Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu ilin ötən 9 ayında vergiödəyiciləri tərəfindən hesablanmış vergilər vaxtında və tam ödənilib, nəticədə, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi tərəfindən heç bir vergi borcu qeydə alınmayıb.
Bütün bunlar son illər muxtar respublikada vergi qanunvericiliyinə könüllü əməletmə və digər sahələrdə aparılan ardıcıl tədbirlərin və maarifləndirmə işlərinin əhatə dairəsinin genişləndirilməsinin nəticəsidir. Mütəmadi olaraq vergiödəyiciləri ilə görüşlərdə vergi qanunvericiliyinə könüllü əməletmənin üstünlükləri barədə söhbətlərin aparılması artıq öz bəhrəsini verir.
Qeyd edək ki, gəlirin, mənfəətin, torpağın, əmlakın, təqdim edilmiş malların, ticarət əlavəsinin və xərclərin uçotunun hüquqi və fiziki şəxslər tərəfindən müstəqil aparılması, vergilərin sərbəst hesablanması və vaxtında büdcəyə ödənilməsi, bəyannamələrin təqdim edilməsi vergi qanunvericiliyinə könüllü əməletmə kimi mühüm əhəmiyyət kəsb edir. Bu, həm də yüksək vergi mədəniyyətinin formalaşmasından xəbər verir.