Naxçıvanda “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabın təqdimatı olub

391

Naxçıvan Şəhər İcra Hakimiyyətinin iclas zalında “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabın təqdimatı olub.
NUHÇIXAN xəbər verir ki, tədbiri Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev açaraq Azərbaycan, rus və ingilis dillərində nəşr edilən kitabda Prezident İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirlərinin toplanıldığını vurğulayıb.
Bildirib ki, bu qiymətli nəşrdə dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkəmizin multikulturalizmin, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi layihələrdən həm ölkə daxilində, həm də beynəlxalq miqyasda bu sahədə əldə edilən nailiyyətlərdən danışılır.
Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla qeyd edib ki, ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən biri də ölkəmizdə multikulturalizmin inkişafına böyük qayğı göstərməsi idi. Bu siyasəti bu gün Prezident İlham Əliyev əzmlə davam etdirir və multikulturalizmi dövlət siyasəti səviyyəsinə çatdırıb. Dövlət başçısının rəhbərliyi ilə aparılan multikulturalizm siyasəti ölkə daxilində inteqrasiya proseslərini sürətləndirir. Beynəlxalq müstəvidə isə bu siyasət mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına güclü təsir göstərir. Çünki Azərbaycanda multikulturalizmin çox ciddi tarixi, coğrafi, ideoloji, siyasi əsasları vardır.
“Ölkə başçısının söylədiyi kimi, multikulturalizm dövlət siyasətidir. Dövlətimizin başçısının nəşrdə toplanmış hər bir fikrində bunu görür, ölkəmizə, xalqımıza, dünyadakı bütün sülhsevər insanlara məhəbbət və sevgi hiss edilir. Azərbaycan Prezidentinin multikulturalizm barədə fikirləri, göstərişləri onun 2016-cı ildə elan etdiyi “Multikulturalizm İli” başa çatdıqdan sonra da davam edir. Biz hər gün bunun şahidi oluruq”, – deyən Kamal Abdulla diqqətinə çatdırıb ki, bu kitabın davamı olacaq və dövlətimizin başçısının Azərbaycanın multikulturalizm modeli, dünyada multikultural əhval-ruhiyyənin bərqərar olması üçün görüləcək işlər barədə dedikləri nəşrin növbəti cildlərində dərc ediləcək. Kitabın digər dillərə tərcüməsi də nəzərdə tutulur.
Kamal Abdulla Naxçıvanda da multikultural dəyərlərə hörmət və ehtiramla yanaşıldığını vurğulayıb və bu tədbirin yüksək səviyyədə təşkili üçün muxtar respublika rəhbərinə dərin minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən akademik Muxtar İmanlı diqqətə çatdırıb ki, Azərbaycanda həyata keçirilən siyasətin mühüm bir istiqaməti kimi təqdim olunan kitabda multikulturalizmin bir sıra nəzəri məsələləri, Azərbaycan multikulturalizm modelinin xüsusiyyətləri öz əksini tapıb.
Muxtar İmanlı Azərbaycan Prezidentinin multikulturalizmlə bağlı fikirlərinin toplu halında, üç dildə dərc edilməsinin çox önəmli olduğunu vurğulayaraq bildirib ki, Azərbaycan multikulturalizmi bu gün dünyada yüksək qiymətləndirilir və nümunə kimi göstərilir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, multikulturalizmin alternativi yoxdur. Bu, müharibə və münaqişələrlə üzləşən dünyanı xilas edəcək yeganə yanaşmadır.
Bu gün beynəlxalq aləmdə müharibələrin, münaqişələrin, qanlı toqquşmaların və digər problemlərin yaşandığı bir zamanda Azərbaycanın sanki dünyada bir oazis olduğunu qeyd edən Muxtar İmanlı deyib ki, ölkədə əmin-amanlıq, sabitlik, yüksək multikultural mühit hökm sürür. Bu isə Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir.
Vurğulanıb ki, bütün dünyada Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsindəki təcrübəsinə artan maraq bəzi xarici siyasətçilərin dedikləri kimi, onun neftlə, təbii qazla bərabər, tolerantlığı da ixrac edən dövlət imicini qazanmasına səbəb olub. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabın Naxçıvan Dövlət Universitetində də təqdimat mərasimi keçirilib, multikulturalizmlə bağlı yeni nəşr ali təhsil ocağının kitabxanasına hədiyyə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: