Arxeoloqlar: mavi gözlü emiqrantlar İsrailə 6500 il əvvəl köçüblər

200

Arxeologiya və genetika üzrə alimlər müəyyən ediblər ki, 6500 il əvvəl müasir İran və Türkiyənin ərazisindən İsrailin şimalına güclü insan köçü olub. Yerli sakinlərlə qaynayıb-qarışan bu insanların köçü qarışıq mədəniyyətin yaranmasına gətirib çıxarıb.

NUHÇIXAN “Nature Communication” saytına istinadla xəbər verir ki, bu emiqrantların gəlişi sözügedən bölgədə yeni mədəniyyətlə yanaşı, mavi gözlü insanların artdığı yeni mutasiya prosesi ilə müşayiət olunub. İsraildəki Peqiin mağarasından tapılan 600-dən çox skeletin DNT analizindən sonra arxeoloqlar bu cür qənaətə gəliblər. Belə ki, analizlərin nəticələri mağarada yaşayan insanların genlərinin 50 faizinin yerli əhaliyə, digər yarısının isə qonşu Anadolu və Zaqros dağlarından gəlmiş köçkünlərə məxsus olduğunu göstərib.

Qədim İsrail tarixini öyrənən Kinneret Kollecinin Qalilee (qədim İsrail) Arxeologiya İnstitutunun arxeoloqu Dina Şalemin sözlərinə görə, tapılan skeletlərdə genlərin bəziləri yerli insanlara, digərləri isə qonşu bölgələrin adamlarına məxsusdur. Harvard Universitetinin Təkamül Biologiyası Departamentinin professoru Edoin Herninin apardığı laboratoriya analizləri də arxeoloqların aşkar etdikləri insan qalıqları və artifaktların bir çoxunun Anadolu və İran mənşəli olduğunu təsdiqləyib. Alim bildirib ki, şimal bölgəsindən gələn insanların Levant (indiki İsrailin şimalı və Livan) ərazisində əkinçilik və maldarlıqla məşğul olan yerlilərlə qarışması nəticəsində dünyaya açıq rəngli dərisi olan və mavi gözlü insanlar gəlib.

ABŞ-ın İllinoys şəhərindəki Heton Kollecinin professoru Daniel Masterin sözlərinə görə, texnoloji nailiyyətlər sayəsində son illərin arxeoloji tapıntıları üzərində genetik araşdırmalar aparılır və bu tədqiqatlar göstərir ki, qədim dünyada əhalinin dinamik yerdəyişmələri olub. “Mis dövrünün ən çox tədqiq olunan sahələrindən biri qədim İsrail sakinlərinin Qolan yüksəklikləri və İordaniyadakı insanlarla eyni kökə malik olmalarıdır. Peqiin mağarasında tapılan artifaktlar göstərdi ki, onların arasında olan qohumluq əlaqələrindən savayı, şimaldan – Anadolu və Zaqros dağlarından köç edən insanların da bölgə əhalisinin genetik xəritəsində həlledici izləri mövcuddur”, – deyə professor Master əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: