Ulu öndər Heydər Əliyevin yadigarı: Babək rayonu-40

669

Doğma canım, varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır, – deyən ümummilli lider Heydər Əliyev öz adını tariximizə böyük xilaskar, qurucu rəhbər kimi yazdırmış, müstəqil Azərbaycan adlı şah əsərini yaradaraq xalqımızın qəlbində özünə əbədi abidə ucaltmışdır. Ulu öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə yaratdığı Babək rayonu da dahi şəxsiyyətin böyük quruculuq yadigarlarından biridir. 1978-ci il oktyabrın 23-də təşkil olunan rayona  sosializm cəmiyyəti qurucularının adları deyil, məhz Azərbaycanın  xalq qəhrəmanı Babəkin adı verildi. Ötən əsrin 70-ci illərində bu addımı yalnız Heydər Əliyev kimi iradəli, cəsarətli, daim azərbaycançılıq mövqeyindən çıxış edən bir şəxsiyyət ata bilərdi. Rayona xalq qəhrəmanı Babəkin adının verilməsi milli yaddaşın, təfəkkürün bərpası, eləcə də tarixi keçmişimizə ulu öndər Heydər Əliyev tərəfindən verilən ən yüksək qiymətin daha bir  ifadəsi idi.

Həmin dövrün ictimai-siyasi mənzərəsini göz önünə gətirdikdə açıq-aşkar görünür ki, Babək rayonu həm də ölkəmizin dağ və sərhəd rayonlarının möhkəmləndirilməsi və inkişafı siyasətinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Naxçıvan rayonunun tərkibindən ayrılmaqla yeni bir rayonun təşkili həm də bölgə əhalisinə rahatlıq, sosial-iqtisadi həyata yeni bir canlanma gətirmişdir.

Babək rayonunun yaradılmasının tarixi əhəmiyyətini və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafındakı rolunu nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2008-ci il iyunun 7-də Babək rayonunun təşkil olunmasının 30,  2018-ci il fevralın 16-da isə rayonun təşkil olunmasının 40 illiyi haqqında Sərəncamlar imzalamışdır. Ali Məclis Sədrinin Sərəncamları mühüm tarixi, ictimai və siyasi əhəmiyyətə malik olan dövlət sənədləridir. Sərəncamlara əsasən Tədbirlər Planı təsdiq olunmuş, silsilə tədbirlər keçirilmişdir.

1 qəsəbə və 35 kəndi özündə birləşdirən, 828,4 kavadratkilometr əraziyə malik olan Babək rayonu zəngin tarixi keçmişə və bu tarixi özündə əks etdirən möhtəşəm mədəni irsə malikdir. Ərazidə indiyədək qorunub saxlanan bu irs  Azərbaycanın, bütövlükdə Yaxın Şərqin  qədim və orta əsrlər dövrü tarix və mədəniyyətinin öyrənilməsində müstəsna əhəmiyyət kəsb edir. Rayon ərazisindəki qalalar, qədim yaşayış məskənləri, arxeoloji abidələr, xüsusilə də Kültəpə abidələri onu deməyə əsas verir ki, əcdadlarımız min illər boyu bu ərazidə ardıcıl həyat sürmüşlər.

Babək rayonu təşkil olunduğu gündən etibarən isə müxtəlif inkişaf mərhələlərindən keçmişdir. Sovetlər Birliyi dövründə dahi şəxsiyyət rayonun inkişafını, burada xalq təsərrüfatının müxtəlif sahələrinin yaradılmasını diqqətdə saxlamış, mühüm qərarlar qəbul olunmuşdur. Ulu öndərin ötən əsrin 70-ci illərindən başlatdığı quruculuq strategiyası yeni yaranan Babək rayonunu da əhatə etmiş, rayon mərkəzində və kəndlərdə məktəblər, mədəniyyət və səhiyyə müəssisələri tikilmişdir.

Ötən əsrin 90-cı illərində isə Babək rayonu ölkəmizdə yaranan  xaos, özbaşınalıq, gərgin ictimai-siyasi vəziyyətin fonunda çətin və keşməkeşli günlər yaşamışdır. Həmin vaxt rayonun ucqar dağ və sərhəd kəndləri tez-tez erməni hücumlarına məruz qalır, iqtisadi və sosial böhran dərinləşirdi. Babək rayon sakinləri də həmin illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərən  ulu öndər  Heydər Əliyevin ətrafında sıx birləşdilər.  Ümummilli liderin rəhbərliyi ilə Naxçıvan işğaldan, düşmən əlinə keçməkdən qorundu və yaşadı.

Müstəqillik illərində Babək rayonu da sürətlə inkişaf edərək  ölkəmizin, eləcə də muxtar respublikamızın sosial-iqtisadi həyatında mühüm pay sahibinə çevrildi. Ümummilli lider Heydər Əliyevin quruculuq xəttini müasir şəraitdə davam və inkişaf etdirən ölkə rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu siyasət Babək rayonunun sosial-iqtisadi inkişafında da özünü qabarıq şəkildə göstərməkdədir. Ölkə rəhbərinin himayəsi və iştirakı ilə rayonda tikilib istifadəyə verilən sosial obyektlər, əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlər 40 illik inkişaf tarixinin şanlı salnaməsinə çevrilmişdir.

Bu gün muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə Babək rayonunun sosial mənzərəsi əsaslı şəkildə dəyişilmiş, tikinti-quruculuq tədbirləri prioritet sahəyə çevrilmişdir. Naxçıvan Muxtar Respublikası  Ali Məclisi Sədrinin Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında Sərəncamında da qeyd edildiyi kimi: “Babək rayonu muxtar respublika iqtisadiyyatının inkişafında  mühüm rol oynayır. Rayonda müxtəlif profilli yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması sənayenin inkişafını təmin etmişdir. Fermer və torpaq mülkiyyətçilərinə maliyyə dəstəyinin artırılması, müxtəlif güzəştlərin tətbiqi, texnika və avadanlıqlarla təminatının yaxşılaşdırılması, meliorasiya tədbirlərinin gücləndirilməsi, yeni açıq və qapalı su xətlərinin çəkilməsi kənd təsərrüfatının inkişafına əhəmiyyətli təsir göstərmişdir”.

Həqiqətən də Heydər Əliyevin quruculuq xəttinin yaradıcı gücünün konkret bir regionda əyani ifadəsinə çevrilən Babək rayonu Naxçıvanın davamlı inkişaf edərək çiçəklənən mühüm sənaye və aqrar mərkəzlərindən biridir.

Hazırda rayonda  yüngül, yeyinti, energetika sənayesi və tikinti sahələri olmaqla 70-dən artıq müəssisə fəaliyyət göstərir. Ümumilikdə rayonda 1200-dən çox sahibkarlıq subyekti vardır və bu müəssisələrdə 45 növdə 150-dən çox çeşiddə məhsul istehsal olunur. Yеrli istеhsаlın stimullаşdırılmаsı Babək rayonunda sənаyе sеktоrunun yüksək tеmplə inkişаfını təmin etmiş, 2017-ci ildə rayonda sənaye məhsulunun ümumi həcmi 117 milyon 909 min mаnаta çatmış, muxtar respublikada istehsal olunan sənaye məhsulunun 12 faizi Babək rayonunun payına düşmüşdür. Rayonda yeni emal və sənaye sahələrinin fəaliyyətə başlaması həm də yeni iş yerlərinin açılmasına, əhalinin maddi-rifah halının yaxşılaşmasına, daxili bazarda yerli məhsulların çəkisinin artmasına səbəb olur.

İstehsal artıb keyfiyyət yüksəldikcə öz dad-tamı ilə seçilən məhsullar xarici ölkələrə də ixrac olunur. Bir məsələ xüsusilə vurğulanmalıdır ki, muxtar respublikanın mineral və müalicəvi su ehtiyatlarından 50-sinin mənbəyi Babək rayonunda yerləşir. Sirab mineral suyu nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində yüksək tələbata malikdir.

Rayonda kənd təsərrüfatının dinamik inkişafına xüsusi fikir verilir və rayonun bugünkü inkişafında bu sahənin özünəməxsus yeri var. Aparılan aqrar islahatlar nəticəsində əhali pay torpaqları ilə təmin olunmuşdur. Rayonda meliorasiya və irriqasiya işləri görülmüş, nasos stansiyaları, subartezian quyuları və su anbarları  tikilmiş, mütərəqqi suvarma sistemləri qurulmuşdur. Ötən müddətdə rayonda minlərlə hektar əkilməyən torpaq əkin dövriyyəsinə qatılmış, yeni texnika və texnoloji avadanlıqlar istismara verilmiş, maldarıq və heyvandarlıqda, arıçılıqda, bağçılıq və əkinçilikdə uğurlu nəticələr qazanılmışdır. Rayonda məhsuldar  torpaqların çox olmasının nəticəsidir ki, bu yurdun zəhmətkeş insanları bir qarış torpağı belə boş qoymur. Sahələrdən yüksək məhsul əldə edən babəklilər  bunun əsas səbəbini aqrar sahəyə dövlətin dəstəyində görürlər. Müstəqillik illərində Babək rayonunda dövlət maliyyə dəstəyi ilə 55 heyvandarlıq, 14 quşçuluq, 25 arıçılıq, 20 bağçılıq, bir balıqçılıq təsərrüfatı və 5 istixana kompleksi yaradılmışdır. Buna görə də 2017-ci ildə muxtar respublikada kənd təsərrüfatında istehsal olunmuş ümumi məhsulun 20 faizi yaxud 90 milyon 348 min manatı Babək rayonunun payına düşüb.

Ötən dövrdə Babək rayonunda əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya xətlərinin yenidən qurulması istiqamətində mühüm işlər görülmüşdür. Son illərdə rayonun Şıxmahmud, Xəlilli, eləcə də, Şəkərabad kəndlərində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılmışdır. Haliyədə Babək qəsəbəsi, Nehrəm və Araz kəndlərində içməli su və kanalizasiya xətlərinin tikintisi davam etdirilir.

Muxtar respublikada tarixi-mədəni irsimizin öyrənilməsi sahəsində həyata keçirilən tədbirlər qədim tarixə malik olan Babək rayonunu da əhatə etmişdir. Naxçıvan ərazisində elmə məlum olan ilk arxeoloji tapıntılar da Babək rayonu ərazisində aşkar olunmuşdur. Bu da rayon ərazisində sistemli arxeoloji tədqiqatların aparılmasının vacibliyini ortaya qoymuş, ərazidə geniş arxeoloji araşdırmalara başlanmış, tarixi abidələr bərpa olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin qurucluq yolunun uğurla davam etdirilməsi Babək rayonunun kəndlərinə də inkişaf və müasir­ləşmə gətirib. Artıq coğrafi mövqedən asılı olmayaraq, Babək rayonunun kəndlərində də sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılıb, rayon mərkəzi şəhər görkəminə qovuşub, bir-birindən müasir binalar tikilib. İndi Kərimbəyli, Xal-xal, Uzunoba, Payız, Gərməçataq, Xəlilli, Aşağı və Yuxarı Buzqov, Qahab kimi kəndlərin köhnə və miskin görkəmindən əsər-əlamət qalmayıb. Rayonun bütün kəndləri müstəqilliyin işığında öz müasir donlarını geyiniblər.

Son 10 ildə rayonda 24 təhsil ocağı, o cümlədən 7506 yerlik 18 ümumtəhsil məktəbi, 1 uşaq bağçası, 5 uşaq musiqi məktəbi, 27 səhiyyə obyekti, 41 inzibati bina tikilərək və ya əsaslı yenidən qurularaq istifadəyə verilib. Bütün qəsəbə və kəndlərdə ən müasir informasiya sistemləri tətbiq olunub, daimi sürətli internetə çıxış təmin edilib.

Muxtar respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət müasir yol-nəqliyyat sisteminin qurulmasını və inkişafını da təmin etmişdir. Ötən dövrdə dövlət dəstəyi nəticəsində Babək rayonunun da yol infrastrukturu yenilənmiş, yeni yollar salınmış, körpülər tikilmişdir. Bu gün  rayon ərazisində  rahat, müasir standartlara tam cavab verən yolların olması  istehsal olunan məhsulların  istehlakçılara tez çatdırılmasını, ən əsası isə turizmin inkişafını da təmin edir. Yeri gəlmişkən, Babək ərazisindən keçən respublika əhəmiyyətli yollar 166,5 km, yerli əhəmiyyətli yollar isə 267,5 km təşkil edir ki, bu yollar da müasir şəkildə yenidən qurulmuşdur. Ölkə başçısının imzaladığı sərəncamlara uyğun olaraq   Hacıvar -Sirab – Vayxır avtomobil yolu, Şəkərabad-Babək qəsəbə – Nehrəm – Arazkənd dairəvi avtomobil yolları yenidən qurulub. Rayonun Yarımca-Qahab-Nəcəfəlidizə-Naxışnərgiz, Şıxmahmud  və Xəlilli kəndlərini Naxçıvan şəhərinin Xətai məhəlləsinə birləşdirən yol, eləcə də son  günlərdə Aşağı və Yuxarı Buzqov kəndlərində yollar da yenidən qurulub, nəqliyyatın və əhalinin rahat və təhlükəsiz hərəkəti təmin edilib.

Əhalinin sağlamlığının keşiyində duran  və müasir standartlara cavab verən rayon mərkəzi xəstəxanası, kənd sahə xəstəxanaları,  həkim ambulatoriyaları  və digər sağlamlıq mərkəzlərində tibbin ən son nailiyyətləri tətbiq olunur. Rayonda fəaliyyət göstərən  mədəniyyət evləri, muzeylər, kitabxanalar, musiqi məktəbləri və  teatrlar da mədəni həyatı xeyli canlandırıb.

Bu gün Babək rayonuna yolu düşən hər kəs əldə olunmuş nailiyyətlər qarşısında öz heyranlığını gizlədə bilmir. 40 il ərzində əldə olunan nailiyyətlər bu rayonun təşkil olunması ilə bağlı göstərilən təşəbbüsün, verilən qərarın müdrikliyini bir daha təsdiq edir. Abadlaşan yaşayış məntəqələri, yüksək rifah və davamlı qayğı sakinlərin böyük minnətdarlığı ilə qarşılanır.

Şəninə neçə-neçə şeirlər, nəğmələr qoşulan, bugünkü inkişaf salnaməsi ilə adını tarixə yazdıran Babək rayonu indi bir-birindən gözəl şeir və mahnıların da qəhrəmanıdır:

Sən ulu öndərimin istəyindən yarandın

Sən ulu öndərimin dəstəyindən yarandın

Sən ulu öndərimin əməyindən yarandın

Hər daşın, hər torpağın qızıla dönsün gərək,

Mənim doğma Babəkim 40 illiyin mübarək!!!

 Ramal  Məmişov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: