozanın və qlükozanın olması protoplazmanın aşağı temperaturdan mühafizə olmasına səbəb olur.

Bitkinin şaxtaya davamlılıq dərəcəsi onun filogenetik inkişaf tarixindən də çox asılıdır. Məsələn, bitkinin kökləri torpaqla örtülü olduğundan, onlar şaxtaya davamsızdır. Bitkinin yerüstü hissəsi isə açıqda, mühafizəsiz yerdə olduğundan, o şaxtalara davamlılıq xassəsi qazanır. Torpaq səthinə yaxın olan köklər şaxtaya nisbətən davamlı, dərin qatlarda yerləşən köklər isə davamsız olur.

Alma bitkisinin növündən asılı olaraq, onun yerüstü hissəsi nisbi sükunət dövründə 32-50 dərəcəyədək şaxtaya dözdüyü halda, kökləri 12-18 dərəcə şaxtaya ancaq davam gətirir, vegetasiya vaxtı isə 3 dərəcə şaxtada donur.

Bitkinin eyni bir orqanının şaxtaya davamlılıq dərəcəsi onun fenofazalarından da çox asılıdır. Məsələn, alma ağacının cavan zoğları vegetasiya vaxtı 3 dərəcə şaxtada tələf olduğu halda, bitki qışa tam hazır olduqda 30-40 dərəcə şaxtaya dözür.

Eyni orqanın ayrı-ayrı hissələrinin şaxtaya münasibəti müxtəlifdir. Belə ki, çiçəyin erkəkciyi 20-22 dərəcə şaxtaya dözdüyü halda, dişicik 1-2 dərəcə şaxtada məhv olur.

Şaxtalı havalarda axar suyun temperaturu havanın temperaturundan həmişə yüksək olduğundan o, ağacları şaxtadan mühafizə edir. Buna görə də meyvə bağını çay və gölməçələrin yaxınlığında salmaq tövsiyə edilir.

Meyvə bitkilərinin şaxtaya davamlığını yüksəltmək üçün bağın payızda yarpaqlar töküləndən sonra suvarılmasının da fizioloji əhəmiyyəti çoxdur.

Təcrübələrlə sübut olunub ki, azot və fosfora nisbətən kalium bitkilərdə şaxtaya daha  çox davamlıq yaradır.

Muxtar respublikamızda şaxtadan mühafizə üçün üzüm tənəklərinin üstü payızın son aylarında torpaqla örtülür. Qar qatı da bitkiləri şaxtadan mühafizə edir. Basdırılan kolların torpaqdan gec çıxarılması, yazda üzümlüklərin suvarılması, qoruyucu meşə zolağının salınması da şaxtaların təsirini azaldır.

  “Şərqin səhəri” qəzeti

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: