Ermənistanda müxalifət vətəndaş müharibəsinə hazırlaşır

279
Sabiq komanda Paşinyana qarşı mübarizəni qiyama çevirməyə çağırış etdi
Ermənistanın ictimai-siyasi həyatında baş verən son olaylar burada iqtidar və müxalifət arasında qarşıdurmanın getdikcə daha kəskin xarakter almaqda olduğunu üzə çıxarır.
Ən azından o baxımdan ki, parlamentdə həlledici səs çoxluğuna malik olan müxalifət Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın hökumət rəhbəri vəzifəsinə gəlməsini əngəlləyir.
Xatırladaq ki, bundan əvvəl keçirilən səsvermə zamanı Ermənistan parlamenti xüsusi iclasında Nikol Paşinyanın baş nazir postuna namizədliyini rədd edib. Paşinyanın namizədliyinin lehinə deputatların heç biri səs verməyib. “Respublika” və “Daşnaksütyun” partiyaları, həmçinin “Sarukyan bloku” səsvermədə iştirak etməyib.
Siyasi gərginlik daha da yüksəlir
Hakimiyyətə yaxın “Yelk” fraksiyasının rəhbəri Lena Nazaryan Paşinyanın baş nazir postuna namizədliyinin parlamentdən keçməməsinin qanunverici orqanın buraxılması prosesini başlamaq üçün əsas yaratdığını bildirib.
Ermənistan konstitusiyasına əsasən, Nazirlər Kabinetinin rəhbəri istefa verdikdən sonra qanunverici orqan iki iclasında yeni baş naziri seçə bilməzsə, parlament buraxıla bilər. İndi Paşinyan ikinci dəfə, özü də Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə yenə yeganə namizəd olub.
Ermənistan parlamentinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin rəhbəri Knyaz Saroyan bu xüsusda bildirib: “Namizədlərin irəli sürülməsi müddəti başa çatıb. Baş nazir postuna Paşinyandan başqa iddialı yoxdur”. Onu da qeyd edək ki, növbəti səsvermə bu günə planlaşdırılıb. Məhz bu gün Ermənistan parlamenti baş naziri seçmək üçün xüsusi iclas keçirəcək.
Ermənistan konstitusiyasına görə, baş nazirin seçilməsi üçün təkrar səsvermə ilk səsvermədən 7 gün sonra keçirilir. İkinci səsvermədə də seçki baş tutmasa, parlament buraxılacaq və növbədənkənar parlament seçkiləri keçiriləcək. Elə Nikol Paşinyanın da istədiyi budur. O, parlamentdə seçilməməyi və qanunverici orqanda üstünlüyü əldə etmək üçün növbədənkənar seçkilərin keçirilməsini planlaşdırır.
Lakin sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın rəhbərlik etdiyi qüvvələr bu prosesi əngəlləməyi düşünürlər. Onlar Paşinyana qarşı mübarizəni qiyama çevirməyə çağırış edirlər. Belə ki, onlar ikinci dəfə baş nazir seçilmədiyi təqdirdə parlamentin buraxılmasının qarşısını almağa çalışır və bu xüsusda qanun da qəbul olunub.
Hadisələr Nikol Paşinyan və ona qarşı olan qüvvələr arasında münasibətlərin daha kəskin xarakter aldığını göstərir. Belə görünür ki, qarşıdakı günlər ərzində işğalçı ölkədə ictimai-siyasi gərginlik daha da artacaq. Buna əsas səbəb Paşinyana qarşı olan qüvvələrin sabiq prezidentlər Serj Sarkisyan və Robert Koçaryan ətrafında birləşməsi, sonuncuların isə yenidən hakimiyyətə iddia etməsidir.
Paşinyan isə Sarkisyan-Koçaryan koalisiyasını yenidən neytrallaşdırmağı düşünür. Amma həm Ermənistan daxilində, həm də Qarabağ separatçıları arasında dəstəyə malik koalisiyanın sərt formada müqavimət göstərməsi gözlənilir və bu da Ermənistanda qarşıdurmanın dərinləşməsi deməkdir. Əsas niyyət separatçı rejimin köməyi ilə Yerevana qarşı müqavimət və itaətsizlik təşkil etmək, bununla xaotik durumun yaradılmasına nail olub, güc yolu ilə olsa belə hakimiyyəti qəsb etməkdir. Məhz belə vəziyyət siyasi gərginliyin daha da yüksələcəyini göstərir.
Paşinyan parlamenti dəyişməkdə israrlıdır
Digər tərəfdən, belə bir vaxtda o da bəlli olub ki, Ermənistanda Seçki Məcəlləsinə dəyişikliklər ikinci dəfə parlamentdə qəbul edilməyib. Parlamentdəki səsvermə zamanı dəyişikliyin lehinə 62 deputat səs verib. Layihənin əleyhinə cəmi iki deputat çıxış edib. Respublika Partiyasının digər üzvləri səsvermədə iştirakdan imtina ediblər. Nəticədə məcəllədə dəyişikliklə bağlı qərarın qəbulu üçün 1 səs çatmayıb. Belə ki, konstitusiyaya görə, Seçki Məcəlləsində dəyişiklik üçün millət vəkillərinin beşdəüçünün lehinə səs verməsi lazımdır ki, bu da 63 səs edir.
Dəyişikliyi “Daşnaksütyun”, “Sarukyan bloku” və “Yelk” fraksiyası dəstəkləyib. Respublika Partiyası bunun tam əleyhinə çıxıb. Seçki Məcəlləsində xüsusilə millət vəkilliyinə namizədlərin ərazi siyahılarının ləğv edilməsi istənilir.
Bununla bərabər, parlamentə keçid üçün nəzərdə tutulan minimum keçid həddinin azaldılması təklif edilib. Belə ki, partiyalar üçün bu göstəricinin 5 faizdən 4 faizə, bloklar üçün isə 7 faizdən 6 faizə endirilməsi nəzərdə tutulub. Üstəlik, təklifə əsasən, parlamentdə mütləq şəkildə minimum dörd siyasi qüvvə təmsil olunmalı, müxalif deputatların sayı üçdəbirdən az olmamalıdır. Dəyişikliklər sırasında həmçinin pulsuz efir vaxtının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılıb. Amma Paşinyanın bu istəkləri parlamentdən keçməyib. Məhz bu səbəbdən o, parlamenti dəyişməkdə israrlıdır.
Ermənistan bölgədə sabitsizlik məkanı olaraq qalır
Lakin qeyd olunduğu kimi, əsasən Respublika Partiyası parlamenti dəyişməyi əngəlləməyə çalışır. Bütün bunlar ölkədə daxili sabitsizliyi daha da gücləndirir. Məsələnin bu tərəfinə nəzər salan rusiyalı ekspert İqor Korotçenko da vurğulayır ki, Ermənistan bölgədə sabitsizlik mənbəyi olaraq qalır.
O, bu ölkədə indi də seçki vasitəsilə dövlət çevrilişini legitimləşdirmək, parlamentə Nikol Paşinyanın tərəfdarlarını seçdirmək yolu ilə onun şəxsi hakimiyyətini möhkəmləndirmək siyasəti yürüdüldüyünü vurğulayıb. Ekspertin fikrincə, Paşinyana hakimiyyətin ötürülməsi ölkəni uzunmüddətli sabitsizlik girdabına sürükləyir: “Belə ki, Paşinyan ölkədə öz şəxsi hakimiyyətini qursa da, korrupsiya ilə mübarizə aparmaq, əhalinin rifahını qaldırmaq kimi əsas vədlərini yerinə yetirməyəcək. Bununla yanaşı, erməni diasporu ölkəyə investisiya qoymaq barədə Paşinyanın çağırışlarına məhəl qoymayıb. Onlar bildirirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalması sərmayələr üçün ciddi siyasi və hərbi təhlükə yaradır. Yəni bütün məsələlər Dağlıq Qarabağ probleminə dirənir, bu problem həllini tapmasa, Ermənistan iqtisadiyyatı indiki vəziyyətdə qalacaq”.
Aydındır ki, bu vəziyyətdə Paşinyanın da uzun müddət iqtidarda qala bilməsi ciddi sual altına düşür.
Elçin CƏFƏROV,
“Azərbaycan”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: