Rusiya və Avropa mediasında Naxçıvanla bağlı məqalə yerləşdirilib
NUHÇIXAN xəbər verir ki, Rusiyanın 123ru.net və Avropanın webnewswire.com xəbər saytlarında naxçıvanlı jurnalist Sara Əzimovanın fransız dilində “Naxçıvan Azərbaycanın tərkibində muxtar respublikadır” sərlövhəli məqaləsi yerləşdirilib. Məqalədə müəllif əvvəlcə “Planetin cinayətsiz regionu”, “Nuh peyğəmbərin yurdu”, “Şərqə açılan qapı”, “Kiçik Avropa” adlarını özündə qürurla daşıyan Naxçıvan Muxtar Respublikası haqqında oxuculara məlumat verib. Yazıda Naxçıvan Muxtar Respublikasının ibtidai icma, antik, orta əsrlər və yeni dövr tarixinin maddi-mədəniyyət nümunələri ilə zəngin bir diyar olduğu qeyd edilib. Muxtar respublikanın turizm potensialı haqda məlumat verilib. Buraya gələn turistlər Naxçıvan torpağında dünyada bənzəri olmayan bir çox tarixi abidələrlə tanış olurlar. Məqalədə “Duzdağ” Fizioterapiya Mərkəzinin fəaliyyəti, Darıdağ Arsenli Su Müalicəxanası, Batabat, Nuh Peyğəmbərin məzarüstü türbəsi, Əshabi-Kəhf ziyarətgahı və Əlincəqala haqqında söz açılıb. Xarici mətbuatda belə yazıların verilməsində məqsəd xarici turistləri Naxçıvana cəlb etməkdir.