NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü ilə əlaqədar yeni Azərbaycan Partiyasının Babək Rayon Təşkilatlarında yığıncaq keçirilib.
Yeni Azərbaycan Partiyasının Babək Rayon Təşkilatında keçirilən yığıncaqda təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi yol və əldə etdiyi nailiyyətlərdən tədbir iştirakçılarına məlumat verib.
Vurğulanıb ki, hazırda partiyanın Babək rayon təşkilatı öz sıralarında 6836 partiya üzvünü birləşdirir. Bunun da 2329 nəfərini gənclər, 2851 nəfərini isə qadınlar təşkil edir. Partiya üzvləri rayonun sosial-iqtisadi inkişafında fəallıq göstərirlər.
Yığıncaqda Babək Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədr müavini, şura üzvü Nihal Məmmədov, Payız kənd ilk partiya təşkilatının sədri Elxan Babazadə və Şəkərabad kənd ilk partiya təşkilatının sədri, şura üzvü Sədaqət Mahmudov çıxış ediblər.
Sonda partiya sıralarına qəbul olunan bir qrup gəncə üzvlük biletləri təqdim olunub.
Əbülfəz Dünyamalıyev