Dünya İqtisadi Forumu 2018-ci il üzrə “Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”nı (“The Global Competiviness Report 2018”) dərc edib. Bu hesabat yeni metodologiya (yeni nəsil “4.0”) əsasında hazırlanıb. Belə ki, yeni hesabatda əvvəlki hesabatın 114 göstəricisindən 84-ü çıxarılıb və 68 yeni göstərici əlavə edilib. Ümumilikdə, sözügedən hesabatda 98 göstərici üzrə qiymətləndirmə aparılıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, yeni hesabata əsasən, “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi”ndə Azərbaycan dünyanın 140 ölkəsi arasında 69-cu yerdədir. Bu indeks üzrə ABŞ 1-ci yeri, Sinqapur 2-ci yeri, Almaniya isə 3-cü yeri tutub. İsveçrə, Yaponiya, Hollandiya, Honkonq, Böyük Britaniya, İsveç və Danimarka kimi ölkələr isə ilk onluqda qərarlaşıb.
Azərbaycan sözügedən hesabatın “Əlverişli mühit” (Enabling Environment) bölməsinin “İnstitutlar” (İnstitutions) göstəricisi üzrə 58-ci, İnfrastruktur (İnfrastructure) göstəricisi üzrə 46-cı, İKT-nin istifadə səviyyəsi (ICT adoption) göstəricisi üzrə 69-cu yerdədir.
Bundan başqa, ölkəmiz İKT-dən istifadə səviyyəsi (ICT adoption) göstəricisinin hər 100 nəfərə düşən mobil abunəçiləri alt göstəricisi üzrə 97-ci yeri, hər 100 nəfərə düşən mobil genişzolaqlı abunəçiləri göstəricisi üzrə 88-ci yeri, hər 100 nəfərə düşən sabit genişzolaqlı internet abunəçiləri göstəricisi üzrə 53-cü yeri, hər 100 nəfərə düşən fiber-optik internet istifadəçiləri göstəricisi üzrə 55-ci yeri, İnternet istifadəçiləri göstəriciləri üzrə 36-cı yeri tutub. “İnternet istifadəçiləri” göstəricisinə görə ölkəmiz digər MDB ölkələri ilə müqayisədə liderdir.
Azərbaycan hesabatın “İnnovativ Ekosistem” (İnnovation Ecosystem) bölməsinin “Biznesin dinamikliyi” göstəricisi üzrə dünyanın 140 ölkəsi arasında 31-ci yerdə (biznesə başlamaq üçün tələb olunan günlərin sayı alt-göstəricisi üzrə 17-ci, sahibkarlıq riskləri alt-göstəricisi üzrə 21-ci və ideyaların şirkətə təsiri alt-göstəricisi üzrə 25-ci yerdə), “İnnovasiya potensialı” göstəricisi üzrə isə 71-ci yerdə qərarlaşıb.
“İnfrastruktur” göstəricisinin “Hava nəqliyyatında xidmətlərinin effektivliyi” (Efficiency of air transport services) alt-göstəricisi üzrə ölkəmiz 12-ci, “Qatar xidmətlərinin keyfiyyəti” (Efficiency of train services) üzrə 17-ci, “Dəmir yollarının sıxlığı” alt-göstəricisi üzrə 32-ci, “Yolların keyfiyyəti” (Quality of roads) üzrə 34-cü yeri tutub.
Qeyd edək ki, Azərbaycan “İnfrastruktur” və “Biznesin dinamikliyi” alt-göstəricilərinə görə digər MDB ölkələri ilə müqayisədə irəli mövqelərdə qərarlaşıb.