Çinin “Oppo” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsini – 5G dəstəkləyən ilk smartfon istehsalçısı olmaq niyyətindədir.
NUHÇIXAN “Planet Today” resursuna istinadla xəbər verir ki, 5G şəbəkəsinin mənimsənilməsi ilə bağlı bəyanatla şirkətin vitse-prezidenti Şen Yiren çıxış edib. O bildirib ki, hazırlıq mərhələsinin uğurla başa çatması ilə əlaqədar “Oppo” brendli ilk 5G smartfonu 2019-cu ildə təqdim olunacaq. Yeni qurğunun nümayişi növbəti ilin birinci yarısına nəzərdə tutulur.
Xatırladaq ki, bir müddət əvvəl internetdə “Oppo” və “Qualcomm” şirkətləri arasında qurulan tərəfdaşlıq barədə məlumatlar yayılıb. Tərəfdaşlıq sazişinin şərtlərinə görə, “Qualcomm” beşinci nəsil rabitə şəbəkəsi üçün lazım olan prosessorların tədarükünü təmin edəcək. 5G mövcud 4G şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan 4G şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı 5G şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.