Tələbələr “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanış olublar
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən bir qrup ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətində olublar.
Fabriklə tanışlıq zamanı gənclərə cəmiyyətin yaranma tarixi, keçdiyi inkişaf yolu, o cümlədən iş prosesi haqqında ətraflı məlumat verilib. Eyni zamanda fabrik məhsullarının dizaynı və qablaşdırılması nümayiş etdirilib. Tələbələr əyani olaraq istehsal prosesində iştirak edib, burada onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki,“Gənclərin istehsalat prosesi ilə tanışlığının təmin olunması” layihəsinin 9 ay müddətində həyata keçirilməsi nəzərdə tutulub. Hər ay seçilmiş 25 gəncin muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə tanışlığı təşkil olunacaq. Məqsəd gənclərin bu sahədə bilik və bacarıqlarını stimullaşdırmaq, onların nəzəri biliklərini əyani olaraq tətbiq etmələrinə kömək etmək, həmçinin muxtar respublikada bütün sahələrdə gənclərin fəallığının artırılmasına stimul verməkdir.
Onu da qeyd edək ki, layihədə iştirak etmək istəyən gənclər fondun sosial şəbəkələrdəki ünvanlarına hər ay yenilənən qeydiyyat forumu vasitəsilə müraciət edə bilərlər.
Cavid Səfərli