Muxtar respublikada sosial sığortaolunanların sayı 172 min nəfərdən artıqdır

323

Naxçıvan   Muxtar  Respublikası Dövlət  Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Muxtar respublikamızda 2018-ci ilin ötən dövrü ərzində Fond tərəfindən 1597 nəfər yeni əmək fəaliyyətinə başlayan sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilib. Bunlardan 584 sığortaolunan dövlət müəssisə və təşkilatlarında çalışanlar, 662 sığortaolunan özəl müssisədə çalışan sığortaolunanlar, 343 sığortaolunan  fiziki şəxslər, 8 sığortaolunan isə torpaq mülkiyyətçisidir. Nəticədə, 2018-ci il oktyabr ayında Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu orqanlarında fərdi uçot sistemində qeydiyyata alınaraq sosial sığorta şəhadətnaməsi ilə təmin edilən sığortaolunanların sayı 172 min 309 nəfərə çatıb.

Eyni zamanda sığortaedənlər Naxçıvan Muxtar Respublikasının Elektron Hökumət Portalına (e-hokumet.nmr.az) və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun  (www.dsmf.nakhchivan.az)  internet səhifəsinə daxil olmaqla “Sığortaolunanın onlayn uçota alınması” elektron xidməti vasitəsilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirə bilərlər. Həmçinin Fondun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özünün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək üçün “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidmətdən istifadə etməklə, hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları, həmçinin illər üzrə öz pensiya kapitalını izləyə bilər.

Qeyd edək ki, Muxtar respublikada sığorta-pensiya sisteminin aparıcı tərkib hissəsi olan fərdi uçot sisteminin əhatə dairəsi görülən tədbirlər nəticəsində daha da genişlənib. Bu sistemin formalaşdırılmasında əsas məqsəd ödənilən məcburi dövlət sosial sığorta haqları ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqənin yaradılmasından ibarətdir. Sistemin əsas məqsədlərindən biri də sığortaolunanların gələcəkdə alacaqları pensiyaların hansı məbləğdə olacağını qabaqcadan müəyyənləşdirmələrinə şərait yaratmaqdır. Vətəndaşlar fərdi uçot sistemində qeydiyyata alınaraq, onlara uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılır və bunu təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilir. Beləliklə, artıq istənilən sığortaolunan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılmış fərdi şəxsi hesabında illər üzrə əks olunan pensiya kapitalına nəzarət etmək imkanı əldə edir. Bu sistem şəffaflığın daha da artırılmasına gətirib çıxartmaqla yanaşı, həm işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə, həm də sığortaolunanların gələcəkdə pensiya hüququ yarandıqda vaxt itirmədən avtomatlaşdırılmış pensiya təyinatı xidmətinin üstünlüklərindən maksimum yararlanmağa imkan verir. Başqa sözlə, hər bir işləyən özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək və gələcəkdə etibarlı pensiya təminatı əldə etmək imkanına malik olacaqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: