Kəngərli rayonunda yazıçı və şairlərlə görüş keçirilib

139

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə muxtar respublikada yaşayıb-yaradan yazıçı və şairlərin rayon ictimaiyyəti ilə görüşü keçirilib və cari ildə çapdan çıxmış yeni kitabların təqdimatı olub.

NUHÇIXAN xəbər verir ki, tədbiri rayon icra hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev açaraq, muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafında həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb.

Qeyd olunub ki, Naxçıvan şəhəri, həmçinin muxtar respublikanın bütün rayon mərkəzləri və kəndləri gündən-günə abadlaşır, gözəlləşir, böyük quruculuq, yaşıllaşdırma işləri görülür. Muxtar respublikanın belə uğurlu inkişafı hər bir naxçıvanlını ürəkdən sevindirir, qurub-yaratmağa həvəsləndirir. Bu proses həm də yaradıcı sənət adamlarının ilham mənbəyinə çevrilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair Asim Yadigar çıxış edərək bildirib ki, görüşün keçirilməsində məqsəd son illər muxtar respublikada geniş vüsət alan inkişaf və tərəqqi haqqında söhbət açmaq, bu prosesin ədəbiyyatda salnaməsini yaradan qələm sahiblərinin fəaliyyəti barədə danışmaq, onların işıq üzü görən kitablarını rayon ictimaiyyətinə təqdim etməkdir.

Vurğulanıb ki, 14 il bundan əvvəl yaradılan, muxtar respublikanın ən gənc rayonu hesab olunan Kəngərlinin timsalında qədim diyarda həyata keçirilən böyük uğurlu siyasətin aydın mənzərəsini görə bilərik. Muxtar respublikanın hər bir bölgəsi kimi Kəngərli də böyük abadlıq, quruculuq işləri ilə əhatə olunub.

Sonra söz tədbirdə iştirak edən qələm sahiblərinə verilib. Muxtar Məmmədoğlu, İbrahim Yusifoğlu, Əbülfəz Ülvi, Elxan Yurdoğlu, Zeyqəm Vüqar, Yadulla Zaman muxtar respublikada yaradıcı insanlara göstərilən dövlət qayğısından danışıblar. Qədim diyarın bugünkü inkişaf və tərəqqisinin onlar üçün ilham mənbəyi olduğunu və bunu öz əsərlərində qələmə aldıqlarını qeyd ediblər.

Tədbirdə muxtar respublikada yaşayıb-yaradan yazıçı və şairlərin 2018-ci ildə işıq üzü görmüş kitabları barədə söhbət açılıb və həmin kitablar iştirakçılara təqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: