100  yaşında Bayrağım 

201

Göy.. 

       Qırmızı .. 

                  Yaşıl.. 

Bunlar yəqin ki,  hər bir azərbaycanlının ən çox sevdiyi rəngdir. O rənglərdir ki ətrafımızda nə vaxt görsək, nə vaxt, nəyin üzərində rastımıza çıxsa  istər-istəməz bu çalarları  axtarırıq. Ya da bu  rənglərdən hansını görsək, istər- istəməz göylərdə dalğalanın bayrağımız yada düşür. Çünki ruhumuzun hopduğu, qəlbimizin vurğunu olduğu bu rənglərdən yaranıb dövlətimin rəmzi, millətimin qüruru olan Azərbaycan Bayrağı! 

Üç rəngin qüdrətimi deyək, üç rəngin sehrimi deyək, üç rəngin gücümü deyək bu bayrağa? Mavi göylərin, qızılı günəşin, yaşıl çəmənlərin rənginə hələ bir göyün ayı-ulduzu qarışanda bir xalqın, millətin böyüklüyü doğarmış sən demə.. Köklü, min illərlə qazanılan təcrübəyə- dövlətçilik ənənəsinə söykənib Şərqin tarixində ilk dəfə qurduğu demokratik dövlətin başı üzərində bu rənglərdən yaranan müqəddəslik rəmzini   dalğalandıran millətimin səsi, sədasıdır bu bayraq. Azadlıq istəyi, türkçülük hayqırışı , islam ruhudur bu Bayraq! Gecələrin parlaqlığı, aydınlığıdır. 100 il əvvəl bir daha enməmək üçün qaldırılan bir kimlikdir, özünün var olmasını sübut edən pasportdur, dünyanın 200-dən çox  dövlətinin  saydığı, hesablaşdığı, ehtiramla yanaşdığı Azərbaycandır bu bayraq!  Azərbaycan torpağını, insanını  öz ağuşuna alıb, ona istidə kölgə salan, soyuqda hənir olan, çətində ümid, qələbədə sevincdir ! İlk məkanım, son ünvanımdır bu bayraq!  

Dünyada yaşayan minlərlə xalq var ki, varlığını  sübut etmək üçün öz  bayrağının  arzusundadır. Yüz illərlə ölüm-dirim savaşına çıxdığı , amma hələ də  gerçəkləşdirə bilmədiyi xəyalıdır bu bayraq o xalqların.  Bizsə bu gün min illik dövlətçilik ənənəmizin işığında yaratdığımız ilk demokratik dövlətin bayrağının 100 illiyini qürurla qeyd edirik. O dövlətin ki bayrağı sadə parça  deyil, başı üzərində göyə, günəşə, aya, yaşıl çəmənlərin rənginə dönüb  dalğalanır… dalğalanır. Çünki bu bayrağı bir zamanlar qaldıranlar onun nə zamansa gələcək nəsillər tərəfindən endirilməyəcəyinə əmin idilər. 

1918-də yoğrulan, 1920-də   boğulan bayraq, bir də 1990- da doğuldu. Bir zaman ölkənin şərqində ulduz  kimi görünüb, ay kimi batan bayraq  70 ildən sonra yenidən Azərbaycan göylərində doğuldu. Bu dəfə isə ölkənin qərbindən- Naxçıvandan Günəş kimi işıq saçdı bütün Azərbaycana! Dünyada özünü azərbaycanlı sayan hər kəsin ümidinə, pənahına çevrildi.  20-ci əsrin əvvəlində  Məmmədəminlərin, Əli bəy Hüseynzadələrin, Xoyskilərin, Topçubaşovların, Usubbəyovların yarımçıq qalan arzusu həmin əsrin sonlarında  Heydər Əliyev dühası ilə yenidən gerçəkləşdi! Bu dəfə daha etibarlı, daha inamlı, daha güclü bir varisin- müstəqil Azərbaycan dövlətinin  başı üzərində qaldırıldı. Müstəqilliyi əbədi, daimi və dönməz olan, qüdrətli və güclü  bir ölkənin simvoluna çevrildi. 

İndi  əbədi məşəl kimi sönməmək üçün dühaların, dahilərin xeyir duası ilə yüksəklərə qaldırılıb bu bayraq. Yenə də uğruna qanlar töküldü, canlar fəda oldu. Amma bir daha enmədi. Çünki, ona Vətən adlı bir doğmanın başı üzərində dalğalanmaq haqqını dahilərlə bərabər bütün Azərbaycan xalqı verib!  

 

Səməd Canbaxşiyev 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: