Naxçıvan Azərbaycanın “Gənclər paytaxtı”dır - Sahil Tahirli yazır

Sahil Tahirli: “Naxçıvan təkcə İslam Mədəniyyətinin Paytaxtı, Azərbaycanın Gənclər paytaxtı deyil, o həm də ürəklərimizin PAYTAXTIDIR”!

125

Ürəyimizin bir parçası olan Naxçıvana bütün ad və titullar yaraşır.

Çünki, ərazicə kiçik, mənəviyyatca böyük olan Naxçıvan bəşəriyyətin beşiyi, sivilizasiyanın ilkin közərtilərinin alovlandığı müqəddəs torpaq, Nuhun vətənidir. Azərbaycanın dövlətçilik tarixində böyük çəkiyə malik olan və tarixən ictimai-siyasi proseslərdə mühüm söz sahibinə çevrilən bu qədim diyar bu gün həm də Qafqazın San-Fransiskosu adlandırılır.

Doğma diyarımız son 25 ildəki hər tərəfli inkişafı, çiçəklənməsi, blokada şəraitində yaşamasına baxmayaraq qazandığı sosial-iqtisadi uğurları, ən müasir kənd və şəhər infrastrukturu, təmizliyi, abadlığı, yaşıllığı ilə hər kəsi  heyrətləndirməyə davam edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə ötən 20 ildə əsrə bərabər inkişaf yolu keçərək nümunəvi bir diyara çevrilən müasir Naxçıvan həm də ulu öndər Heydər Əliyev siyasi xəttinin əməli işdə təsdiqidir. Təhsil, ordu quruculuğu və gənclərlə işi özünün siyasi və dövlətçilik fəaliyyətində prioritet istiqamət kimi götürən Ali Məclis Sədrinin yüksək diqqət və qayğısı ilə gənclər bu gün cəmiyyət həyatının bütün sahələrinə inteqrasiya olunublar. Hesab edirəm ki, Naxçıvanın 2018-ci ildə ölkəmizin “Gənclər paytaxtı” seçilməsi tamamilə məntiqi qanunauyğunluqdur. Çünki, Naxçıvan təkcə qoca şərqin günəşi deyil, həm də müasir dünyanın ən təhlükəsiz, abad, sakit  və firavan şəhəridir.

Bir sözlə, Naxçıvan nə qədər qədimdirsə bir o qədər də gəncdir. …Naxçıvan Gəmiqayadı, Duzdağdı, Əshabi-Kəhfdi, Möminə Xatındı, Mirzə Cəlil yanğısı, Məmməd Araz qələmi, Cavid bəşəriliyi, Heydər Əliyev ucalığıdır. Bu gün Naxçıvan hansı titulu daşıyırsa daşısın o titula yalnız böyük hörmət və məhəbbət gətirir, onu ucaldır. “İslam mədəniyyətinin Paytaxtı” və Azərbaycanın “ Gənclər paytaxtı ” kimi.

Dahilər əbəs yerə demirlər ki, bir ölkənin gələcəyini bilmək istəyirsənsə onun gənclərinə nəzər sal. Fikrimcə, qədim diyarımızı qarşıda daha böyük uğur və nailiyyətlər gözləyir. Bu il ikili  paytaxt olmanın sevincini yaşayan doğma diyarımızla qəlbimiz bir döyünür! Axı Naxçıvan təkcə İslam Mədəniyyətinin Paytaxtı, Azərbaycanın Gənclər paytaxtı deyil, o həm də ürəklərimizin PAYTAXTIDIR!

Paskal deyərdi ki, “Keçmiş və bu gün vasitələrdir, yanlız gələcək bizim məqsədimizdir”. Naxçıvanın işıqlı və xoş gələcəyi, nurlu sabahı da gənclərin məqsədidir. “Gənclər Paytaxtı” adın mübarək olsun, doğma diyar! İsti ana qucağında həmişə isinək, şan-şöhrətin və dəyərin cahana əbədi nur saçsın!

Sahil Tahirli 

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: